“Yəqin ki, Tənzilə xanım mənə güzəştə gedəcək”
“Deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm". Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, parlament seçkilərindən sonra bu ilin sonuna kimi VHP-nin qurultayı keçiriləcək. S. Rüstəmxanlı bu qurultayda partiya sədrliyindən getmək niyyətini açıqlayıb: “Mənim çoxdankı niyyətimdir ki, partiyanı başqa adamlara tapşırım. 20 ildən artıqdır, partiyanı yaratmışam, bu qədər yol keçmişik, ancaq təbii bir prosesdir ki, insan yaşa dolur və onun yerinə gənclər gəlməlidir. Düşünürəm ki, partiya üzvləri üçün bəlkə mənim baxışlarım köhnəlir? Bu baxımdan istəyirəm ki, cavanlara sərbəstlik verim. Əgər qurultay razılıq versə, mən partiya sədrliyindən getməyi düşünürəm. Sıravi partiya üzvü kimi qalacağam. Mənim partiya sədrliyindən getməyimi istəmirlər, amma yəqin ki, seçim etməyin zamanı gəlib çatacaq”.
S. Rüstəmxanlı parlament seçkilərində namizəd olacağını da açıqlayıb: “Mən deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm. Azərbaycanda belə bir ənənə yaranıb ki, guya ər-arvad, yəni, bir evdən iki nəfər Milli Məclisə seçilə bilməz. Buna görə də, yəqin ki, Tənzilə Rüstəmxanlı həmişə olduğu kimi sonuncu qərarında da mənə güzəştə gedəcək. Keçən dəfə də buna bənzər bir şey olmuşdu, sonda Tənzilə xanım mənə güzəştə getdi. Düşünürəm ki, bu dəfə də eyni vəziyyətdir”.
Xatırladaq ki, S. Rüstəmxanlının həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı APA-ya deputatlığa namizəd olacağını açıqlayaraq, bu məsələdə S. Rüstəmxanlı ilə razılaşdığını bildirib.
1085 dəfə oxundu