Cəmil Həsənli və Əli Kərimli gülünc durumda
Müxalifətin Milli Şura adlı qrupu Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə qəbul etdiyi gün noyabrın 1-də keçiriləcək parlament seçkilərini “boykot” etdiyi açıqladı. Onsuzda seçkilərdə uğur qazanmaq şansını 2013-cü ildə itirən Milli Şuranın bu addımı gözlənilən idi.
Məqsəd Avropanın ölkəmizə qarşı təzyiqlər etdiyi məqamda seçkini boykot edib Qərbin diqqətini cəlb etmək, Avropa Parlamentinin qərəz dolu qətnaməsinin “real” olduğunu göstərmək idi. Ancaq, müşahidələr göstərir ki, qurumun seçkidə iştirak etməmə qərarı formal xarakter daşıyır. Çünki, Milli Şuranın bir çox üzvləri seçkidə iştirak edəcəklərini açıqlayıb, təbliğat kampaniyasına başlayıblar. Burada haqlı olaraq sual yaranır ki, nədən quruma üzv şəxslər təmsil olunduqları təşkilatın qərarına ziddinə hərəkət edir?
O zaman belə çıxır ki, üzvləri Milli Şuranın qərarını saymır, kim nə istəyir, onu də edir...
Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli seçkidə iştirakı ilə bağlı AzVision.az-a deyib ki, deputatlığa namizədliyini Milli Şuranın məlum qərarından öncə verib: “Milli Şuranın seçkidə iştirak etməmə qərarına hörmətlə yanaşıram. Ancaq, bu, onların öz işidir. Mən partiyamın qəbul etdiyi qərara uyğun olaraq parlamnet seşkilərində iştirak edirəm”.
S. Əsədlinin açıqlamasından da göründüyü kimi Milli Şura adlı qurumun qərarı da özü kimi formal və əhəmiyyətsizdir. Çünki, MŞ üzvləri faktiki olaraq qurumun qərarlarını saya salmır və şəxsi maraqları naminə hərəkət edirlər. Bu belə olmasaydı, hər bir üzv həmfikirlərinin qərarını dəstəkləyər və ona uyğun addım atardı. Məsələ ilə bağlı Milli Şuranın Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyevin açıqlaması Cəmil Həsənli və Əli Kərimlinin komandasının gülün durumda olduğunun ifşasıdır.
MŞ sözçüsünün çıxışına diqqətin edin: “Biz üzvlərimizin seçiminə hörmətlə yanaşırıq. Bu, onların hüququdur. Hələlik bu məsələ ilə bağlı müzakirələr aparılmayıb. Amma, zərurət yaranarsa, məsələ Milli Şurada müzakirə oluna bilər”. O.Gülalıyev çıxışı ilə təsdiq edir ki, Milli Şuranın seçki qərarı ciddi qəbul olunmur, formal xarakter daşıyır. “Bəzi şəxslərin seçkilərdə iştirakı Milli Şura və onun qərarının əleyhinə getmək deyilmi?” sualına isə O. Gülalıyev belə cavab verib: “Biz üzvlərimizin seçimini Milli Şuranın və onun qərarının əleyhinə getmək kimi dəyərləndirmirik. Çünki, seçki elə bir məsələdir ki, qurumların qərarları ilə yanaşı şəxslərin subyektiv seçimləri də ola bilər. Bu baxımdan üzvlərimizin seçiminə hörmətlə yanaşırıq”.
Açıqlamalardan da görünür ki, Milli Şuranın seçkidə iştirak etməməklə bağlı qərarı faktiki formal xarakter daşıyır. Qurum seçkiyə qatılmadığını bəyan etsə də üzvlər buna əhəmiyyət verməyərək seçki prosesində özlərini sınamağı düşünürlər. Hər zaman radikal addımları ilə seçilən qurumun üzvlərinin qərarına özlərinin dediyi kimi normal yanaşması xeyli mətləblərdən xəbər verir. Bir sözlər, yuxarıda da qeyd etdiyimiz faktlar pafoslu çıxışları ilə parlament seçkilərini boykot edən Əli Kərimli və Cəmil Həsənlinin gülünc durumda olduğundan xəbər verir.
1139 dəfə oxundu