"Deputatlığa namizəd bal arılarının aktivliyindən razıdır"
“Seçkilərlə bağlı bütün düşüncələrimi desəm, gərək 3-4 gün danışam. Əsas odur ki, namizədliyimi 18 saylı Nərimanov-Nizami dairəsindən vermişəm”
Bunu Modern.az saytına açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Ə.Orucun sözlərinə görə bu dəfə seçkilər demokratik keçsə, o da deputat olacaq. “Seçkilərdə fəal iştirak edəcəyimizi düşünürük. Ümid edirik ki, bu seçkilər əvvəlki seçkilərlə müqayisədə daha demokratik keçiriləcək. Daha ötən seçkilərdə olduğu kimi, tutaq ki, bir səs toplamayan Rasim Musabəyov kimi şəxslər parlamentdə olmayacaq. Ötən seçkilərdə rəqibim Rasim Musabəyov idi. Builki seçkilərdə isə iştirak etməsi ilə bağlı hələ namizədliyini verməyib. Gözləyir ki, hökumət nə deyəcək. Desələr ki, get Daşkəsənə, gedəcək. Yox desələr ki, get Amerikadan namizədliyini ver, Rasim Musabəyov ora da gedəcək”.
Əhməd Oruc oğlanlarının siyasətə gəlmələrindən də danışıb. “Böyük oğlumun 26 yaşı olsa da, siyasi proseslərdən bir qədər uzaqdır. Kiçik oğlum isə hələ seçkilərdə iştirak etmək üçün yaş baryerini aşmayıb”. Deputatlığa namizədliyini verən Əhməd Oruc arılarından da danışıb.
“Seçkilərə hazırlıq getdiyi kimi arıçılıq təsərrüfatımda da aktivlik müşahidə olunur. Ötən qışda arılarımın çoxu yaza salamat çıxa bildi. Həmçinin, bu il arılar üçün hər yerdə məhsuldar il oldu. Arılar yaxşı məhsul verdilər. Bizdə də pis olmadı. Bu il ilk məhsul olmasına baxmayaraq, 15-16 kq bal götürdüm. Bir sözlə, çəkdiyim zəhmət hədər getmədi. Onu da deyim ki, yazdan bəri balın hamısını nuş etmişik”.
1228 dəfə oxundu