“Hazırda dünyada 100 milyondan çox insanın humanitar yardıma ehtiyacı var” BMT-nin baş katibi

“Hazırda dünyada 100 milyondan çox insanın humanitar yardıma ehtiyacı var”


“Siyasi iradə və resursları səfərbər edərək biz gələcəyi yenidən qura və böhranların qarşısını ala bilərik”.

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Baş Assambleyanın yubiley sessiyasına həsr olunmuş mətbuat konfransında bəyan edib. O, qlobal istiləşmənin nəticələri, müasir münaqişələrin aradan qaldırılması, sayı 60 mini ötən məcburi köçkünlərin müdafiəsinin təmin edilməsi məsələləri ilə bağlı narahatlığını ifadə edib: “Bu il Baş Assambleyanın sessiyası ciddi iğtişaşlar, lakin yeni ümidlər dövründə işinə başlayır”.

Baş katib qeyd edib ki, bu iğtişaşlar münaqişələrin sayını artması ilə birbaşa bağlıdır və qurbanlar da əsasən mülki vətəndaşlardan ibarətdir. Pan Gi Mun çoxlu sayda dövlət və hökumət başçılarının sessiyaya qatılacağı və dünyada baş verənlərlə bağlı davamlı inkişaf sahəsində yeni istiqamətlər müəyyənləşdiriləcəyi üçün sessiyadan gözləntilərin çox olduğunu deyib. Onun sözlərinə görə, BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində keçiriləcək yüksək səviyyəli tədbirlər onun 25 sentyabra planlaşdırılan Roma papası ilə görüşündən sonra başlayacaq.

Baş katib Vatikanın qlobal istiləşmə ilə bağlı vacib rolunu qeyd edib və dekabrda Parisdə keçiriləcək iqlim dəyişikliyi ilə bağlı konfrans barədə məlumat verib. Enerji mənbələrinin inkişafı ilə bağlı yeni təşəbbüsləri dəstəklədiyini bildirən P. G. Mun Suriya, Yəmən, Liviya, Cənubi Sudanda olan həll edilməmiş münaqişələrə də toxunub. O qeyd edib ki, hazırda dünyada 100 milyondan çox insanın humanitar yardıma ehtiyacı var: “Sərt münaqişələr, dövlət idarəçiliklərində çatışmazlıqlar, iqtisadi məhdudiyyətlər və digər faktorlar II Dünya müharibəsindən bəri görmədiyimiz şəkildə əhalinin məcburi yerdəyişməsinə səbəb olub. 60 milyondan çox insan öz evlərini tərk edib”.

BMT rəhbəri Türkiyə, İordaniya, Almaniya, İsveç, Avstriya hökumətlərinə Suriya qaçqınlarına sığınacaq verdikləri üçün təşəkkür edib.

Baş katib BMT-nin sülhyaratma missiyasının gücləndiriləcəyini də bildirib. 70-ci sessiya çərçivəsində ABŞ, Rusiya və Ukrayna prezidentləri ilə ikitərəfli görüşlər keçiriləcəyini vurğulayan Pan Gi Mun, ümumilikdə dövlət və hökumət başçıları ilə 100 ikitərəfli görüşün nəzərdə tutulduğunu söyləyib: “Bu, dünya liderləri üçün mövcud problemləri müzakirə etmək və müəyyən qərarlara gəlməklə bağlı ən uyğun zaman və platformadır”.

Rusiyanın Suriya hökumətinə hərbi yardımı ilə bağlı suala cavabında isə P. G. Mun münaqişənin hərbi yolla tənzimlənməsinin gələcəyini olmadığını deyib: “Suriyaya silah göndərilməsi məni narahat edir. Bu, yalnız vəziyyətin kəskinləşməsinə gətirib çıxara bilər. Mən yenə də bütün tərəfləri, əsasən də BMT TŞ-nın üzvlərini, həmrəylik nümayiş etdirməyə çağırıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...