Azərbaycan diplomatlarının rütbələrindən məhrum edilməsi təklif olunur
Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Diplomatik xidmət haqqında" qanunun 11.2 maddəsinə əlavə təklif edilir.
Azərbaycan prezidenti tərəfindən təqdim olunan təklifdə bildirilir ki, "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə" diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər.
Maddənin hazırkı variantı belədir: "Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər".
"Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə" hissəsi 11.2 maddəsinin əvvəlinə əlavə edilir.
Əlavədən sonra 11.2 maddəsi belədir: "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər".
Layihə sentyabrın 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
1059 dəfə oxundu