"Bura “ölüm” dairəsi sayılır" - deputatlığa namizəd

"Bura “ölüm” dairəsi sayılır" -


“15 saylı Yasamal birinci seçki dairəsində sözün həqiqi mənasında müharibə olacaq”.

Bunu AzNews.az-a açıqlamasında “Azadlıq-2015" seçki blokunun həmtəsisçisi olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, sözügedən dairədən bir neçə müxalifət partiyalarının namizədləri olsa da, əsas “döyüş” Müsavat Partiyasının lideri İsa Qəmbərlə VİP sədri arasında yaşanacaq: “Mən İsa bəylə 2010-cu ildə həmin dairədə rəqib olmuşam. Bu il həmin dairədə namizədlərin sayı çoxdur. Amma buna baxmayaraq, mübarizə əsas iki şəxs arasında gedəcək. Mənim o dairədə siyasətçi kimi ciddi rəqib hesab etdiyim şəxs İsa Qəmbərdir. Digərlərini rəqib saymırıq. Çünki onlar siyası namizəd deyillər, ictimai-siyasi fəaliyyətləri yoxdur. 15 saylı dairədə mənim dəstəyim kifayət qədərdir. 2010-cu illə müqayisədə İsa Qəmbəri udmaq mənə o qədər də çətin olmayacaq”.

Ə.Əliyevin sözlərinə görə, Etibar Hüseynov da sözügedən dairədən namizədliyini irəli sürəcək: “Mənə məlumat verdilər ki, bu dairənin deputatı Etibar Hüseynov da namizədliyini təkrar irəli sürəcək. Bura “ölüm” dairəsi sayılır. Mən həmin dairə üzrə hazırlanan ssenarini pozmağa iddialıyam”. VİP sədri hesab edir ki, parlament biznesmenlərin deyil, siyasətçilərin yeridir: “Ülvi Quliyev getsin bizneslə məşğul olsun, onun yeri siyasət deyil. O, 5 il ərzində bir dəfə də olsun parlamentdə çıxış etməyib. Mən bunun şahidi olmuşam. Belə adamların parlamentdə olması Azərbaycan dövlətçiliyinə həqarətdir”.

Xatırladaq ki, parlament seçkilərində 15 saylı Yasamal birinci seçki dairəsindən Müsavat Partiyasının lideri İsa Qəmbər, YAP-dan Bayram Aslanov, AMİP-dən Elşən Mustafayev və deputat Ülvü Quliyev deputatlığa namizədliyini irəli sürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...