Putin Əsədə kömək etməsindən danışdı
“Hazırda Suriya ərazisində postsovet respublikalarından olan 2 mindən çox döyüşçü var. Onların geri qayıdacağı təhlükəsi var”. APA-nın məlumatına görə, bunu Nyu-Yorkda səfərdə olan Rusiya prezidenti Vladimir Putin yerli CBS telekanalına müsahibəsində deyib. “Belə olan halda həmin şəxslərin geri qayıtmalarını niyə gözləməliyik? Ondansa onlara qarşı mübarizə aparmaq üçün Əsədə kömək edək. Bu, Əsədə kömək etməyimiz üçün təkan verən əsas motivdir”, - deyə Rusiya prezidenti qeyd edib.
V. Putin həmçinin bildirib ki, Rusiya nə Suriya, nə də digər ölkələrdə hər hansı hərbi əməliyyatda iştirak etməyəcək: “Ən azı hazırda belə bir planımız yoxdur. Bəşər Əsəd legitim prezidentdir. Onu Suriya xalqı seçib və yalnız suriyalılar onunla bağlı qərar verə bilər. Xarici qüvvələrin müdaxiləsi isə qəbuledilməzdir. Necə ki, bu, artıq İraq və Liviyada baş verib. Legitim dövlət başçılarının Qərbin əli ilə devrilməsi dövlətin parçalanmasına və regionda böyük xaosa gətirib çıxarır”. Rusiya prezidenti Sovet İttifaqının dağılmasını XX əsrin böyük faciəsi hesab etdiyini bir daha vurğulayıb. Onun sözlərinə görə, bu hadisə nəticəsində 25 milyon rus Rusiya sərhədlərindən kənarda qalıb: “Bu hadisə rusları bu gün dünyada ən çox parçalanmış millətə çevirib”.
1052 dəfə oxundu