“YAP-çılar öz Ayselinə səs verəcək...” - Siyavuş Novruzov
GUNDEMİNFO.AZ YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “Qafqazinfo”ya müsahibəsini təqdim edir:
- Seçki siyahısı açıqlanandan sonra, partiyanın iradəsindən kənar namizədliyini irəli sürən üzvlər barəsində tədbir görüləcəyini vurğulamışdınız. Salyanın keçmiş icra başçısı, partiyanın üzvü Yusif Ələkbərov 59 saylı dairədən namizədliyini irəli sürüb. Bu baxımdan Y. Ələkbərov partiya üzvlüyündən çıxarılacaqmı?
- Bu tək fərd ilə bağlı deyil, ümumilikdə biz qərar vermişik ki, partiyadan kənar kim namizədliyini irəli sürəcəksə, onlar barəsində partiyanın qərarı olacaq. Aydındır ki, bu onların konstitusion hüququdur. Amma bir üzv partiyada təmsil olunursa, şəxsi maraqlarını ümumpartiya maraqlarından üstün tutursa, təbii ki, o eyni partiyada addımlaya bilməz. Bizim 117 dairədən irəli sürdüyümüz namizədlərin artıq 115-i qeydiyyatdan keçib. Ayın 2-nə qədər biz bunları təhlil edirik, kim ki kənar addım atıbsa, onla bağlı rayon təşkilatlarının qərarı olacaq.
- Belə müşahidə olunur ki, partiyanın bu qırmızı xətti nəinki YAP üzvlərinə, YAP-ın dəstəklədiyi bitərəf namizədlərə də şamil olunub. Məsələn, Milli Məclisdə təmsil olunan dörd bitərəf deputat var ki, onlar namizədliyini hələ də irəli sürməyiblər. Belə anlaşılır ki, Elton Məmmədov, Ceyhun Osmanlı, Arif Alışanov, Aydın Abbasov artıq partiya tərəfindən dəstəklənmir...
- Biz bitərəflərin işinə qarışmırıq. Onlar namizədliklərini irəli sürüb-sürməməyi özləri götür-qoy ediblər. Seçkilər başlamamışdan əvvəl də namizədlərimiz, mövcud dairələr barədə təhlillər aparmışıq. Bütün hərtərəfli təhlillər aparıldıqdan sonra mövcud namizədlərimizdən 13-nün namizədliyini yenidən irəli sürmədik. Bəziləri səhhətinə, bəzilərinin işinə görə namizədliyi irəli sürülmədi. Onlar indi də partiyanın yanındadırlar.
- Məsələ odur ki, adlarını çəkdiyim deputatlar həmişə iqtidarın yanında olub, onun yürütdüyü siyasəti dəstəkləyiblər. İndi nə baş verdi ki, onlar dəstəkdən kənar qaldı?
- Parlamentdə millət vəkili üçün 125 yer var. Yenə də deyirəm ki, hər biri layiqli insanlardır. Sadaladığınız deputatlar da dövlətimizin siyasətini dəstəkləyən, öz mövqeləri olan deputatlardır. Biz onların adından danışa bilmirik.
- Elton Məmmədovun namizədliyini yenidən irəli sürməməsini onunla əlaqələndirirlər ki, son günlər nazir Ziya Məmmədovla hökumət arasında münasibətlər yaxşı deyil. Elə bir neçə qurumlar da Məmmədovların əlindən alınıb. Onun hətta vəzifəsindən azad olunacağı ehtimalı olduğuna görə, məhz qardaşının da namizədliyi hakim partiya tərəfindən dəstəklənməyib...
- Bunlar mətbuatın fikirləridir, mən belə düşünmürəm. Bu baxımdan da bitərəflər hansı dairədən namizəd olacaqlarına özləri qərar verirlər. Yəqin, indi tədqiqat aparırlar. Biz məsələn üç partiya sədrinin, beş bitərəf deputatın dairəsindən namizəd irəli sürməmişik. Biz bu bitərəfləri ona görə müdafiə edirik ki, onlar respublikada tanınmış, hörmətli insanlardır. Məsələn, Fəttah Heydərov Ağsaqqallar Şurasının sədridir, hörmətli insandır, parlament üzrə çox böyük təcrübəyə malikdir. Səttar Mehbalıyev də böyük bir Həmkarlar Təşkilatına rəhbərlik edir. O cümlədən Zeynəb Xanlarova respublikamızı hər yerdə təmsil edir. Zahid Oruc da gənc bir siyasətçi kimi formalaşıb. Partiya bunlara alternativ namizəd verməməklə onları dəstəkləyib. Ümumilikdə isə, YAP-ın gücü o qədərdir ki, hansı dairədən namizəd irəli sürsə, onun kifayət qədər elektoratı olacaq.
- Qeyd edirsiniz ki, adlarını çəkdiyiniz bitərəf deputatlara alternativ verməməklə onlara dəstək olmusunuz. Buradan çıxan nəticə odur ki, mənim yuxarıda sadaladığım dörd deputata isə alternativ güclü namizədlər verməklə onları dəstəkdən kənarda qoymusunuz...
- Milli Məclisdə 40-a yaxın bitərəf deputat təmsil olunur. Biz hər dairədən mübarizə aparırıq. Elə dairələr var ki, orada bitərəflər seçicilərin etimadını daha çox qazanacaq, nəinki bizim irəli sürdüyümüz namizədlər. Məsələn, adları sadaladıqlarınızdan biri olan Arif Alışanov dövlət televiziyasının rəhbəridir, nüfuzu olan insandır. Partiya ilə münasibətləri də yaxşıdır. Biz onun dairəsindən Oqtay Əsədovun namizədliyini irəli sürmüşük.
- Məsələ orasındadır ki, Arif Alışanov da onun dairəsindən güclü alternativ namizədin olduğunu biləndən sonra yəqin ki partiya tərəfindən dəstəklənmədiyini bilərək namizədliyini verməyib...
-Bunu artıq onların özündən soruşmaq lazımdır.
- Sizin təqdim etdiyiniz siyahıda yeni adların əksəriyyəti ictimai-siyasi həyatda tanınmayan şəxslərdir. İddia olunur ki, bunu ona görə etmisiniz ki, zaman gələndə onlardan bəziləri tanınmışların xeyrinə namizədliyini geri götürəcəklər...
- Yox, belə deyil. Biz tədqiqat aparmışıq, hər dəfə seçki siyahımızda yenilik olub. Bu dəfə əsas üstünlüyü qadınlara və gənclərə vermişik. Gənclər arasında xaricdə təhsil almış, Azərbaycanı sevən kadrlar var. Bunlar da gələcəkdə ölkəmizi beynəlxalq qurumlarda təmsil edə bilərlər. Təbii ki, seçim seçicilərdən asılıdır. Seçki taktikasını elə götürməməliyik ki, kimsə akademik və ziyalıdırsa, hansısa rayondan deputat ola bilər. Elə yer var ki, orada bir hörmətli məktəb direktoru həmin akademikdən çox səs toplaya bilər. Məsələn, seçicilər deyir ki, filankəs mənim xeyrimə-şərimə yarayıb deyə, ona səs verəcəm. Ola bilər kimsə Bakıda oturub hörməti var, amma bir dəfə də olsun rayonda olmayıb. Onu respublika ictimaiyyəti tanıya bilər, amma dairə tanımır. Ola bilər ki, namizədimiz respublikada tanınmır, amma dairə üzrə çox yaxşı tanınır.
- Elə qadınlardan söz düşmüşkən sizin şans verdiyiniz namizədlərin bəzilərinin dairələrinə baxanda maraqlı vəziyyət müşahidə olunur. Məsələn, 8 saylı Binəqədi seçki dairəsindən Aysel Əlizadənin namizədliyini irəli sürmüsünüz. Bu biri tərəfdən həmin dairədən bitərəf deputat Azay Quliyev namizəd kimi qeydə alınıb. Belə olan halda, Aysel Əlizadənin Azay Quliyev qarşısında şansları nə dərəcədə real görünür?
- Biz bu cür düşünməmiliyik. Amerikada məsələn, ata Buş bir dəfə namizədliyini irəli sürdü, seçildi, ikinci dəfə isə Bill Klintona uduzdu. Ata Buş təcrübəli siyasətçi idi, Bill Klinton isə cavan bir oğlan idi. İndi biz o hesabla götürə bilmərik ki, kimsə üç dəfə seçilib, təcrübəsi çoxdur, yenə seçiləcək. Bu insanlara yönəldəcəyin mesajdan, seçicini cəlb etməkdən asılıdır. Seçici əgər namizədə inanırsa, ona səs verəcək.
- Əvvəlki seçkilərdə də partiyanın eyni ad, soyad taktikasından istifadə etdiyini görmüşük. Bu taktikadan əsasən güclü rəqiblər üçün istifadə edilib. Məsələn, yuxarda qeyd etdiyim 8 saylı dairədən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülən yazar, jurnalist Aysel Əlizadə var. Digər tərəfdən isə tanınmayan, sizin irəli sürdüyünüz Aysel Əlizadə var...
- Birincisi, seçkinin öz texnologiyası var. Biz Aysel Əlizadənin namizədliyini irəli sürəndə düşünməmişik ki, hansısa partiya da eyni adda namizəd irəli sürəcək. Hər bir partiyanın siyasi taktikası olmalıdır. Biz seçkiyə bir il qabaqcadan hazırlıq etməyə başlamışıq. Texnologiyalar da gündən-günə yeniləşir.
- Etiraf edək ki, bu kimin fikri olubsa, maraqlı alınıb. Siyahıdan sonra bir neçə gün müzakirələrə səbəb oldu.
- Bilirsiniz, əgər seçici o biri Aysel Əlizadəyə səs vermək istəyəcəksə, ona da verəcək. Məsələn, keçmişdə üç nəfər Eldar Namazov adında olan şəxslər 15 saylı Yasamal seçki dairəsindən namizədliyini vermişdi. Əgər xalq səni tanıyırsa, dairədə seçicin varsa, belə şeydən qorxmaq lazım deyil. Əksinə ola bilər ki, jurnalist Aysel Əlizadə bizim Aysel Əlizadənin səsini alacaq. Məsələn, Binəqədi rayonunda partiyanın 20 min üzvü var. Ola bilər ki, o 20 mindən neçə nəfərisə səhv salıb yazar Aysel Əlizadəyə səs verəcək. Nəyə əsasən deyirlər ki, onun səsi bizimkinə veriləcək? Amma o Aysel Əlizadə o qədər tanınan adam deyil. Təbii ki, mən onun yazılarını oxuyuram. Onu az sferada olan insanlar tanıyır. Amma partiyanın o qədər üzvü var ki gəlib öz Aysel Əlizadəsinə səs vermək istəyəcək, amma ada görə səslər o birinə yazıla bilər.
- Hazırda namizədlik üçün müraciət edənlər, xüsusilə də müxalifətçilər imzatoplama kampaniyasında çox çətinliklərlə qarşılaşdıqlarını qeyd edirlər. Partiya bunlardan xəbərdardırmı və nə kimi tədbirlər görür?
- Bunlar hamısı yalan məlumatlardır. Namizədlik üçün Seçki Məcəlləsində ən asan qaydalar bizim ölkədədir. 40 min seçicidən 450 imza toplanmalıdır. Bunlara heç bir əngəl törədilmir. Əksinə, onlar qəsdən bu şounu düzəldirlər ki, imza toplaya bilmirlər. Bunlara etimad göstərmirlər. O biri partiyaların namizəd qıtlığı var. O namizədləri seçirlər ki, onlar həvəskardırlar.
- Bildirilir ki, icra nümayəndələri imza verən şəxsləri işdən çıxarmaqla hədələyirlər, dövlətə xəyanətdə günahlandırırlar. Bunlar da qorxub imzanı geri çəkirlər...
- Hansı dairədə bu cür problemlər varsa, müraciət edirəm o şəxslərə ki həmin dairələrin adlarını desinlər. MSK-da öz nümayəndələrimiz vasitəsilə bu məsələni qaldıraq, araşdıraq. Bizdə elədir ki, bir insan on nəfərə imza verə bilər. Burada problem ancaq o imzanın toplanılmamasındadır.
- Belə bir görüntü var ki, bu ilki seçki kapaniyası quru keçəcək. Çünki iqtidara müxalif olan əsas partiyalardan biri olan Müsavat Partiyasının deputatlığa namizədləri yetərli sayda qeydə alınmır...
- Kampaniya oktyabrın 9-da başlayacaq. Bilirsiniz, çoxusu Seçki Məcəlləsini bilmir, ancaq bəyanat verməklə məşğuldur. Əgər DSK komissiyası namizədin imzalarından imtina edirsə, namizədə təkrar şans verir ki, gedib yenidən imza yığsın. Yəni bizdə seçki prosesi bu qədər demokratikdir. Əgər onunla da qane olmursa, məhkəməyə müraciət edə bilər. Baxın, adını çəkdiyiniz partiyadan təxminən 10-15 nəfər adam var ki, onlar tanınırlar. Yerdə qalanların isə qabaqlarına kim keçibsə, namizəd irəli sürüblər. Onlar da bu işə yetərincə ciddi yanaşmır. Məsələn, mitinq vaxtı bunların mitinqinə hansısa rayon təşkilatından gəlmək istəməyənlər bildirir ki, bizi Sumqayıtda polis həbs etdi. Halbuki rayonun ərazisindən çıxmayıblar. Digər tərəfdən bizim bir nəfər də olsun namizəd yerlərdə imza toplamayıb. Namizədlərimiz DSK-nın ərazisinə girməyib. 158 nəfər səlahiyyətli nümayəndlərimiz bu işi görürlər. Hər dairədən on nəfər imza toplayan şəxs müəyyən etdik. Əgər siyasi partiya namizəd irəli sürürsə, onun ətrafında səlahiyyətli nümayəndəsi olmalıdır. Əgər namizəd özü qapı-qapı düşüb imza toplayırsa, onun üçün seçki bitmişdir.
- Öz dairənizdən rəqiblərinizin şanslarını necə dəyərləndirirsiniz?
- Biri Müsavat Partiyasından, biri BAXCP-dən,biri isə bitərəf namizəddir. Qeydiyyatdan da keçiblər. Ayın 9-dan sonra mübarizəmizi başlayacağıq.
- AŞPA əvvəl müşahidəçi göndərməkdən imtina etmişdi, indi isə 32 nəfər müşahidəçi göndərməklə bağlı qərar verib. Sizcə, əvvəlki qərardan niyə imtina edilib?
- Biz AŞPA-nın nümayəndə heyəti ilə görüşdük. Azərbaycana müşahidəçi göndərmək AŞPA-nın bilavasitə hüququdur. Çünki biz AŞPA-nın üzvüyük, digər təşkilatlarla isə əməkdaşlıq edirik. Müşahidəçilərin kimliyi məsələsində ədalətsizlik var. Məsələn, onlardan biri Ermənistanla dostluq qrupunun rəhbəridir. Onun nə rəy verəcəyi bizə artıq məlumdur. Ümumilikdə isə, müşahidə aparmaq onların hüququdur.
1239 dəfə oxundu