Azərbaycanın ABŞ-dakı səfiri Rusiyaya qarşı çıxdı - FOTOLAR

Azərbaycanın ABŞ-dakı səfiri Rusiyaya qarşı çıxdı -


Səfir Elin Süleymanov Rusiyanın Xəzərdən raket zərbələrinə qarşı: “ABŞ buna laqeyd yanaşdı...”
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların Yuta Universitetində (Yuta ştatı) Amerikanın dünyadakı roluna dair konqresmen Kris Stüart tərəfindən təşkil edilmiş konfransdakı çıxışı zamanı Rusiyanın Xəzərdən Suriyaya raket zərbələri endirməsindən narahatlığını bildirib.


Virtualaz.org saytı xəbər verir ki, milli təhlükəsizlik zəmində təşkil edilmiş konfransdakı çıxışı zamanı səfir ABŞ-ın Rusiyanın bu hərəkətinə laqeyd yanaşmasını da tənqid edib. “The Salt Like Tribune” qəzetinin yazdığına görə, səfir konfransdakı çıxışı zamanı Azərbaycanın yerləşdiyi regionda sülhün təmin edilməsinə göstərdiyi kömək üçün Amerikanı tərifləyib. Məsələn, Elin Süleymanov bildirib ki, Azərbaycandan Gürcüstana, oradan isə Türkiyənin Ceyhan limanına Avropa və digər ölkələr üçün əlavə neft təchizatı mənbəyi olan neft kəmərinin çəkilməsi ABŞ-ın dəstəyi sayəsində baş tutub. Səfir bu kəmərin Rusiyanın Avropaya neft nəqlini kəsməklə hədələdiyi bir vaxtda işə düşdüyünü vurğulayıb.

E.Süleymanov deyib ki, bu neft kəmərinin tikintisində Birləşmiş Ştatlar açar rolunu oynadı. ABŞ kəmərin keçdiyi ölkələrlə yaxından işlədi və daha sonra prezident Bill Klinton Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə dair sazişin imzalanması mərasimində şəxsən iştirak etdi. Bu isə başqalarına “kəmərə qarışmamaq” mesajı verdi və Corc Buş administrasiyası da kəmərin tikintisi prosesinə daimi dəstək göstərdi.

Azərbaycanın ABŞ-dakı səfiri Rusiyaya qarşı çıxdı -


“Əgər uzlaşma, strateji öhdəliklər yoxdursa, insanlar bu cür layihələr və sülh üçün üzərlərinə öhdəliklər götürməyə daha az hazır olurlar”- deyə Elin Süleymanov bildirib. Səfir əlavə edib ki, Amerikanın BTC-yə və tikilməkdə olan Cənub Qaz Dəhlizinə dönməz dəstəyi bu layihələri həyata keçirməyə imkan verib. Səfir çıxışında Rusiyanın regiondakı rolu haqda da danışıb. Xatırladıb ki, Rusiya son vaxtlar Ukraynaya müdaxilə edib və onun Krım yarımadasını zəbt edib. Və bu ay Rusiya Xəzərdəki gəmilərindən Suriyaya qanadlı raketlərlə zərbələ endirib. Baxmayaraq ki, Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan Xəzər dənizinin militarizasiyasından uzaq durmaq barədə razılıq əldə etmişdilər.

Süleymanov bildirib ki, Qərbin belə hərəkətlərə laqeyd, soyuq yanaşmasını başqalarının da görüb nəticə çıxara biləcəyindən narahatdır. “Bu hadisə bir çox yönlərdən Qərbin regionun işlərində real iştiraka meyl etmədiyini nümayiş etdirdi. İnsanlar da bunu qeydə alırlar”- deyə Azərbaycan səfiri vurğulayıb. Müzakirələrdə Konqresin Nümayəndələr palatasının kəşfiyyat komitəsinin üzvü, konqresmen Kris Stüart deyib ki, əgər Amerika dünyada sülhə öz təsirini göstərməyə hazır olmasa, dünya daha qaranlıq və daha xaotik olacaq. Qeyd edək ki, Rusiyanın Xəzər donanmasının raket gəmilərinin oktyabrın 7-də Suriyadakı hədəflərə “Kalibr” qanadlı raketləri ilə endirdiyi kütləvi zərbələrə digər sahilyanı ölkələr, o cümlədən Azərbaycan heç bir reaksiya verməyib.

Rusiya gəmiləri Xəzərin İran sektorunda, Rəşt limanı yaxınlığında mövqe seçərək Suriyaya raket zərbələri endirib. O cümlədən ABŞ Rusiyanın Xəzərdən uzaqmənzilli raketləri işə salmasına birbaşa reaksiya verməyib. Qərb mediasında isə belə fikirlər yer alıb ki, Rusiya bununla həm də Azərbaycan və Qazaxıstan kimi öz donanmalarını gücləndirməyə çalışan sahilyanı ölkələrə xəbərdarlıq etmiş olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1208 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...