MSK İlyas İsmayılovun şikayətini təmin etmədi
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. AzVision.az xəbər verir ki, bugünkü iclasda 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd olan Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun şikayətinə baxılıb. Hazırki deputat İ.İsmayılov noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı həmin seçki dairəsinin nəticələrinin ləğv edilməsini xahiş edib. Qeyd edib ki, səsvermə günü seçki məntəqələrində qanun pozuntuları baş verib. MSK katibi Arifə Muxtarova məlumat verib ki, müraciəti deputatlığa namizədin nümayəndəsi Mütəllim Rəhimli təqdim edib.
MSK katibi bildirib ki, M.Rəhimlinin İ.İsmayılovun adından müraciət təqdim etmək hüququ yoxdur, çünki o, MSK-da səlahiyyətli nümayəndə kimi qeydiyyatdan keçməyib. MSK sədri Məzahir Pənahov qeyd edib ki, ilk dəfədir ki, belə hal baş verib: “Onun nümayəndəsinin belə bir müraciət təqdim etmək hüququ yoxdur. Buna baxmayaraq MSK bu müraciəti araşdırıb”.
A.Muxtarova isə deyib ki, MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, təqdim edilən aktlarda pozuntunun hansı məntəqələrdə baş verməsi göstərilməyib:
“Təqdim edilən aktlarda pozuntu baş verən vaxtlar göstərilməyib. Təqdim edilən görüntülərdə isə ciddi pozuntunun olmadığı aşkarlanıb”. Müraciət müəlifinin 11 məntəqə üzrə iddiası araşdırılıb. Həmin iddialar da əsassız olduğu məlum olub. Sonda İ.İsmayılovun müraciəti təmin edilməyib.
1087 dəfə oxundu