Fəzail İbrahimlidən Araz Əlizadəyə sərt cavab
“Gündəmə gəlmək istəyirsə...”
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini, millət vəkili Fəzail İbrahimli Milli Məclisə yeni deputat seçilən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin Azərbaycan və türk dilləri haqqında söylədiyi fikirlərə etirazını bildirib.
F.İbrahimli Publika.az-a açıqlamasında deyib ki, türk millətinin adını müzakirəyə çevirmək doğru deyil. “Türk millətinin adı elə türk millətidir. Bunları müzakirə obyektinə çevirmək milli maraqlara uyğun deyil. İndi kimsə çayxanada oturub nə isə deyə bilər. Ancaq mətbuat belə adamların ağzından “vurmalıdır”. Bir misal var: “Kəndə təzə dəllək gəlib, kəkili yandan qoyur”. İndi kimsə gündəmə gəlmək istəyirsə, bu cür fikirlər söyləyir. Nə bilim Şah İsmayıl Xətai belə gəldi, o biri belə getdi və sairə. Kimsə durub tarixi şəxsiyyətə şəxsiyyət vəsiqəsi verir. Bu cür hallar yolverilməzdir. Ümumiyyətlə, bütün bunlar millətin düşüncəsinə ziddir və yanlış addımlardır”.
Xatırladaq ki, Araz Əlizadə azərbaycanlıların türk olduğunu qəbul etmir. Onun fikrincə, azərbaycanlılar Hind-Avropa irqinə məxsusdur, türklər isə sarı irqə.
1061 dəfə oxundu