"BAXCP-nin Alyansa üzv olmasından şərəf duyuruq və çox şadıq" Jan Zahradil

"BAXCP-nin Alyansa üzv olmasından şərəf duyuruq və çox şadıq"


Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Jan Zahradilin APA-ya müsahibəsi

- Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AMİA) məqsədi və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

- Bizim Alyans Avropa İttifaqı və ondan kənarda olan partiyalardan ibarət mərkəz-sağçı siyasi ailədir. Bizim məqsədimiz azad bazar iqtisadiyyatını, azad ticarəti, aşağı vergitutmanı, ölkələrin güclü milli suverenliklərini, milli ənənələrə hörməti, mühafizəkar sosial dəyərləri təbliğ etməkdir. Biz getdikcə mərkəzləşən, daha bürokratik olan Avropa İttifaqını dəyişmək, onu daha rahat struktura çevirmək istəyirik.

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) bu alyansa qoşulması barədə nə deyə bilərsiniz? Proses necə olub və bu əməkdaşlıq hər iki tərəfə nə kimi faya verəcək?

- BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzvlük üçün müraciət edib və proses standart yollarla davam edib. BAXCP özünü AMİA-nın şura iclasına təqdim edib və əgər 6 ay ərzində heç bir üzv partiya açıq şəkildə onun namizədliyinə qarşı etiraz etmirsə, o Şuranın səs çoxluğu ilə qəbul edilən qərarına əsasən tam üzv qəbul olunur. Biz gördük ki, BAXCP Reykyavik bəyannaməsində göstərilən AMİA prinsiplərinə və proqramına uyğundur və biz onun bizə üzv olmasından şərəf duyuruq və çox şadıq.

- Azərbaycanla gələcək əməkdaşlıq üçün hansı planlar var?

- AMİA-nın prezidenti kimi mən çox tezliklə Azərbaycana səfər edəcəyəm. Azərbaycan siyasi və iqtisadi nöqteyi-nəzərindən çox vacib ölkədir. Biz Azərbaycanı sabit və çiçəklənən görmək istəyirik. Biz Azərbaycanla Aİ arasında daha yaxşı qarşılıqlı anlaşılmaya və daha yaxşı əməkdaşlığa kömək etməyə şadıq. Bəzi mühakimələr və dezinformasiyalar hələ də mövcuddur, biz bunları aradan götürməyə kömək edə bilərik.

- Siz Azərbaycanla və Azərbaycandan üzv olan partiya ilə həyata keçirməyi planlaşdırdığınız hər hansı layihələr varmı?

- Hansı konkret addımları ata biləcəyimizi zaman göstərəcək. Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi, lakin dünyəvi olan çox gözəl nümunə ölkəsidir. Azərbaycan təcrübəsindən öyrənməli olan dərslər var. Bununla yanaşı, Azərbaycanın ona qalan post-sovet ölkəsi varisliyinin öhdəsindən necə gəlməsinə diqqət ayırmağa dəyər. Mən özüm də post-kommunist mühitdən çıxmışam (keçmiş Çexoslovakiya). Ona görə də keçmiş kommunist rejiminin bütün şablonlarından necə qurtulmağın çox çətin olduğunu bilirəm. Həmçinin Azərbaycanın mədəni zənginliyi, geostrateji mövqeyi və ya enerji siyasəti daha yaxşı araşdırılmağa layiqdir. Alyans tərəfdən deyə bilərəm ki, biz BAXCP ilə bir neçə ümumi layihələri maliyyələşdirməyə razıyıq.

- Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. Münaqişəmin digər tərəfi olan ölkə də sizin üzvünüzdür. Sizin Alyansın bu problemlə bağlı mövqeyi necədir.

- Bu çox həssas ikitərəfli problemdir və ikitərəfli səviyyədə həll olunmalıdır. Biz ikitərəfli problemlərə müdaxilə etmirik. Adi həll kənardan gətirilə bilməz. Biz yalnız ümid edə bilərik ki, AMİA-ya üzvlük iki tərəfin bir-birini daha yaxşı anlamasına kömək edəcək.

- BAXCP-AMİA əməkdaşlığının Dağlıq Qarabağ münaqişəsinin həlli üçün faydası nə ola bilər?

- Bir daha qeyd edirəm ki, üzv ölkələri arasındakı bu cür həssas ikili problemlərə müdaxilə etmək AMİA-nın siyasətində yoxdur. Biz onlara ünsiyyət qurmağa, müzakirə aparmağa, əlaqələri möhkəmləndirməyə kömək edə bilərik. Lakin istənilən kənar müdaxilənin heç bir faydası olmaz. Bu həmçinin bu münaqişənin həllinə bilavasitə cəlb olunan bəzi ölkələrə də aiddir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...