Prezidentlərin görüşü nə vəd edir?
Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Azərbaycan və Ermənistan prezidentləri uzun müddətli fasilən sonra yenidən görüşməyə razılıq veriblər.
Maraqlıdır ki, son günlər ermənilərin 5 rayonu boşaldılmasına razılıq verdiyi barədə məlumatlar da dolaşmaqdadır. Lakin sual açıq qalır - bu, hansı şərtlər altında reallaşacaq? Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin keçiriləcək növbəti görüşü zamanı “Madrid prinsipləri”nin yenidən müzakirə ediləcəyi gözlənilir. Xatırladaq ki, “Madrid prinsipləri” adlı təkliflər zərfində Azərbaycanın maraqlarına cavab verən məqamlar az deyil. Lakin adıçəkilən təkliflərdə qeyri-müəyyən məqamlar da mövcuddur və bu da tərəflərə manipulyasiya üçün imkan verə bilər, yəni o prinsiplər indi təqdim olunan kimi qəbul edilərsə, bu, tərəflərin həmin prinsipləri öz xeyrinə təqdim etmək imkanı yaradır.
Təkliflər paketində Azərbaycanın maraqlarına uyğun olan məqamlardan biri birmənalı olaraq Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş ərazilərin boşaldılmasıdı. Digər məqam bütün qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə birmənalı şəkildə qayıdışının təmin edilməsidir. Bu, Azərbaycanın da, Ermənistanın da marağında olan məsələdir. Burada qeyri-müəyyən məqamlardan biri Laçın dəhlizi ilə bağlıdır. Sual açıq qalır - Laçın dəhlizinin statusu necə olacaq? Həmin dəhlizin sərhədləri nə qədər olacaq, hansı əraziləri əhatə edəcək? Bu, məlum deyil. Tam aydın olmayan prinsiplərdən biri də Dağlıq Qarabağa aralıq statusun verilməsidir. Əgər Dağlıq Qarabağ sülh sazişinin imzalanmasında iştirak edəcəksə, burada mütləq Dağlıq Qarabağın faktiki hakimiyyəti ilə müəyyən əlaqələrin qurulması lazım gələcək. Yəni DQ-nin iştirakı olmadan bu, mümkün deyil. Onu da unutmaq lazım deyil ki, Dağlıq Qarabağ əhalisinin münaqişəyə qədər təxminən 25 faizi azərbaycanlılardan ibarət olub. Əgər onlar özünüidarəetmə strukturlarının formalaşdırılmasında iştirak etməyəcəklərsə, bu, məqbul variant hesab edilə bilməz.
Rəsmi Bakının bəyan etdiyi formula əsasən əvvəl 5, sonra 2 rayon işğaldan azad olunur. Sonrakı mərhələdə DQ-nin statusu müzakirə oluna bilər. Burada da çox ciddi sual yaranır - Dağlıq Qarabağa qayıdan azərbaycanlıların statusu nədən ibarət olacaq? Onlar yerli hakimiyyəti tanımalıdırlar, yoxsa yox? Onların Azərbaycan hakimiyyəti, yəni, rəsmi Bakı ilə münasibətləri necə qurulacaq? Ümumiyyətlə, onların qayıdış prosesi necə təşkil olunacaq? Bütün bunlar bu gün hələ ki, açıq qalan məsələlərdi.
Daha bir məqam isə ondan ibarətdir ki, Dağlıq Qarabağın statusu ilə bağlı bənd, ümumiyyətlə, çox qeyri-müəyyəndi. Bu bənd tərəflər arasında problemin həlli ərəfəsində partlaya bilən mina rolunu oynaya bilər. Status hansı formada olacaq, bunu indidən dəqiq demək mümkün olmasa da, bununla bağlı ifadədə əhalinin hüquqi ifadəsi ilə bağlı fikrin əksini tapması referendum olmasa da referenduma bərabər akt kimi qəbul edilə bilər.
Rəsmi Bakı bəyan edir ki, Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır. Lakin bu statusu vermək üçün bütün Azərbaycan ərazisində referendum keçirilməlidir. Çünki konstitusiyada Dağlıq Qarabağ adlı muxtar qurum yoxdu. Həmin muxtar qurumu yaratmaq ona Naxçıvan kimi statusu müəyyənləşdirmək üçün əhalinin hüquqi qüvvəyə malik iradəsinin ifadəsi olmalıdı.
Daha bir məqam isə ondan ibarətdir ki, Dağlıq Qarabağın Ermənistanın nəzarət etdiyi torpaqları iki yerə bölünsün - Dağlıq Qarabağ və Laçın dəhlizinə. Yəni tərəflərə paket variant təklif edilir. Problemin təhlili onu deməyə əsas verir ki, açıqlanan prinsiplərin olduğu kimi qəbul edilməsi imkansızdır. İstisna deyil ki, tərəflərin “hərbi marş” oynamasının əsas səbəbi də budur...
1081 dəfə oxundu