Rəsmi Bakıdan Qarabağa dair qəti mövqe
Müdafiə nazirimizin düşmənə mesajı; İrəvandakı Qarabağ müzakirələrinə pessimist baxış; hərbi ekspert: “Ermənistan ictimai fikrində işğal edilmiş hansısa rayonumuzun geri qaytarılması heç də razılıqla qarşılanmır”
Hikmət Hacıyev: “Azərbaycan Respublikasının ərazi bütövlüyü hər hansı sövdələşmə obyekti ola bilməz”
Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbəndyanın iştirakı ilə gizli Qarabağ müzakirələri aparılır. Bu barədə erməni mətbuatı məlumat yayıb. İddialara görə, müzakirələrdə əsas diqqət Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı irəli sürdüyü təkliflərə yönəldiləcək.
Erməni mətbuatı Sergey Lavrovun noyabrın əvvəlində Ermənistana etdiyi səfərinin məhz Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması ilə bağlı olduğunu yazırdı. İrəvanda dərc olunan “Haykakan jamanak” qəzeti noyabrın 10-da yazmışdı: “Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni xəlvəti proses gedir. Bunun əsas təsəbbüşkarı Rusiyadır. Söhbət Qarabağda bir neçə rayonun Azərbaycana qaytarılmasından gedir. Hökumətə yaxın mənbələrdən alınan məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu təhvil verməyə razı salmağa çalışır. Bununla da Azərbaycanın Avrasiya İttifaqına girməyə razılığını almaq istəyir. Həmin mənbələr iddia edir ki, Sergey Lavrovun İrəvana dünənki səfərinin əsas məqsədi məhz bu olub”.
Qeyd edək ki, bir müddət öncə bənzər informasiyalar yayılsa da, sonradan rəsmilər səviyyəsində təkzib verildi. Bildirildi ki, Lavrovun səfəri zamanı rayonların Azərbaycana qaytarılması mövzusu müzakirə predmeti olmayıb. Elə İrəvanın aqressiv mövqeyi, üstəlik, Dağlıq Qarabağın ətraf ərazilərində də tikinti işlərinin aparılması, məskunlaşma siyasəti və s. də bunu isbat edir ki, düşmən ölkə Azərbaycanın işğal edilmiş hansısa rayonunu geri qaytarmaq niyyətində deyil.
Deputat Fazil Mustafa ANS-ə bu barədə deyib ki, Rusiyanın maraqlarına uyğun gəlməyən məqamda Ermənistan ictimai rəyinin heç bir qiyməti olmayacaq: “Rusiya Ermənistandan rayonları qaytarmağı tələb edən zaman ictimai rəyə baxan kimdir? Deputatlar da, Ermənistan rəhbərliyi də sakitcə Rusiyanın göstərişinə əməl edəcəklər. İctimai rəy nə edə bilər ki? Sakitcə razılaşacaqlar. Amma hələ ki Rusiyanın belə bir tələbi görünmür. Yəni o müzakirələrin Qarabağla bağlı olduğu inandırıcı deyil”, - deyə Fazil Mustafa bildirib.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün ilin son ayında keçiriləcəyi barədə xəbərlərin yayıldığı dövrdə Azərbaycanın atdığı bir sıra addımlar diqqət çəkir. Belə ki, son həftədə Azərbaycana keçmiş bir erməni əsir və bir mülki vətəndaş Ermənistana şərtsiz təhvil verilib. Bu addım isə Azərbaycanın konstruktiv mövqeyinin daha bir təsdiqidir. Belə ki, erməni tərəf Şuşada girov saxladığı Kəlbəcər sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevi hələ ki azad etmək fikrində deyil. Azərbaycanın mövqeyi isə təqdir olunur.
“Biz Azərbaycanın təmas xəttini keçən erməni əsgəri geri qaytarması ilə bağlı atdığı humanitar jesti alqışlayırıq”- ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində belə yazıb (APA) Xatırladaq ki, son olaraq 22 mart 2015-ci il tarixdə təmas xəttini keçərək Azərbaycan hərbçilərinə könüllü təslim olan erməni əsgər Andranik Araratoviç Qriqoryan noyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında geri qaytarılıb.
Paralel olaraq Qarabağ məsələsinin həll olunacağı ilə bağlı nikbin bəyanatlar Avropadan gəlməkdədir. “Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir”. Bunu isə avropalı diplomat Pyotr Svitalski deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunacaq: “Buna əminəm və bu, hər iki ölkə üçün yeni iqtisadi imkanlar açacaq”.
Fransa da Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləyir. Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bu barədə deyib. Paris meri Ann İdalqonun himayəsi altında “Hayastan” ümumerməni fondunun Fransa ofisi tərəfindən keçiriləcək 16-cı Avropa telemarafonuna münasibət bildirən səfir deyib ki, Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyi son dərəcə aydındır: “Fransa Azərbaycanı dəstəkləyir və qondarma ”Dağlıq Qarabağ respublikası"nı tanımır". Məlumata görə, telemarafondan əldə olunacaq vəsait separatçı Dağlıq Qarabağ regionunda icma mərkəzinin tikintisinə ayrılacaq. A.Buşez qeyd edib ki, Paris merinin belə bir layihə həyata keçirməsi Fransanın mövqeyini əks etdirmir: “Burada ikili standartlardan söhbət gedə bilməz”.
Lakin eyni zamanda Azərbaycan ordusunun rəhbərliyi sərt bəyanat verib ki, bu da savaş anonsu sayıla bilər. “Qısa dövr ərzində ordumuz düşmənə zərbələr vuraraq əsas istiqamətlərdə onu sarsıdıb. Haqq işimizi davam etdirəcəyik”. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Onun sözlərinə görə, ərazilərimizin işğaldan azad edilməsində digər qoşun növləri ilə bərabər aparıcı qüvvə heç şübhəsiz ki, həm də Hərbi Hava Qüvvələridir. “Bu vəzifənin yerinə yetirilməsi bizim üzərimizə düşür. Əminəm ki, Azərbaycan əsgəri silahı gücünə xalqımızın və prezidentin etimadını doğruldacaq”.
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a situasiyanı şərh edərkən bildirdi ki, Qarabağ ətrafında son günlər çox maraqlı və maraqlı olduğu qədər də ziddiyyətli proseslər müşahidə edilməkdədir: “Bir tətəfdən Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbəndyanın iştirakı ilə gizli Qarabağ müzakirələri aparılır. Özü də erməni mətbuatı gen-boluna yazır ki, müzakirələrdə əsas diqqət Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana son səfəri zamanı irəli sürdüyü təkliflər ətrafında gedir. Ola bilsin ki, Rusiya bu dəfə də şahmat gedişi etmək fikrinə düşüb. Yəni guya onlar Qarabağ məsələsinin hazırkı status kvodan tərpənişini ”çox arzulayırlar". Amma baxın, Ermənistan rəsmi dairələri, parlament, ictimaiyyət hələ məqamın yetişmədiyini deyir. Ola bilsin ki, variantlardan biri budur. Digər variant da “tutdu qatıq, tutmadı ayran” məsələsində olduğu kimi ola bilər".
Ü.Cəfərov mühüm bir detala diqqət çəkdi: “Bildiyim qədər Sergey Lavrov noyabrın əvvəlində Ermənistana etdiyi səfər zamanı Dağlıq Qarabağ ətrafındakı rayonlarla bağlı açıq şəkildə heç bir fikir səsləndirməmişdi. Əksinə, Ermənistana ürək-dirək vermişdi ki, narahat olmayın, bundan sonra da biz sizin arxanızdayıq. İndi birdən-birə nə baş verdi ki, guya rayonların qaytarılması ilə bağlı gah ordan, gah da burdan fikirlər səslənir. Hətta bizim Prezident Administrasiyasının xarici əlaqələr üzrə cavabdeh şəxsi Novruz Məmmədov da bugünlərdə mətbuata açıqlamasında əvvəl 5, sonra isə 2 rayon söhbətini dilə gətirmişdi. Rusiya mətbuatı da son vaxtlar intensiv şəkildə Putin hakimiyyətinin Ermənistanı bir neçə rayonu təhvil verməyə razı salmağa çalışmasından yazır”.
Hərbi ekspertə görə, bu, sadəcə, bir imitasiyadır, ən başlıca məqsəd isə Azərbaycanı Avrasiya İttifaqına girməyə şirnikləndirməkdir: “Bir də Ermənistanda məlum parlamentin gülləbaran edilməsi hadisəsi unudulmayıb. Elə onda da Qarabağla bağlı hansısa ciddi dəyişiklik edilməyə hazırlıq işləri gedirdi ki, aləm bir-birinə qarışdı. Bu gün Ermənistan ictimai fikrində Azərbaycanın işğal edilmiş hansısa bir rayonunun geri qaytarılması heç də razılıqla qarşılanmır. Sərt yanaşma mövcuddur. Bütün bunları yaxşı və pis tərəfdən təhlil edəndə ortalığa heç də bizi sevindirə biləcək mənzərə çıxmır”.
Ü.Cəfərov hesab edir ki, Avropa Birliyi nümayəndəsinin də Qarabağ məsələsinin tezliklə həll olunacaqı haqqında söylədiyi fikirlər də o qədər ciddi önəm daşınmır: “İndiyə kimi onlar hansısa müsbət dəyişikliyə nail olmaq üçün təcavüzkara təsir və ya təzyiq göstəriblərmi? Əlbəttə yox. Bunların işi ya narahat olmaqdır, ya bərk narahat olmaqdır. Ən yaxşı halda da hansısa addımı, hərəkəti alqışlamaq və dəstəkləməkdir. Başqa nə isə xatırlamaq mümkün deyil. 20 ildən çox eyni mənzərə, eyni sözlər... İşğalçı özünü rahat hiss edir, danışıqların sayı-hesabı yox. İndi də ATƏT-in Minsk Qrupu 2015-ci il başa çatır deyə, çalışırlar hər iki prezidentləri bir masa arxasında otursunlar. Amma mən bu görüşdən də çox şey gözləmirəm. Ən azından Sərkisyan kimi cinayətkar ya hakimiyyətdən getməlidir, ya da o sadəcə görüş xatirinə daha bir görüşə qatılmaqla özünün hakimiyyət ömrünü bir az da uzatmağa çalışacaq”.
XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında KİV-lərdə gedən bəzi yazıları şərh etmək istəmədiyini bildirdi: “Xüsusən də Ermənistan mediasında əksini tapan məlumatları şərh etmirik”. O, eyni zamanda gələcək haqqında hər hansı şərh vermək istəmədiyini bildirdi və qeyd etdi ki, bu, düzgün olmaz: “Amma cari vəziyyətdə məsələ ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü davam edir və bunun əsasını təşkil edən ststus-kvo saxlanmaqdadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü hər hansı sövdələşmə obyekti ola bilməz!”
Danışıqların bərpası halında gözləntilərinə gəldikdə, XİN sözçüsü aşağıdakıları vurğuladı: “Azərbaycan danışıqlar prosesində o məntiqlə iştirak edir ki, onun yekun nəticəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini təmin etmiş olsun”.
XİN rəsmisinin sözlərinə görə, prezidentlərin görüşü ilə bağlı hazırda hər hansı bir fikir söyləmək erkən xarakter daşıyır: “Minsk Qrupunun həmsədrləri oktyabr ayında regionda olan zaman belə bir təklif irəli sürmüşdülər. Amma Azərbaycanın mövqeyi yenə dəyişməz qalır ki, görüşlər görüş naminə və ya danışıqlarda zahiri dinamika yaratmaq məqsədilə keçirilməməlidir. Azərbaycan substantiv və konstruktiv əsasda münaqişənin həllinə xidmət edəcək danışıqlara həmişə hazırdır”.
H.Haciyev növbəti görüşə ev sahibliyi edəcək ölkə barədə də məlumatsızlığını ifadə etdi: “Hələ ki bunun təfərrüatları barədə məlumat yoxdur”.
1219 dəfə oxundu