Seçilməyən deputatlar seçilənlərə nə dedi? AÇIQLAMALAR
Bu gün V çağırış Milli Məclisin ilk sessiyası keçirilib. İclasda parlamentin yeni tərkibinə daxil olan deputatlara mandat və deputaın döş nişanı verilib. Onların arasında köhnələrlə yanaşı, yenilər də var.
Modern.az saytı Milli Məclisə növbəti dəfə mandat ala bilməyən eks-deputatlardan bu gün hansı hisslər keçirdiklərini soruşub.
Elton Məmmədov bundan sonra da hər şeyin onun daha da yaxşı olacağını deyib. “Bu gün V çağırış Milli Məclisin ilk iclası keçirildi. Birincisi, qürur hissi keçirdim ki, dövlətimiz qurulur, inkişaf edir. Həmçinin, seçkilər demokratik prinsiplərə uyğun baş tutub. Artıq Konstitusiya Məhkəməsi bu hüququ tanıdı. Düşünürəm ki, V çağırışın ilk iclasında cənab prezidentimizin tövsiyə xarakterli çıxışı parlamentimizin zəngin qanunvericiliyinə xidmət edəcək, yaxşı qanunlar qəbul ediləcək, qanunlarımız təkmilləşəcək. Beləliklə, qüdrətlənən Azərbaycanımız daha da qüdrətlənəcək”.
Ədalət Partiyasının sədri İlyas İsmayılov qanuni hakimiyyətin tərəfdarı olduğunu vurğulayıb. “Həyat davam edir. Mən də həyatımı yaşayıram. Hamı ömrü boyu deputat ola bilməz ki?! Sadəcə, saxtakarlıq yolu ilə mənim deputat seçilməyimin qarşısını aldılar. Qanunsevər adamam. İstərdim ki, Azərbaycanda qanuni hakimiyyət olsun. Deputatlar da, bütün vətəndaşlar da qanunlara tabe olsunlar. Hansısa məmurun iradəsi problemləri həll etməsin”.
Aydın Abbasov isə deputatlığın şərəfli olduğunu deyib. “Yeni deputatların hamısını təbrik edirəm. Uğurlu olsun. Səbirli olsunlar və xalq, dövlət naminə çalışsınlar. Deputatlıq çox şərəfli işdir. Onlara uğurlar!”.
1374 dəfə oxundu