“Adam kişi olar, Mütəllibov!” – Pənah Hüseyndən kəskin cavab
AXP sədri, Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn musavat.com-a yazı yollayıb. O, həmin yazısında sabiq prezident Ayaz Mütəllibovun Azərbaycanın milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə münasibətdə dediyi fikirlərə cavab verib. Həmin cavabı olduğu kimi təqdim edirik.
Ayaz Mütəllibovun ən yeni dövr milli və demokratik hərəkatının lideri, Azərbaycan xalqının türk və dünya tarixinə bəxş etdiyi ən böyük şəxsiyyət, mütəfəkkir, dövlət adamlarından biri mərhum prezident Əbülfəz Elçibəyin ünvanına növbəti hədyanlarını nifrət və ikrah hissi ilə oxudum. Əvvəldə deyim ki, Elçibəyin guya Kəlbəcəri verməsi, yaxud “Kəlbəcəri verək Ermənistanda demokratlar hakimiyyətdə qalsın”, deməsi barədə söyləntilər alçaqcasına bir yalandır, böhtandır, Elçibəyə çamur atmaq istəyən namussuzların, vicdansızların böhtanıdır. Adam kişi olar, Mütəllibov! Bu gün vəfat etmiş şəxs haqqında danışırsansa ortaya fakt qoy! Bu yaşında yalan danışma!
Bu bir həqiqətdir ki, bir kəsin kiminsə haqqında nələri isə deməsi barəsində danışdığı şəxsdən daha çox həm də bu deyənin səviyyəsi, mədəniyyəti, tərbiyəsi haqqında məlumatdır. Bu dəfə də belədir. Mütəllibov kimi adamın Əbülfəz Elçibəy haqqında nə deməsi Elçibəyə bir şey etməz, olsa – olsa onun özünün necə rəzil, miskin, düşük adam olduğunu göstərir. Mütəllibov, indi riyakarcasına, dilənçi təmənnası ilə yaltaqlıq edib Heydər Əliyevə mədhiyyə deyirsən. Sən hakimiyyətdə olanda çaqqal - çuqqallarını Heydər Əliyevin üstünə qısqırtdığın nə idi? Moskvada olanda ora getdiyi kimi rus nəqliyyat təyyarəsinin yük yerində Bakıya prezident qayıdacağı yuxularını görəndə Heydər Əliyev haqqında hansı təhqirləri yazıb, broşor- broşur tirajladığını yadından çıxardınmı? İndi ağzını mümlamaq əvəzinə qoca yaşında niyə ətrafa üfunət asqırırsan?
İnsanlar var ki, o, zamanından uzaqlaşdıqca daha da, böyüyür, ucalır, zirvələşir, aydınlaşır. Elçibəy belə insandır. Adamlar da var ki, öldü, bitdi, qaralıb heç olur, bürkü kimi, tər qoxusu kimi. Əbülfəz Elçibəy bu gün həyatda yoxdur. Lakin mən Elçibəy yolu ilə gedirəm deyən minlər, on minlər, yüz minlər var . İllər geçəcək, onlar milyonlar olacaqlar. Onların çoxu heç Elçibəyi sağlığında görməyən gənclər, yeniyetmələrdir. İlin bütün bayramlarında valideynlərinin məzarı ilə yanaşı Elçibəyin məzarını ziyarət edənlər var. Sən kimsən bədbəxt adam? Sənin məzarın başına kimlər gələcək, bədbəxt adam? Gələn olacaqmı?
1097 dəfə oxundu