Erməni lobbisinin marionetinə çevrilən ABŞ Konqresi - TƏHLİL

Erməni lobbisinin marionetinə çevrilən ABŞ Konqresi -


Azərbaycanın rəsmi dövlət mətbu orqanı olan “Azərbaycan” qəzetində “Erməni lobbisinin marionetinə çevrilən ABŞ Konqresi” başlıqlı yazı dərc olunub. GUNDEMİNFO.AZ yazır ki, İxtiyar Hüseynlinin müəllifi olduğu məqalədə ABŞ rəhbərliyinə qarşı sərt tənqidlər yer alır. Yazını təqdim edirik:

Antiazərbaycançı şəbəkənin yeni avantüra kampaniyası başlayır


ABŞ Konqresi nəzdində fəaliyyət göstərən Helsinki Komissiyasının Azərbaycan rəsmilərinə qarşı viza məhdudiyyətini və ölkəmizə maliyyə sanksiyalarını nəzərdə tutan qanun layihəsini təqdim etməsi ikitərfli münasibətlərdə onsuz da gərgin keçən 2015-ci ilin ən mürəkkəb son akkordları oldu. Görünən odur ki, qara niyyətlərin oyuncağına çevrilən Ağ Ev 11 ay sonra baş tutacaq prezident seçkiləri kampaniyasında Azərbaycan mövzusunda siyasi alverə girişib. Əslində, müstəqil dövlətin və qürurlu xalqın milli heysiyyatı ilə oynamaq səviyyəsinə qədər enməyi özünə rəva görənlərdən bu kimi “sürpriz”lər gözlənilən idi. Çünki bu, nə birincidir, deyəsən, heç sonuncu da deyil...

Erməni lobbisinin dəstəyi uğrunda canfəşanlıq

2016-cı ilin noyabrında Birləşmiş Ştatlarda baş tutacaq prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq heç cür mümkün deyil. Çünki partiyaların özləri belə konkret namizədlərini hələ müəyyənləşdirməyiblər. Partiyadaxili seçkilərdə qalib gəlib siyasi təşkilatın vahid namizədinə çevrilmək üçün iddiaçıların göstərdikləri təşəbbüslər əsl “Amerika röyasını” nümayiş etdirir. Biri müsəlmanların ölkəyə girişinin yasaqlanacağını vəd edir, digəri daha irəli gedərək, Yaxın Şərqi, yəni müsəlman dövlətlərini birdəfəlik ram etməyi məqsədəuyğun sayır, o birisi isə İslam dünyasına qarşı yeni geosiyasi strategiya (əlbəttə ki, yeni ekspansiya siyasəti) hazırladığını bəyan edir. Sanki seçkilərdə amerikalıların səsini almağın əlacını yalnız İslamı həqarətdə görürlər.

Partiyaların namizədləri müəyyənləşəndən sonra son mübarizə - federal miqyasda seçki kampaniyası başlayır. Bu həlledici mərhələdə isə əsl ov ABŞ-ı və onun vətəndaşlarını barmağında fırladan lobbilərin dəstəyi uğrunda olur. Beləliklə də, nüfuzuna görə ikinci ən böyük qüvvə sayılan erməni lobbisi “yağlı qoğala” çevrilir. ABŞ-ın erməni diasporu Azərbaycanın və türk dünyasının əsas düşməni olan dünya erməniliyi şəbəkəsinin mühüm güc qaynağı, ən böyük maliyyə mənbəyi və ideoloji flaqmanıdır. Mütəşəkkil güc mərkəzi olan bu diaspor ən kiçik qəsəbələrdən ştatlara, meqapolislərdən Vaşinqton kuluarlarına qədər bütün siyasi-inzibati dairələrlə sıx işbirliyindədir və uzun onilliklərdir özünü Birləşmiş Ştatların əsas lobbisi kimi təsdiqləyib. O, böyük siyasi və qüdrətli iqtisadi resurslara sahib olan çoxmilyonlu elektoratını istənilən namizədin (istər senat və ya konqres, istərsə də qubernator, yaxud prezident seçkilərində) ətrafında sıx birləşdirmək və onun qələbəsini təmin etmək gücünə sahib olduğundan onunla hesablaşırlar, maraqlarını ödəyirlər, sifarişlərini icra edirlər.

Təsadüfi deyil ki, ABŞ-da hər seçkiönü “erməni soyqırımı” və Azərbaycan mövzusunun aktuallaşmasının da əsas səbəbi məhz bu lobbinin dəstəyinə olan ehtiyacdır. Hansı partiya dünya erməniliyi üçün həssas olan bu iki məsələdə xüsusi fəallıq göstərib, ermənidən çox ermənilik etsə, demək, dəstəyi və qələbəni təmin etmiş olur.

Erməni lobbisinin çox böyük elektorat və maliyyə dəstəyinə sahiblənmək uğrunda “uzunqulaqların” və “fillərin” mübarizəsi də yeni mərhələyə qədəm qoyub. Bu iki canlının adını çəkməkdə xüsusi məqsəd güdmürük. Çünki 1828-ci ildən Demokratlar Partiyasının rəsmi siyasi emblemi uzunqulaq, 1871-ci ildən isə Respublikaçılar Partiyasının yenə də rəsmi rəmzi fildir. Yəni, onlar özlərini belə adlandırırlar, bunu rəsmiləşdiriblər, deyəsən, hətta bununla qürur duyurlar. Bütün xalqların və dövlətlərin dəyərlərinə, daxili işlərinə, suveren hüquqlarına müdaxilə etməyi sevən “uzunqulaqların” və “fillərin” rəhbərlərindən fərqli olaraq, onların bu seçimini təftiş etmək niyyətində deyilik. Əsas məqam odur ki, istisnasız olaraq bütün seçki kampaniyalarında çirkli texnologiyalardan, qanunla haqq qazandırılması çətin olan əməllərdən gen-bol istifadə edən məlum partiyalar indi təsir hüdudlarını genişləndirərək artıq aşkar şəkildə İslam və türk dünyasını hədəf seçib.

Digər diqqət çəkən məsələ isə bu “soyuq savaş”ın (əslində, qan çanağına çönən Yaxın Şərqi nəzərə alsaq, tam hərbiləşmiş savaşın) daha hansısa gəlişigözəl sözlərlə pərdələnməməsi, məqsəddən yayındıran saxta tezislərlə gizlədilməməsidir. ABŞ rəsmiləri indi İslam-türk dünyasını, onun xalqlarını, sərvətlərini, bütün resurslarını tam açıq şəkildə özünə hədəf müəyyənləşdirib, buna nail olmaq üçün isə sanki monqol ordalarının 8 əsr öncəki üslubu ilə qarşılarına çıxan bütün dövlətləri məhv etməyə belə gedirlər. Liviya, Suriya, İraq, Misir və digər ölkələrin timsalında bunu aydın görürük.

Niyə məhz Azərbaycan?

Son illər Azərbaycan dünya erməniliyinə sarsıdıcı zərbələr vurub. Prezident İlham Əliyevin hücum diplomatiyası və effektiv informasiya savaşı düşmən şəbəkənin bütün yeni təşəbbüslərini, cəhdlərini puç etməklə yanaşı, illərdir formalaşdırdığı təbliğat bazasını da əsaslı şəkildə zədələyib.

Bu gün Azərbaycan və onun Prezidenti bütün türk dünyasının yükünü, demək olar ki, təkbaşına üzərinə götürərək dünya erməniliyinə qarşı mübarizənin ön cərgəsində olduğu kimi, dünya erməniliyinin də əsas hədəfinə məhz Azərbaycan və cənab İlham Əliyev çevrilib. Bu baxımdan dünya erməniliyi uzun illərdir sıx əməkdaşlıq, müttəfiqlik etdiyi antiazərbaycançı şəbəkə ilə birgə yeni həmləyə başlayıb.

Erməni lobbisinin hədəfi Dağlıq Qarabağ, antiazərbaycançı şəbəkənin hədəfi isə Azərbaycanın dövlətçiliyi, müstəqil siyasəti, təbii sərvətləri və şübhəsiz ki, bunların təminatçısı olan Lideridir.

Azərbaycan son dövrlərdə ciddi “pressinq” altındadır. Hər tərəfdən dövlətimizi sıxmağa çalışır, ona addımbaşı maneələr yaradılır, beynəlxalq təşkilatlarda fəaliyyətimizə süni əngəllər törədilir. Birbaşa xarici xüsusi xidmət orqanlarından maliyyələşən saysız-hesabsız QHT-lər dünyanın bütün qlobal kataklizmlərini unudaraq, sanki planetin əsas problemi kimi Azərbaycanı göstərirlər. Bununla yanaşı, bəlli xarici KİV-lər məmləkətimizə qarşı yeni informasiya yürüşünə başlayıb. Eyni mərkəzlər tərəfindən hazırlandığını sübut edən oxşar tezislər, qondarma ittihamlar əsasında Azərbaycan və onun rəsmi şəxsləri haqqında qaralama kampaniyası aparılır.

Və bütün bunlar son aylarda daha intensiv, ardıcıl hal alıb. Azərbaycanın birbaşa hədəfə çevrildiyini anlamaq üçün xüsusi analitik qabiliyyətə ehtiyac da yoxdur. Fövqəldövlətlərin Şərqdə apardıqları münaqişələrin kontekstində, “Yeni Dünya Nizamı” adlı qlobal avantüranın son ştrixlərinin qan və savaşlarla müəyyənləşdiyi mərhələdə indi bütün dövlətlərdən seçim tələb olunur.

Bu seçimdə iki şərt irəli sürülür və bunlar heç də “müstəqillik, yoxsa forpostluq” xüsusunda deyil. Əksinə, fövqəlgüclərdən birinin seçilməsi tələb olunur. Yəni, hansısa dövlətin müstəqil siyasət yürütməsi, ümumiyyətlə, heç müzakirə belə edilmir, qəbul olunmur.

Bu cür mürəkkəb durumda Azərbaycan ciddi sınaq qarşısındadır. Heydər Əliyev siyasi irsindən və Prezident İlham Əliyevin şəxsi xarakterindən, əzmkarlığından irəli gələn müstəqil siyasət konsepsiyasının qətiyyətlə davamlılığı Azərbaycanın hədəfə çevrilməsinin əsas səbəbidir. Azərbaycanın dövlət başçısı dəfələrlə bəyan edib ki, yürütdüyü müstəqil siyasət heç bir halda kənar diktəyə məruz qalmayacaq, xarici təsirlərə güzəştə getməyəcək! Hansısa tərəfin yanında olmaq, hansısa hərbi-siyasi cəbhədə yer almaq Azərbaycan iqtidarının əsla yol verməyəcəyi seçimdir. Bu, birmənalıdır, əslində, heç müzakirə predmeti də deyil!

Bu baxımdan indi Azərbaycan nəinki postsovet məkanının, ümumiyyətlə, dünyanın ən azsaylı müstəqil siyasətə malik dövlətlərindəndir. Ölkəmizdən tələb olunan güzəştlər isə yalnız müstəqil siyasətlə bağlı deyil, həm də enerji resurslarının ixrac marşrutlarının müəyyənləşməsindən tutmuş daxili siyasətədək bütün məsələlərdə fövqəlgücün maraqlarını təmin etməkdir. Yəni, tutaq ki, digər ölkələrdə olduğu kimi, baş nazirin təqdimatı Avropadan, maliyyə nazirinin şəxsi işi ABŞ-dan, iqtisadiyyat nazirinin təklifi BVF-dən gəlir. Şimal sərhədlərimizi NATO-nun əsgərlərinin ixtiyarına veririk, cənub ərazilərimizdə digər əcnəbi dövlətin hərbi kontingenti meydan sulayır. Bakıda sərxoş olub vətəndaşlarımıza atəş açan xarici hərbçiləri isə mühakimə etmək iqtidarında olmuruq. Qarabağ boyu elə dəmir həlqə yaradılır ki, ora heç quş da uça bilmir.

Bəli, Azərbaycandan tələb olunan şərt budur! Prezident İlham Əliyevin şəxsində isə Azərbaycan bu tələblərə yox deyir!

Azərbaycanın müstəqilliyi Heydər Əliyevin şah əsəridir, onun bizə, o cümlədən ölkə Prezidentinə ən böyük əmanətidir. İlham Əliyev son 12 ildə böyük zəhmətlərlə, məşəqqətlərlə, mübarizələrlə bu müstəqilliyi kərpic-kərpic ucaldıb, möhkəmləndirib. Hər cür rəzil təsirə, mənfur kampaniyaya, şərəfsiz qarayaxmaya sinə gərib, dirənib, heç zaman güzəştə getməyib! Bu gün müstəqilliyimizdən qürurla bəhrələnməyimizin, ölkəmizdə yadellilərin at oynadıb bizə göz dağı vermək müsibətindən uzaq olmağımızın mahiyyətində məhz Azərbaycan Prezidentinin fədakarlığı dayanır!

Azərbaycan Liderinin müstəqil siyasətdən əl çəkib, məmləkətin müqəddəratını qonşu dövlətlərin acı taleyinə çevirməsi əsla mümkün olmayacaq! Buna görə də Azərbaycan “pressinq” altındadır, bu səbəbdən ölkəmiz və siyasi rəhbərlik genişmiqyaslı şər kampaniyasına məruz qalır. Gerçəklik budur ki, Azərbaycanın gücü Prezidentlə xalqın birliyindən: xalqın iradəsindən - Prezidentin qətiyyətindən qidalanır.

Azərbaycanı zəiflətmək üçün isə onun Liderini hədəf seçiblər.

Helsinki müddəalarını ən çox pozan ölkə

Bəli, ABŞ Konqresi nəzdində fəaliyyət göstərən Helsinki Komissiyasının qeyri-ciddi sanksiyaları nəzərdə tutan qanun layihəsi məhz belə mürəkkəb dövrdə ortaya çıxdı. Bu, həm Azərbaycanın müstəqil siyasətinə qarşı məlum şəbəkənin növbəti təzyiq cəhdi, həm də ABŞ-dakı seçki ərəfəsində erməni lobbisinin dəstəyini qazanmaq məqsədilə atılmış təbliğat addımıdır. Hər iki məqsəd bir-birini tamamlayır və Azərbaycana düşmənçilik xarakteri daşıdığını sübut edir. Yəni bu təzyiq vasitəsi heç də mövcud iqtidara qarşı deyil, tam əksinə, bütünlüklə dövlətimizə və xalqımıza yönəlmiş təxribatdır.

Qeyd edək ki, federal hökumətin müstəqil agentliyi kimi fəaliyyət göstərən, Konqresin nəzdində olan və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası adlanan bu qurum ABŞ-ın qanunverici orqanının hər iki palatasından 18 üzv və Dövlət Departamenti ilə Pentaqonun hərəsindən 1 üzv olmaqla təşkil olunur. Bu 20 amerikalı 40 il öncə imzalanmış Helsinki Aktının icrasına nəzarət və bu müqaviləni imzalamış 57 ölkədə insan hüquqları, demokratiya sahəsində işlərə töhfə vermək kimi vəzifəyə məsuliyyət daşıdıqlarını iddia edirlər.

Əslində, bu 57 ölkədən yalnız biri öz üzərinə belə bir öhdəlik götürür ki, digər 56 ölkənin “jandarmı”, təftişçisi, nəzarətedicisi olacağam, dövlətinizdəki proseslərin gedişinə son qiyməti mən verəcəyəm, mənim rəyim mütləqdir və ən əsası bu rəy müzakirə oluna bilməz!

Halbuki, bu 56 ölkədən nəinki Lixtenşteynin, yaxud Andorranın, heç Böyük Britaniya ilə Almaniyanın da hüququ yoxdur ki, o biri dövlətdən soruşsun ki, Helsinki Aktının 10 müddəasının hansına sən özün əməl edirsən?

Gəlin görək, suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, münaqişələrin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi və digər prinsiplər ABŞ-ın ölkə daxilində və dünya miqyasında göstərdiyi fəaliyyətdə qorunurmu, bunlara əməl olunurmu?

Bütün digər dövlətlərə vassal kimi yanaşmaqdırmı suveren bərabərlik?

İraqda illərdir qan axıdılmasıdırmı zor işlətməmək prinsipi?

Heç bir beynəlxalq razılıq olmadan Liviyaya qoşun yeritməkdirmi sərhədlərin toxunulmazlığı?


Qarabağ separatçılarına 25 ildir rəsmən maliyyə dəstəyi göstərib, onları silahlandırmaq, son həftədə isə ATƏT-in Minsk qrupuna təyin etdiyin həmsədrini bu separatçıların rəhbərliyi ilə görüşdürməkdirmi dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət?

Suriyada terrorçuları maliyyələşdirmək, radikal ekstremistləri silahlandırmaqdırmı münaqişələrin dinc yolla həll olunmasına çalışmaq?

Türkiyədə kürd separatçılarına muxtariyyət tələb etmək, Ukraynadan hansısa rezidentinə vəzifə istəmək, digər ölkədən hərbi baza üçün ərazi şərti irəli sürməkdirmi bir-birinin daxili işlərinə qarışmamaq?
Öz ərazində müsəlmanları təqib etmək, qaradərililərə divan tutmaq, latın amerikalıları əzmək, qanunsuz hərbi həbsxana yaratmaq, vətəndaşa işgəncəni hüquqi norma saymaqdırmı insan hüquqlarına və əsas azadlıqlara ehtiram?

İstədiyin vaxt hansısa dövlətin bank hesablarına həbs qoymaq, sənə boyun əyməyən ölkələrin vətəndaşlarına sanksiya tətbiq etməkdirmi beynəlxalq müqavilə öhdəliklərini vicdanla yerinə yetirmək?
Bəli, Helsinki müddəalarını ABŞ qədər pozan ikinci dövlət yoxdur!

Əgər bu prinsiplərin pozulmasına görə hansısa sanksiya tətbiq etmək lazım gəlsəydi və onlara amerikasayağı cəza verilsəydi, son 40 il ərzində ABŞ rəsmilərini azı yüz min dəfə mühakimə etmək olardı. Amma bəxtləri gətirib ki, çarmıxa çəkmək, edam etmək, elektrik stulunda qətlə fərman vermək kimi cəza növləri də yalnız ABŞ-da qüvvədədir!

İttihamlar əsaslıdırmı?

Bir məqama da nəzər salaq. Helsinki Komissiyası son üç ildə bir dəfə də olsun Ermənistanda, Gürcüstanda və digər postsovet ölkələrindəki durumu müzakirə etməyib. Qeyd edilən dövrdə təkcə Ermənistanda onlarla müxalifətçinin güllələnməsi, yüzlərlə etirazçının həbsi, prezidentliyə namizədin sui-qəsdə məruz qalması, prezident və parlament seçkilərinin total saxtalaşdırılması kimi faktlar baş verib. Amma buna rəğmən, son iki ildə Ermənistanla deyil, Azərbaycanla bağlı 10 dəfə (!) müzakirə keçirilib. Bu da antiazərbaycançı fəaliyyətin növbəti isbatı!

ABŞ rəsmilərinin xeyir-duası ilə başladığı şübhə doğurmayan “Helsinki avantürası” Azərbaycana qarşı ittihamlar irəli sürüb. Ölkəmizdə insan hüquqlarının, söz azadlığının pozulması, dindarların təqib olunması, seçki məsələsi, həbsxanada məhbusların vəziyyəti kimi ənənəvi dedi-qodular, əsassız fikirlər bu dəfə də səslənib. Ən maraqlı cəhət odur ki, ortada bir əsaslı fakt, arqument yoxdur!

Konkret cinayət hadisələrinə (vergidən yayınma, qanunsuz sənədlərin təşkili və s.) görə həbs edilən şəxslər ABŞ tərəfindən “siyasi məhbus” elan edilib. Bu adamların həbsinin siyasi motivli olmasını iddia etmək, ABŞ-ın həqiqətən də “demokratiya meyarı” olmağına inanmaq qədər ağılsızlıq olardı. Çünki ölkədə demokratik şəraitdən sui-istifadə edərək iqtidarı, şəxsən Prezidenti hər gün tənqid edən, hətta məhkəməyə verilməyəcəyinə əmin olduqlarından təhqirdən də çəkinməyən yüzlərlə radikal müxalifətçi funksioner və jurnalist var. Qəzetlərini də çıxarırlar, saytlarını da işlədirlər, sosial şəbəkələrdə hər cür hədyanları tirajlayırlar, istədikləri gün mitinqlərini də keçirirlər.

Yəni, bu gün həbsdə olanlar əslində, iqtidara qarşı heç də radikal mövqedə olmayıblar. Onların məlum ölkənin “beşinci kolon”u olması isə, əlbəttə ki, danılmazdır. Bu gün onların primitiv hay-həşirlə müdafiəsi də, sadəcə, buyruq qullarının xilas cəhdidir. Amma “sapı özümüzdən olan baltalar” elə səbatsız və təcrübəsiz olublar ki, aldıqları milyonluq qrantları düzgün sənədləşdirə, qanunsuz vəsaitləri gizlədə bilməyiblər. Mənimsədikləri vəsaitlərdən əlavə vergidən də yayınıblar, digər qanunsuzluqlara da yol veriblər. Bu şəxslər nə ilkin məhkəmədə, nə apelyasiya prosesində öz təqsirsizliklərini sübut edəcək adi bir fakt da göstərə bilməyiblər.

Amma Azərbaycanda insan hüquqlarının pozulması faktını inkar etmək niyyətində deyilik. Bəli, bir milyona yaxın həmvətənimiz öz yurdlarında bütün sosial hüquqlarından məhrum edilib, öz torpaqlarına həsrət qalıblar. Təəssüf ki, onların bu hüquqlarını pozanlar bu gün “insan azadlıqlarının cəfakeşinə” çevrilən ABŞ-ın fəal dəstəyinə arxalanaraq, yüz minlərlə həmvətənimizi müsibətdə saxlayır. ABŞ bir milyon azərbaycanlının hüquqlarının pozulmasına görə elə separatçılar qədər məsuliyyət və günahkarlıq daşıyır!

Ölkədə dindarların təqibindən danışanlar, yəqin, ölkənin konstitusion quruluşuna qarşı hüquqazidd fəaliyyətə görə Nardaranda həbs edilən radikal ekstremistləri nəzərdə tuturlar. Onların da cinayətləri tam əsaslandırılıb və hazırda istintaq gedir. Özü də bu ekstremistlər “Quantanamo”da saxlanan əqidə qardaşlarından fərqli olaraq, nə ayaqlarından asılırlar, nə qaynar suya salınırlar, nə də lütləndirilib şəkilləri çəkilir. Müasir standartlı təcridxanada ən yüksək kalorili yeməklə qidalanır və daim həkim nəzarətindədirlər. Unutmayaq ki, bu insanlar iki Azərbaycan polisini də həyatdan məhrum ediblər.

Amma Dilqəm Əsgərov və Şahbaz Quliyev 18 aydır ki, separatçıların həbsxanasında olmazın zülmləri çəkirlər. Öz doğma yurdlarını silahsız ziyarət edən mülki şəxslərə qarşı törədilən işgəncələrin məsuliyyəti isə separatçılarla yanaşı, onların hər mənada himayədarı olan ABŞ rəsmilərinin də vicdanına yazılır!
Azərbaycanda keçirilən parlament seçkiləri kampaniyası dövründə və nəticələr elan ediləndən sonra bir konkret etiraz irəli sürə bilməyən, elementar nöqsan tapmayan ABŞ-ın bəlli qurumları bu gün dil açıblar. Amma əllərində nə bir fakt, nə də hüquqi sənəd var. Lakin iki həftə öncə Ermənistanda hakimiyyətin mənimsənilməsi məqsədilə keçirilən referendumun nəticələrinin ən ağlasığmaz üsullarla saxtalaşdırılması və bunu minlərlə fakta əsasən sübut edən müxalifətin mitinqlərinin davam etməsi kimi gözəgirən hadisəni görməzdən gələn ABŞ-ın Helsinki Komissiyası erməni havadarlarını qəzəbləndirməkdən qorxur! Demək, sabah Serj Sarkisyan ölkəsində monarxiya rejimi tətbiq etsə, Helsinki Komissiyası buna da etiraz bildirməyə cəsarət tapmayacaq!

Ən təəssüfedici məqam budur ki, ABŞ Konqresinin müzakirəsinə verilən qanun layihəsində bədnam “907-ci düzəliş”ə qoyulan moratoriumun ləğvi də istənilir. Yəni, Helsinki Komissiyasının dili ilə ABŞ rəsmiləri Azərbaycanı “Dağlıq Qarabağ xalqına qarşı təcavüzə və Ermənistanı əsassız blokadada saxlamağa” görə ittiham edirlər!

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur...

Azərbaycana qarşı avantüranın müəllifi ermənilərin ən böyük amerikalı dostudur

Antiazərbaycançı şəbəkənin erməni lobbisinin dəstəyilə hazırladığı yeni avantüranın arxasında da, şübhəsiz ki, erməni barmağı dayanır. Amma bu dəfə həmin “barmaq” prosesləri kənardan idarə etmir, əksinə, proseslərin tam mərkəzində dayanaraq, qanun layihəsinin müəllifi kimi çıxış edir.

Kris Smit... Nyu-Cersi ştatının Konqresdə təmsilçisi. 62 yaşlı bu adam dəfələrlə siyasi əqidəsini, partiya mənsubiyyətini dəyişsə də, bir məsələdə daim prinsipial qalıb: erməni təəssübkeşliyi! Etiraf edib ki, bu xalqı uşaqlığından sevir. Siyasi olimpə də məhz bu sevgisi əsasında yüksəlib. ABŞ-da ermənilərin məskunlaşmasına görə dördüncü yerdə qərarlaşan Nyu-Cersidə məhz bu lobbinin dəstəyilə 24 ildir Konqresdə təmsil olunur.

Konqresə gəldiyi gündən etibarən antitürk mövqeyində dayanıb və “erməni soyqırımının” tanınması prosesinin əsas rəhbərlərindən birinə çevrilib. Bu mövzudakı bütün qətnamələrin, müraciətlərin ilk üçlüyündə məhz K.Smitin imzası olur. Təkcə bu il ərzində “erməni soyqırımı” ilə bağlı 5 qanunverici təşəbbüslə çıxış edib. ABŞ Prezidentinə, Konqresə, ictimaiyyətinə çoxsaylı müraciətlərində “erməni soyqırımını” Holokostdan da faciəli sayır, hər bir amerikalının bu “genosidi” tanımasına çalışacağını vəd edir. Onun rəsmi saytındakı məlumatların və şəkillərin, demək olar ki, yarısı məhz ermənilərlə əlaqəlidir. Dəfələrlə qürurla bildirib ki, o, ermənilərin ən böyük amerikalı dostudur (!).

Ümumiyyətlə, bu konqresmen daim antiazərbaycançı mövqedə olub. Məsələn, 2008-ci ildə Ermənistanda prezident seçkilərində vətəndaşların gülləbaran edilməsinin Helsinki Komissiyasında müzakirəsini məcradan uzaqlaşdıraraq, əsas problemin etirazçıların ölümü yox, məhz “erməni soyqırımının” tanınmaması olduğunu bəyan edib. Yaxud dəfələrlə Azərbaycanı “Dağlıq Qarabağ” xalqını təhdid altında saxlamaqda, atəşkəsi pozmaqda və Ermənistana qarşı militarist siyasətdə” günahlandırıb.

Bir sözlə, K.Smitin simasında biz dünya erməniliyinin ən böyük dəstəkçilərindən, daha doğrusu, buyruq qullarından birini görürük. Və o, bu gün növbəti sifarişi yerinə yetirir: Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş qanun layihəsinin müəllifi kimi...

Taktiki hədəf iqtidar, strateji hədəf isə Azərbaycandır!


Görünən odur ki, Azərbaycana qarşı yürüdülən savaş yalnız ABŞ tərəfdən atılan “güllələrlə” məhdudlaşmayacaq. Belə ki, xalqımızın “böyük dostu” olan məlum və məşhur Torbyörn Yaqland da antiazərbaycançı fəaliyyət üçün sifariş alıb. Avropa Şurasının baş katibi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb. Bəlkə də burada təəccüblü bir məqam olmazdı, əgər bu hüququndan Torbyörn Yaqland indiyədək istifadə etsəydi. Bəli, baş katib ilk dəfədir ki, buna əl atır.

Əslində, rəsmi Bakı heç bir araşdırmadan narahatlıq keçirmir, əgər bu, obyektiv aparılsa. Yox, əgər Azərbaycandakı real durumu öyrənib, təhlil aparmadan Vaşinqtondan gələn təlimatlar əsasında Strasburqdan məlum bəyanatlar səslənəcəksə, - bunun əslində, belə olacağına zərrə qədər də şübhə yoxdur - demək, Avropa Şurası da artıq siyasi hərracdakı yerini bəlli edəcək.

Düymə basılıb, proses başlayıb...


Antiazərbaycançı şəbəkə bütün arsenalı ilə hücumdadır. Şübhəsiz ki, fəaliyyətləri yalnız beynəlxalq təzyiqlə yekunlaşmayacaq. Ölkəni içəridən də çalxalamağa çalışacaqlar. Qlobal böhranın Azərbaycana da təsirsiz ötüşməyən fəsadlarından bəhrələnməkdən başlamış “beşinci kolonlarının” dövriyyəyə girməsinədək bütün istiqamətlərdə məmləkəti təhdid etməyə çalışacaqlar.

Bu cəhdlərin uğursuz olacağı dəqiqdir. Çünki Azərbaycanın möhkəm dövlətçiliyi, bu dövlətin etibarlı idarəçisi, qətiyyətli Lideri, dövlətinə sahib çıxan vətəndaşları var!

İndi daha həssas və ayıq olmalıyıq. Çünki bu, iqtidar və siyasi mənafe məsələsi deyil, sırf dövlətçilik məsələsidir.

Taktiki hədəf iqtidar, strateji hədəf isə Azərbaycandır!

Azərbaycanımıza sahib çıxmağın, dövlətçiliyimizi və müstəqilliymizi qorumağın yolu isə Prezident ətrafında daha sıx səfərbər olmaqdan keçir. Unutmayaq, bu seçimin yalnız və yalnız bir alternativi var: suriyalılar, iraqlılar, digər Şərq xalqları kimi müsibətlərə düşmək!..



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1068 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...