Azərbaycanın xarici işlər naziri: "Növbə Ermənistanındır"

Azərbaycanın xarici işlər naziri: "Növbə Ermənistanındır"


"Prezidentlərin Bern görüşündə münaqişənin humanitar aspektləri müzakirə olundu. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir daha qaldırıldı".

APA-nın məlumatına görə, bunu "Azərtac"a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir xatırladıb ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-ci il 27 oktyabr tarixli Həştərxan, 2011-ci il 5 mart və 2012-ci il 23 yanvar tarixli Soçi bəyanatlarında əsir və girov götürülmüş şəxslərin, meyitlərin qaytarılması və münaqişənin humanitar aspektləri üzrə əməkdaşlıq nəzərdə tutulurdu: "Prezidentlərin Paris görüşündə itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə məlumat mübadiləsi mexanizminin yaradılması təklif edildi. Dörd mindən artıq vətəndaşı itkin düşmüş hesab edilən Azərbaycan Fransa Prezidenti Fransua Ollandın humanitar xarakter daşıyan bu təşəbbüsünü dəstəkləyir.

Bu xüsusda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və İsveçrə hökumətinin həyata keçirdikləri humanitar missiyasını alqışlayırıq. BQXK-nin hazırladığı son siyahı əsasında 4496 nəfər itkin düşmüş şəxs kimi müəyyən edilib. Ümid edirik ki, bu layihənin uğurla həyata keçirilməsi nəticəsində 20 ildən artıq bir dövrdə itkin düşmüş hesab olunan şəxslərin ailələrinə onların taleyi barədə müəyyən məlumatın verilməsi mümkün olacaq".

Nazir bildirib ki, ATƏT Minsk qrupunun həmsədrlərinin 2015-ci il 3 dekabr tarixli bəyanatında Azərbaycan tərəfindən təmas xəttini keçmiş bir nəfər əsgər və bir nəfər mülki şəxsin Ermənistana qaytarılması təqdirəlayiq humanitar akt və beynəlxalq humanitar öhdəliklərə uyğun addım kimi qiymətləndirilib: "Həmçinin tərəflərə çağırış edilərək, Həştərxan bəyanatının ruhunda qalan bütün əsir və girovların qaytarılması qeyd edildi.

Onu da bildirim ki, bundan bir qədər əvvəl Azərbaycan tərəfdən xoş niyyətin göstəricisi olaraq daha bir ailə də Ermənistan tərəfinə təhvil verildi. Odur ki, növbə Ermənistanındır. Rəsmi Yerevan beynəlxalq humanitar öhdəliklərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, itkin düşmüş şəxslərlə əlaqədar məlumat mübadiləsi prosesində iştirak etməli və soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad olunmasını təmin etməlidir.

Bir daha qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Ermənistanın işğalının nəticələrinin aradan qaldırılmasına, yekunda beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına xidmət edən nəticə yönümlü danışıqlara hazırdır.

Azərbaycan 2016-cı il ərzində də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin həlli istiqamətində aktiv fəaliyyətini davam etdirəcək. Nəhayət, Ermənistan rəhbərliyi anlamalıdır ki, beynəlxalq ictimaiyyətin tələb etdiyi kimi qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Yalnız bundan sonra regionda davamlı sülh, sabitlik bərqərar ola və hərtərəfli iqtisadi inkişaf üçün böyük imkanlar yarana bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...