Qaradağda hesabat yığıncağı keçirilib - FOTOLAR
Qaradağ Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. GUNDEMİNFO.AZ xəbər verir ki, 19 iyul 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Hesabat yığıncağı öz işinə başlamadan öncə Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2016-cı il tarixli iclasında cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərini vurğuladı.
Qeyd etdi ki, dövlət başçısı proqramxarakterli çıxış nitqində bu ilin altı ayında ölkəmizin xarici siyasətinin fəal olduğunu, 10-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyən Prezident cənab İlham Əliyev cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu bildirmişdir. Ölkə başçısı vurğulayıb ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb.
Həmçinin cənab Prezident İlham Əliyev dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini Azərbaycanda isə uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu öz nitqində qeyd etmişdir. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırdı. “Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir”, - deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən müddət ərzində rayonda əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılıb.
Dövlət Başçısının tapşırığına əsasən Nazirlər Kabinetinin Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər nəzərdə tutan 22 yanvar 2016-cı il tarixli 8 saylı qərarı qəbul edilmişdir. Bu qərara əsasən Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10960 nəfər yaşayan 274 qamış və taxta konstruksiyalı yaşayış binalarının, habelə Qaradağ rayonunun ərazisində yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını pilot layihə olaraq 5 il müddətinə Qaradağ Rayon İcra Hakimiyyətinin həyata keçirməsinə icazə verilmişdir. Artıq Lökbatan qəsəbəsində 13 qamış tipli qəzalı evlərdə yaşayan əhali üçün “Azkomfort” MMC tərəfindən yeni çoxmərtəbəli binaların inşasına başlanılıb.
Ötən dövrdə rayonumuzun ən ucqar qəsəbəsi olan Çeyildağ qəsəbə sakinlərinin yeni iş yerləri ilə təmin edilməsi məqsədi ilə xalçaçılıq sexi açılmış və 16 nəfər işlə təmin edilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə vəsaiti hesabına qeyri məşğul əhalinin yeni iş yerlərinə cəlb olunması istiqamətində ötən müddət ərzində rayonumuzda ümumilikdə yaradılmış 1175 vakansiya üzrə 1076 nəfər qeyri məşğul əhali yeni iş yerləri ilə təmin edilib.
Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov daha sonra bildirmişdir ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb.
30 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mətanət-A” şirkətinin Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Yeni Ağdağ gips zavodunun açılış mərasimində və aprel ayının 22-də Gəmiqayırma zavodunda “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi tədbirində iştirak etməsi ölkəmizdə bütün sahələrinə, o cümlədən sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
2016-cı ilin birinci yarısının yekunlarına əsasən rayon üzrə 309 milyon manatlıq sənaye məhsulu, o cümlədən qeyri dövlət müəssisələri tərəfindən 157 milyon manatlıq və dövlət müəssisələri tərəfindən isə 152 milyon manatlıq sənaye məhsulu istehsal olunub.
İstehlakçılara 388 milyon manatlıq məhsul göndərilmişdir. Neft və qaz sənayesi müəssisələrində 293 min ton xam neft və 314 milyon kub metr təbii qaz hasil olunub.
Rayonun sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 47 milyon 236 min manat investisiyadan istifadə edilib.
Rayon üzrə 705 min ton sement, 33 min ton mişar daşı istehsal edilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1 milyard 78 milyon manat, rabitə xidmətlərinin həcmi 1 milyon 171 min manat və əhaliyə göstərilən pullu xidmətlər isə 52 milyon manat olmuşdur.
Hesabat dövründə avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 34 milyon manatlıq xidmətlər göstərilib.
Rayonun Sanqaçal qəsəbəsi ərazisində Neft-Qaz və Neft-Kimya Kompleksinin salınması üçün ümumi sahəsi 3850 hektar olmaqla, Qaradağ rayon ərazisindən 1875 hektar torpaq sahəsi ayrılıb.
Kompleksin tikintisinə təxminən 7 milyard ABŞ dolları vəsait xərclənəcək. Tikinti işləri zamanı ərazidə 30 min, istehsal prosesində isə 15 mindən çox vətəndaş işlə təmin olunacaqdır.
Məruzə ətrafında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon Sukanal idarəsi tərəfindən hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələrə dair çıxış edən Qaradağ Rayon Sukanal idarəsinin rəisi Etibar İbrahimov, Ordu sıralarına yola düşən gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması başlıca şərtdir ətrafında -çıxış edir Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsini rəisi Novruz Rəhimov çıxış edərək rayon İcra hakimiyyətinin 2016-cı ilin birinci yarısındakı fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilib.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirib.
Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verib.
2073 dəfə oxundu