Bir salama görə müğənnini döyən meyxanaçıya HÖKM OXUNDU

Bir salama görə müğənnini döyən meyxanaçıya
Abşeron Rayon Məhkəməsində bir neçə ay əvvəl Masazırdakı “Qəbələ” restoranında xanım müğənnini döyən meyxanaçı Qalib Xocalıya hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyxanaçı Cinayət Məcəlləsinin 127 və 221-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq) maddələri ilə təqsirli bilinib.

Qeyd olunub ki, 1991-ci il təvəllüdlü Qalib Xocalı hadisədən bir neçə ay əvvəl müğənni, 1984-cü il təvəllüdlü Aynur Həsənli (ad və soyad şərtidir) ilə məclisdə tanış olub. Lakin daha sonra onların arasındakı münasibət soyuqlaşıb. Hadisə baş verən gün isə Qalib Xocalı tanışı ilə “Qəbələ” restoranına gedib. Aynur Həsənli isə həmin vaxt restoranda müğənni kimi çıxış edirmiş. O, mahnı oxuyub masa kənarına gələrkən əyləşmiş şəxslərə, eləcə də Qalib Xocalıya salam verib. Lakin Qalib Xocalı onun salamını almayıb və aralarında mübahisə yaranıb. Buna əsəbiləşən Qalib Xocalı masadan qalxaraq Aynura zərbə endirib. Nəticədə müğənni burun sümüyünün yerdəyişən sınığı, sağ göz yuvasının və sol mil-bilək oynağı nahiyəsinin qançırları xəsarətləri alıb.

Döyülən müğənni hadisə zamanı masadakı qəndqabını meyxanaçıya atsa da, həmin əşya Qalibə dəyməyib.

Ekspertizanın nəticələri açıqlanandan sonra meyxanaçıya cinayət işi açılıb. İşin materialları daha sonra Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə meyxanaçı ilk dəfə cinayət törətdiyini, Vətən müharibəsində iştirak etdiyini, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” və “Şuqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunduğunu söyləyərək, ona yüngül cəza verilməsini xahiş edib.

Müğənni də meyxanaçını bağışladığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə meyxanaçıya iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Qalib Xocalının üzərinə elektron qolbaq taxılıb.

Onun yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməsi qadağan edilib, həmçinin üzərinə digər inzibati öhdəliklər qoyulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...