Nazpəri Dostəliyevanın oğurlanmış seyfi tapıldı

Nazpəri Dostəliyevanın oğurlanmış seyfi tapıldı

Xalq artistinin 10 gün əvvəl oğurlanmış qızıl-zinət əşyalarının axtarışı, əməliyyatçıları müğənninin “tarixi vətəninə” aparıb çıxarıb

Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, Sumqayıt sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az zərə vurma) maddələri ilə məhkum edilən Hüseynli Yunis Hüseyn oğlu və Verdiyev Ruslan Əzizağa oğlu saxlanılıblar.

Cinayətkar qruplaşmanın daha iki mümkün üzvü — Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər. Onların hər ikisi Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə məhkum ediliblər.

Xatırladaq ki, Sputnik Azərbaycan bundan əvvəl xəbər vermişdi ki, cinayətkarlar avqustun 19-da Çəmənzəminli küçəsi ev 15-də yaşayan müğənninin mənzilinə qapı qıfılına açar seçmə üsulu ilə daxil olublar və evdən 100×80 santimetr ölçüsündəki böyük seyfi çıxarıblar. Ev sahibəsi iddia edir ki, seyfdə çox böyük məbləğ dəyərində zinət əşyaları, məbləğini bilmədiyi miqdarda pul və sənədlər olub.

Hüquq-mühafizə orqanları əməkdaşları araşdırma zamanı pulun və zinət əşyalarının ancaq bir hissəsini qaytara biliblər. Belə ki, əməliyyatçılar Hüseynlinin mənzilində 8 min ABŞ dolları, 205 avro, 2 min manat və şəxsi istifadə üçün nəzərdə tutulan heroin aşkar edərək, götürüblər. Verdiyevin mənzilində axtarış zamanı 7 qram heroin tapılıb.
Təəssüflər olsun ki, əməliyyatçılar Azərbaycan xalq artistinin qızıl-zinət əşyalarının ancaq bir hissəsini qaytara biliblər. Verdiyevin atası, 1958-ci il təvəllüdlü Əzizağa Verdiyev cinayət yolu ilə əldə edilən 2 min 300 manatı və qızılların bir hissəsini polisə təhvil verib. Əməliyyatçılar müğənninin seyfini isə Sumqayıtın 76-cı kvartalının ərazisindən axan su kanalının dibində aşkar ediblər.

Faktla bağlı istintaq davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...