Sərkisyanın pul seçkisi: Avropa niyə susdu?
Ermənistanda qanun pozuntuları və total saxtakarlıqla müşayiət olunan ötəngünkü parlament seçkilərini erməni siyasilər “pul seçkisi” adlandırıblar.
Axar.az xəbər verir ki, bu haqda ilk iddianı Ermənistanın keçmiş prezidenti Robert Köçəryan səsləndirib. Köçəryan bildirib ki, əhalinin həddən artıq yoxsulluğu, Ermənistanın iqtisadi çöküşü ərəfəsində baş tutan bu seçkilərdə seçicilər öz səslərini çox az miqdarda pul müqabilində satıblar. Bu səslərin hakimiyyət tərəfindən alındığını vurğulayan R.Köçəryan belə prosesdə iştirak etməməsinə də aydınlıq gətirib: “Pul seçkisində iştirak etməyi mənasız saydım”.
Bu gün isə Azad Demokratlar Partiyasından deputatlığa namizəd Stepan Səfəryan anoloji ittihamı səsləndirib. O da bu seçkilərin “pul seçkisi” olduğunu vurğulayıb.
Yelk blokunun üzvü Aram Sərkisyanın fikri də R.Köçəryan və S.Səfəryandan fərqlənməyib. O, qeyd edib ki, seçkilər zamanı rüşvətin paylanması ilə rüsvayçı qanun pozuntularına yol verilib.
Seçki prosesi zamanı Ermənistanın Ombudsman Aparatı saat 16:30-a qədər olan məlumatı yaymışdı. Bildirilirdi ki, həmin saata qədər Ombudsman Aparatına qanun pozuntuları ilə bağlı 800 müraciət daxil olub. Günün sonunda isə ümumilikdə seçkilərlə bağlı qanun pozuntusu barədə məlumatların 1900-ü keçdiyi üzə çıxdı.
Qanun pozuntuları əsasən əhalinin seçki prosesindən kənarda qalması ilə bağlı idi. Guya “seçki karuselinin” (bir şəxsin bir neçə dəfə səs verməsi) qarşısını almaq üçün seçki məntəqələrinə quraşdırılan aparatlar barmaq izlərini “tanımamaqla” əslində seçicilərin böyük hissəsini səsvermədən kənarda qoydu. Ermənistanın keçmiş prezidenti və Ermənistan Milli Konqresinin lideri kimi seçkiyə qatılan Levon Ter-Petrosyan və Ermənistan parlamentinin sədri Qalust Saakyanın eyni problemlə üzləşməsi və medianın bu məsələni ictimailəşdirməsi seçkidən kənarda qoyulan seçicilərin sayını təsəvvür etməyə imkan verir. Hətta Prezident Serj Sərkisyanın pasportunu texniki vasitənin “tanımaması” sözügedən avadanlıqların hansı məqsədə xidmət etdiyini üzə çıxardı.
Siyasi müşahidəçilər isə bu cür vasitələrlə seçicilərin kənarda saxlanılmasında məqsədin total saxtalaşdırma olduğunu vurğulayırlar. İddialara görə, seçici fəallığından ehtiyat edən Sərkisyan hakimiyyəti seçiciləri bu yolla prosesdən kənarlaşdırıb və boş qalan bülletenlərdən saxtakarlıq üçün istifadə edib.
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan da bu səbəblərdən seçkinin kütləvi qanun pozuntusu ilə keçdiyini açıqlayıb. Azad Demokratlar Partiyası isə seçkinin nəticəsini tanımadığını bəyan edib.
Bütün bunların fonunda, seçkidən bir gün keçməsinə rəğmən, Avropa demokratik institutlarının susması maraqlı görünür.
Qeyd edək ki, konstitusiya dəyişikliyindən sonra Ermənistanda keçirilən ötəngünkü parlament seçkiləri xüsusi önəm daşıyır. Çünki bu seçkilərdən sonra Ermənistan parlament idarə-üsuluna keçir. Qanunvericiliyə əsasən, deputatların sayı 131-dən 105-ə endirilir.
Seçkidə 5 siyasi partiya və 4 seçki bloku iştirak edib. Ermənistan MSK-sının elan etdiyi son nəticəyə görə, parlament seçkilərində baryeri Respublika Partiyası (49,12%), Çarukyan bloku (27,32%), Yelk bloku (7,77%) və Daşnaksütyun Partiyası (6,57%) keçib.
Ermənistan parlamentinə düşmək üçün partiyalar 5, siyasi bloklar isə 7 faizlik baryeri aşmalıdır.
947 dəfə oxundu