Fransanın de-fakto 25-ci prezidenti nə solçudur, nə sağçı - ŞƏRH
Fransada prezident seçkisinin birinci turu keçirildi. ATƏT-in Minsk qrupunda həmsədr üç dövlətdən (ABŞ, Rusiya) biri olduğundan Fransada keçirilən bu siyasi kampaniyanın nəticələri Azərbaycan cəmiyyəti üçün az maraq kəsb etmir.
Seçkinin birinci turunun qalibləri “İrəli” hərəkatının qurucusu Emmanuel Makron və sağ Milli Cəbhə Partiyasının lideri Marin Le Pen olub. Keçmiş bankir və iqtisadiyyat naziri Makron səslərin 23,75 faizini, Marin isə 21,53 faizinin toplayıb. Seçkidə iştirak edən digər namizədlər - sabiq baş nazir, Respublikaçılar Partiyasının namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb. Sonuncu yeri isə sosialistlərin lideri Benua Amon tutub.
Seçkinin ikinci turu mayın 7-də keçiriləcək. Həmin gün Fransa tarixində 25-ci prezidentin adı məlum olacaq. Qeyd edək ki, prezident seçkisi ölkə tarixində 11-ci dəfədir keçirilir.
Nəzəri cəhətdən Fransanın 25-ci prezidentinin Makronun olacağını indidən də söyləmək olar. Çünki ölkə prezidenti Fransua Olland, baş nazir Bernar Kaznev, xarici işlər naziri Jan-Mark Eyro, habelə keçmiş iqtisadiyyat nazirinin seçkidəki rəqibləri - Fransua Fiyon, Jan-Lyuk Melanşon və Benua Amon da onu dəstəkləyir. Bu isə ikinci turda Makronun 50 faizdən çox səs toplayacağını indidən ehtimal etməyə əsas verir.
1958-ci ildən 5-ci respublikanın tarixində ilk dəfə ikinci tura nə sosialistlər, nə də sağ mərkəzçilər keçə bilməyib.
Fransanın nəzəri cəhətdən 25-ci prezidenti Emmanuel Makron 1977-ci il dekabrın 21-də Amen şəhərində anadan olub. 2014-cü il avqustun 26-da iqtisadiyyat naziri təyin edilənədək müxtəlif dövlət vəzifələrini tutub.
2016-cı il avqustun 30-da istefa verərək 2017-ci ildə keçirilən prezident seçkisində iştirak edəcəyini bildirib. 2016-cı ilin aprelində “İrəli” Siyasi Hərəkatını yaradıb. O, tərəfdarları qarşısında çıxış edərək bildirmişdi: “Bütün vətənsevər ovqatlı Fransa əhalisinin milliyyətçilərə qarşı prezidenti olacaq”. Makron Avropa İttifaqının və NATO-nun qatı tərəfdarıdır. Fələstin dövlətinin müstəqilliyini dəstəkləmir. Terrorçuluğa qarşı sərt mübarizənin tərəfdarıdır.
Onun ikinci turdakı rəqibi Marin Len Pen isə özünü “xalq namizədi” adlandıraraq başlıca hədəfinin “Fransanın dirçəlməsi” olduğunu bildirmişdi.
O, Fransanın Avropa İttifaqından çıxmasının tərəfdarıdır. Bunun üçün Britaniyadakı “Brexit”ə uyğun referendumun keçirilməsini dəstəkləyir. Le Pen Rusiya ilə əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Hətta Rusiya prezidenti Vladimir Putin bu il martın sonunda onu Kremldə qarşılayıb. Marinə “Milli Cəbhə” atası Jan Le Pendən qalıb. O, atasının apardığı milliyyətçilik siyasi xəttini davam etdirir.
İşğal altında olan Dağlıq Qarabağ torpaqlarının işğaldan azad edilməsi ilə bağlı beynəlxalq vasitəçilərdən biri olduğundan Fransanın Minsk qrupundakı fəaliyyəti və ədalətli mövqeyi Azərbaycan cəmiyyəti üçün maraqlıdır. Bu baxımdan ölkənin yeni prezidentinin ermənilərlə bağlı məsələyə münasibəti də Azərbaycan üçün indiqator sayıla bilər.
İkinci tura qalan hər iki namizədin öz ölkələrinin gələcəyi ilə bağlı məsələyə münasibəti Azərbaycan üçün elə də əhəmiyyətli deyil. Ancaq onların ermənilərə və Dağlıq Qarabağ məsələsinə yanaşması daha mühümdür.
Makron seçkiqabağı kampaniya zamanı bildirib ki, 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına" dair qanunun qəbul edilməsi istiqamətində fəaliyyət göstərmək lazımdır.
Ultramilliyyətçi Marin Le Pen Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün deyib: "Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir. SSRİ-nin dağılmasından sonra meydana çıxan sərhədlər beynəlxalq səviyyədə tanınıb, ancaq Dağlıq Qarabağın müstəqilliyindən daha çox, bölgənin Ermənistana birləşdirilməsinə dair Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşma daha məqbul olardı”.
Beləliklə, Avropa İttifaqı, o cümlədən Fransa cəmiyyətinin milliyyətçilik demaqoqiyasından tam qurtulması üçün iki həftə qalıb. Avropanın daha bir ölkəsinin sağlam düşüncəli insanları neofaşist milliyyətçi siyasi görüşün hakimiyyətə gələ bilməməsi üçün müqavimət göstərir.
Qeyd edək ki, martın 15-də Niderlandda keçirilən parlament seçkilərində oxşar siyasi qüvvələr üz-üzə idi. Ancaq orada mövcud baş nazir Mark Ruttenin başçılıq etdiyi Azadlıq və Demokratiya uğrunda Xalq Partiyası parlamentdəki 150 yerdən 33-nü qazanaraq birinci, Gert Vildersin radikal sağçı Azadlıq Partiyası isə 20 yerlə ikinci olub.
“Brexit” (Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutur – “Report”) və ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra Hollandiya yanlış bir populizmə “xeyir” dedi. Artıq kampaniya başa çatdı. Birlikdə stabil bir hökumət qurmalıyıq”, - Mark Rutte səsvermənin nəticələrindən sonra bildirib.
Bütün bunlarla yanaşı, Marin Le Penin ikinci tura qalması, Hollaniyada Gert Vildersin parlamentdə ikinci, yaxud ana müxalifət olması milliyyətçiliyin Avropada hakimiyyətin bir addımlığında olduğunun göstəricisi də sayıla bilər. Əvvəllər Qərbdə bu kimi hissləri gücləndirmək üçün keçmiş SSRİ amilindən istifadə edirdilər. İndi isə heç şübhəsiz həmin qüvvələrin fəallaşması üçün Orta Şərqdəki “radikal İslam” kartından yararlanaraq, Avropada neonasistlərə meydan veririlər. Ancaq məlum olan bir həqiqət də var. Belə qüvvələri hakimiyyətə yaxın buraxmaq Avropanın özünün fəlakəti ola bilər. Çünki Qərb, o cümlədən Avropa 1933-cü ildə Almaniyada milliyyətçi-sosialistlərin hakimiyyətə gəlməsindən yaxşı dərs alıb. Ona görə də ehtimal etmək olar ki, Fransada da onların təmsilçisinin prezident olmasına imkan verilməyəcək.
896 dəfə oxundu