FED iyunda uçot dərəcəsini artıracaq
ABŞ Federal Ehtiyat Sistemi (FED) dünən, mayın 3-də keçirdiyi iclasında gözlənildiyi kimi uçot dərəcəsini dəyişdirməyib və 0,75-1% səviyyəsində təsdiq edib. "Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, FED iyun ayında faizlərin artırılması ilə bağlı önəmli açıqlamalar verib. FED ilk rübdə ABŞ iqtisadiyyatındakı zəif artım tempinə önəm vermədyini, bunun keçici olduğunu qeyd edərək əmək bazarındakı vəziyyətin yaxşı olduğunu bildirib. Həmçinin, FED ölkədə istehlak xərclərinin arzu olunan səviyyədə reallaşdığını, kommersiya müəssisələrinin investisiyalarının artdığını, inflyasiyanın 2% hədəfinə yaxınlaşdığını xatırladıb.
"Report"un analitik qrupu bildirir ki, FED-in açıqlamaları iyun iclasında uçot dərəcəsinin böyük ehtimalla artırılacağını göstərir. İyunun 13-14-də keçiriləcək növbəti iclasa qədər ABŞ iqtisadiyaytından nisbətən zəif göstəricilərin gəlməsi FED-i faizləri artırmaq qərarından çəkindirə bilməyəcək. Analitik qrup bildirir ki, hazırda ABŞ-da real faizlər mənfi 1% təşkil edir. Belə ki, inflyasiya 2%-ə yaxınlaşıb, FED-in faiz dərəcəsi isə 1%-dən aşağıdır. Bu isə maliyyə bazarlarına, xüsusilə dolların məzənnəsinə mənfi təsir edə bilər. Ona görə də FED-in tezliklə faizləri 2% həddinə çatdırması gözlənilir. Bu səviyyəyə çatana qədər isə dolların qlobal valyuta bazarında möhkəmlənməsi gözlənilmir. Dolların məzənnəsi FED-in uçot dərəcəsi 2%-i keçəndən sonra yüksəlməyə başlayacaq. Bu dövr ərzində fond birjaları və əmtəə qiymətləri də sabit qalacaq. Neftin qiymətinin isə 45-60 dollar/barel diapazonunda qalacağı ehtimal edilir.
İyun iclasına qədər isə dolların nisbətən möhkəmlənəcəyi, uçot dərəcəsi artırıldıqdan sonra isə zəifləyəcəyi proqnozlaşdırılır. Yaxın 1 il ərzində isə dolların məzənnəsində önəmli dəyişiklik gözlənilmir. Əsas valyuta cütlüyü - avro/dolların məzənnəsi 1,04-1,10 USD/EUR diapazonunda hərəkət edəcək.
793 dəfə oxundu