İran qadınlarının 50 faizi hicabdan imtina etdi
İranın İslam Təbliğat Təşkilatının mədəniyyət işləri üzrə baş direktoru, axund Əhməd Sehətqol ölkə qadınlarının məcburi hicabla bağlı tətbiq edilən qadağa və məhdudiyyətlərə riayət etməməsindən, cəmiyyətdə hicabın getdikcə azalmasından gileylənib.
Axar.az xəbər verir ki, axund İran İslam Respublikasında hicabın gündən-günə öz əhəmiyyətini itirdiyini deyərək, bunun təhlükə siqnalı olduğunu bildirib:
“Əgər ölkədə hicaba və onun qaydalarına nə qədər riayət olunub-olunmaması ilə bağlı ekspertlərin hazırladığı hesabat və rəqəmlərə nəzər salsaq, görərik ki, ölkənin 10 əyaləti şəriət qaydaları baxımından vacib sayılan hicabla əlaqədar qoyulan qırmızı xətti keçiblər.
Lakin həmin əyalətlərdə hicab qaydalarına riayət olunması nə qədər zəifləsə də, peyk antenləri ilə verilişlər yayan xarici şəbəkələr və müxtəlif virtual aləm şəbəkələri iranlıların ailələrinə yol tapsa da, xoşbəxtlikdən demək olar ki, hələ də cəmiyyətimizdə qadınların 50 faizi hicablıdır və onlar şəriətin nəzərdə tutduğu hicaba, çarşaba riayət edirlər. Hesab edirəm ki, bununla fəxr edə bilərik”.
Qeyd edək ki, son günlərdə hakimiyyətdə təmsil olunan müxtəlif ruhanilər, axundlar bəyanatlar yayaraq, ölkədə hicabın gündən-günə zəiflməsindən nigaran olduqlarını bildiriblər.
1057 dəfə oxundu