Qətər Səudiyyəyə arxa çevirir: İranla birləşmə
Qətər əmiri Temim bin Həmad əl-Sani ilə İran prezidenti Həsən Ruhani arasında telefon əlaqəsi baş tutub.
Axar.az xəbər verir ki, bu barədə İranın “Tesnim” agentliyi məlumat yayıb.
Tərəflər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıblar.
“Bizim xarici siyasətimizin prioriteti Körfəz ölkələri ilə əlaqələri gücləndirmək və mövcud problemləri həll edərək qardaşlıq münasibətləri yaratmaqdır. Biz fərqli məzhəb və baxışlara sahib olan İslam dünyasının qardaşlıq hüququ üzərindən sülh ilə bir araya gəlməsini istəyirik. Biz terrorçuluğa qarşı birgə hərəkət etməliyik”, - deyə Ruhani həmkarının diqqətinə çatdırıb.
Həmad əl-Sani də öz növbəsində Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib və mövcud ikili əlaqələrin inkişaf etdirilməsində heç bir maneənin olmadığını vurğulayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Qətər arasında yaşanan “media savaşı” dönəmində belə bir telefon əlaqəsinin baş tutması diqqətçəkəndir.
Belə ki, Səudiyyənin öndə gedən media orqanları Əl-Qaidənin keçmiş lideri Üsame Ben Ladenlə Qətər hökuməti arasında əlaqələrin olması barədə yeni məlumatlar yayır.
Hətta bir nömrəli terrorçunun bir zamanlar bu körfəz ölkəsində sığındığı da iddia edilir.
864 dəfə oxundu