Moldovada azərbaycanlı biznesmenləri meşəyə aparıb işgəncə verənlər kimlərdir...
Moldova Baş prokurorluğu bu ölkədə fəaliyyət göstərən azərbaycanlı biznesmenləri şantaj və işgəncələrə məruz qoyan qruplaşmanın üzvlərinin həbsi barədə məlumat yayıb.
Virtualaz.org xəbər verir ki, həmin qruplaşma üzvləri də azərbaycanlılardan ibarətdir, lakin adları hələlik açıqlanmır.
Moldova Baş prokurorluğunun bildirdiyinə görə saxlanılan şəxslər azərbaycanlı biznesmenləri oğurlayıb, təhdid və şantaj edib, onları məcbur edib ki, əmlaklarını başqalarının adlarına keçirsinlər və iri məbləğlərdə pul versinlər.
Məsələn, Drokiyevsk rayonundan olan biznesmeni qruplaşma üzvləri meşəyə aparıb və ağaca bağlayaraq işgəncə verib.
Onlar həmin biznesmendən 17.5 min avro alıblar. Pulu verməyəcəyi təqdirdə ailə üzvlərinə divan tutacaqlarını deyiblər. Qruplaşmanın izinə Beltsa şəhərində yaşayan biznesmenin polisə şikayətindən sonra düşmək mümkün olub.
Xüsusi təyinatlı polislər qruplaşmanı yaxalamaq üçün əməliyyat keçirib, onların evində silah, döyüş sursatı, habelə azərbaycanlı biznesmenlərin işgəncəyə məruz qaldığını əks etdirən videofayllar tapılıb. Banda üzvlərini 15 ilə qədər həbs gözləyir.
959 dəfə oxundu