Ölkəmizdə qiymət xaosunu tənzimləmək mümkün olacaqmı?
“Çörək başda olmaqla istənilən məhsulun qiymətini inzibati yolla tənzimləmək doğru deyil”
Nazim Məmmədov:“İqtisadiyyat liberallaşmasa fəlakət olacaq”
Bu sözləri PİA.AZ-a açıqlamasında iqtisadçı alim, sabiq millət vəkili Nazim Məmmədov bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl bir sıra rayonlarda yerli əhalinin bahalaşma əleyhinə aksiyalar keçirildiyi haqda xəbərlər yayıldı. Yayılan xəbərlərdə bildirilir ki, bir neçə rayonda etirazların başlamasına əsas səbəb unun bahalaşması olub. Başqa məlumatlarda isə bildirilirdi ki, manatın dəyərdən düşməsi və bahalaşma prosesi nəticəsində yaranmış narazılıq artıq etirazlara yol açmaqdadır. Onu da qeyd edək ki, onsuz da sosial-iqtisadi vəziyyəti ağır olan insanların kəskin devalivasiyadan sonra yoxsulluq həddinə düşəcəkləri gözlənilən idi.
Bəs ölkədə bahalaşmaya qarşı xaotik etiraz aksiyaları keçirilən və neftin durmadan ucuzlaşdığı bir vaxtda qiymətləri tənzimləmək olacaqmı? Qeyd edək ki, eyni vəziyyətin hökm sürməsinə baxmayaraq, Rusiya bazarında qiymətlər demək olar ki, tənzimlənir. Azərbaycanda isə qiymət xaosu hökm sürür. Bunun səbəbini nəylə izah etmək olar və çıxış yolu nədir?
Nazim Məmmədov: “Mən İqtisadiyyat Nazirliyinin guya çörəkbişirmə sexlərinə qarşı etdiyi bu sərt mövqelərini qeyri-qanuni hesab edirəm”
PİA.AZ-ın əməkdaşı bu mövzunu iqtisadçı ekspert Nazim Məmmədovla müzakirə edib. İqtisadçının fikrincə qiymət artımlarını tənzimləyə bilmək üçün iqtisadiyyat liberlaşmalıdır:
“Bazar iqtisadiyyatının qiymətləri tənzimləmə anlayışı yoxdur. Doğrudur Azərbaycan Respublikasında təbii insarda olan bəzi xidmətlər və məhsulların qiymətləri Tarif Şurasında müəyyən olunub. Bu da kamunal xidmətlərə aid olan məsələlərdir. Bu xidmətlərə də benzin, enerji daşıyıcıları və s. daxildir. Ancaq çörək başda olmaqla istənilən məhsulun qiymətini inzibati yolla tənzimləmək doğru deyil. Bu doğru yanaşma deyil və kökündən yalnışlıqdır. Amma hökumət istehsalçını daha çox stimullaşdıra bilər, bazardan inhisarçılığı götürə bilər, dövlət xərclərini, idarəetmə xərclərini azalda bilrə. Yəni bu yollarla daha çox bolluq yarada bilər. Bolluq yaratmaqla da sahibkarlara uzun müddətli ucuz kreditlər verərək, daha çox məhsul istehsal etməyə təşviq edə bilər. Hökumət bu addımları atmalıdır. Yəni ölkəyə idxal, ixrac monopoliyasını ləğv etmək lazımdır, müxtəlif strukturları qadağan etmək lazımıdır. Hökumət iqtisadiyyata inzibati yollar yox stimullaşdırma yolunu seçməlidir.
Mən atılan son adımları, yəni İqtisadiyyat Nazirliyinin guya çörəkbişirmə sexlərinə qarşı etdiyi bu sərt mövqelərini qeyri-qanuni hesab edirəm. Bu hadisə bazar iqtisadiyatına tam daban-dabana ziddir. Məsələn bir ailə gündə iki çörək yeyirsə, onun da qiyməti qalxıb bu ailə üçün ayda 5-6 manat əlavə xərcdir. Amma digər məhsullar dəfələrlə artıb. Bu artımları aradan qaldırmaq üçün iqtisadiyyat liberlaşmalıdır. İqtisadiyyat liberallaşmasa fəlakət olacaq”.
Qeyd edək ki, son baş verənlər ölkədə sosial partlayışın əlamətlərindən sayılır. Ekspertlərin qənaətinə görə, proses bütün ölkəni bürüyə bilər. Onlar hökumətin zəruri tədbirlər görməsinin vacibliyini vurğulayırlar.
929 dəfə oxundu