Azərbaycan İsrailə neft satışını dayandırıb – İxracın 95 faizi Avropa bazarlarına yönəldilib

Azərbaycan İsrailə neft satışını dayandırıb –
Macarıstanın MVM və MOL şirkətləri uzunmüddətli saziş imzaladıqdan sonra Azərbaycan neftinin ilk birgə tədarükünü həyata keçirib. Bu barədə MOL-un mətbuat xidməti məlumat yayıb. “Caspian Barrel” bildirir ki, “Dugi Otok” neft tankeri Ceyhan ixrac terminalından Omisalj terminalına (Krk adası, Şimali Xorvatiya) 92 min ton (687 min barel) “Azeri Light” markalı xam neft çatdırıb. Gəmi izləmə məlumatlarına görə, neftin boşaldılması 14 iyun 2025-ci il tarixində həyata keçirilib.


Qeyd olunur ki, Ceyhan Azərbaycandan neft ixrac edən Bakı-Tbilisi-Ceyhan (BTC) magistral neft kəmərinin son nöqtəsidir, Omisalj isə Xorvatiyadan Macarıstana gedən Adriatik magistral neft kəmərinin başlanğıc nöqtəsidir.

MOL şirkəti BTC magistral neft kəmərində 8,9% paya malikdir. O, eyni zamanda işlənmə layihəsindəki 9,7% payı ilə Azərbaycanın şelfində yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan xam neft idxal edir.


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, 2024-cü ildə şirkət AÇG-dən Mərkəzi və Cənub-Şərqi Avropa bazarlarına təxminən 5 milyon barel xam neft göndərib ki, bu da ayda təxminən bir tanker daşınmasına bərabərdir. Onun sözlərinə görə, Macarıstanın MVM Group şirkəti Azərbaycanın neft-qaz sektoruna 2024-cü ildə daxil olub:


“Şirkət Azərbaycanın Cənub Qaz Dəhlizi (CQD) şirkətindən aldığı “Şahdəniz” layihəsində 5% və “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətindən aldığı Cənubi Qafqaz Boru Kəməri Şirkətində (SCPC, Cənubi Qafqaz Boru Kəmərinin operatoru) 4% paya malikdir. MOL və MVM-nin 2025-ci ilin mayında imzaladığı saziş neft və qaz kondensatının Xəzər regionundan BTC boru kəməri ilə Türkiyənin Ceyhan terminalına birgə tədarükünü, buradan isə xam ehtiyatın MOL-un bazarlarına göndərilməsini nəzərdə tutur. Bu əməkdaşlıq çərçivəsində MOL-un öz neftayırma zavodlarında alternativ mənbələrdən emal olunan neftin həcmini ildə 160 min tona çatdıra biləcəyi də gözlənilir”.

Ekspert vurğulayıb ki, Xəzər regionu ilə Mərkəzi Avropa arasında müntəzəm və proqnozlaşdırıla bilən təchizat zəncirinin yaradılması məqsədilə növbəti aylarda daha çox daşınma gözlənilir.

İlham Şaban deyir ki, beləliklə, Azərbaycan ixrac etdiyi neftin 95%-dən çoxunu Avropa bazarlarında satmağa başlayıb. O, “AzPolitika”nın “Bəs, bu il İsrailə neft satışı nə qədər olub?” sualını belə cavablandırıb:


“Gömrük bəyannamələrinə görə, bu il Azərbaycan tərəfindən İsrailə neft satışı qeydə alınmayıb. Nə İsrailin, nə də bizim gömrük statistikasında belə bir neft alış-verişi yoxdur. Səbəblər barədə isə heç nə deyə bilmərəm. Ümumiyyətlə, bu il Asiya ölkələrinə də neft ixracını kəskin şəkildə azaltmışıq – bütün ixrac əsasən Avropaya yönəlib. Almaniya belə bizdən xam neft almağa başlayıb, Avropanın bizə olan ehtiyacı artıb. Əslində, marketinq və logistika baxımından bizə ən sərfəli bazar Avropadır”.

Xatırladaq ki, ötən ilə qədər İsrail hər il Azərbaycandan ümumilikdə 3 milyon tona qədər xam neft alırdı. Bu, Azərbaycanın dünya bazarlarına çıxardığı neftin 10–11 faizinə bərabər idi. İsrailin neft idxalında isə Azərbaycan nefti 40 faizlik payla əsas mənbə sayılırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...