YAP-ın iki siyahısı var? – Bu namizədlər hakim partiyadan dəstək alacaq

YAP-ın iki siyahısı var? –
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə ciddi hazırlaşır.

İqtidar partiyası seçki mübarizəsinə qoşulacaq üzvlərinin siyahısını açıqlamağa hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bu barədə ötən gün YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov danışıb.

YAP funksioneri deyib ki, növbədənkənar parlament seçkilərində iqtidarı təmsil edəcək namizədlərin adları yaxın günlərdə bəlli olacaq. O, hakim partiyanın bəzi dairələrdə müstəqil namizədləri dəstəkləyəcəyini istisna etməyib.

“Yeni Sabah” bununla bağlı maraqlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri saytımıza açıqlamasında deyib ki, təmsil olunduğu təşkilat seçkiyə iki siyahı ilə gedir. Onun sözlərinə görə, YAP-ın əsas siyahısında təxminən, 100 namizədin adı var. Onlardan 83-85 nəfərin mandat qazanacağı gözlənilir. Təxminən 15 nəfər isə ümumi maraqlar naminə “qurban veriləcək”.

Onların namizəd olacaqları dairələrdə konstruktiv müxalifət nümayəndələrinin qalib gələcəyi gözlənilir.

YAP-çı deputat ikinci siyahı barədə də danışıb. O, qeyd edib ki, iqtidar partiyası sentyabrın 1-də keçiriləcək seçkilərdə 20-25 bitərəf namizədə “yaşıl işıq” yandırmağı düşünür. Bu siyahıda ölkənin tanınmış ictimai xadimlərinin, cəmiyyətdə müsbət reputasiyaya malik olan bir neçə hüquqşünas, iqtisadçı və tanınmış qələm sahibinin adı var.

“YAP parlamentin yeni tərkibini daha nüfuzlu şəxslərdən formalaşmasına çalışır” , - deyə mənbə fikrini tamamlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...