Hikmət Hacıyev: “Ermənistan danışıqların məntiqinə və mahiyyətinə zidd hərəkət edir”
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın fikirlərinə münasibət bildirib.
APA-nın xəbərinə görə, H. Hacıyev bildirib ki, Ermənistan xarici işlər naziri yenə də öz ənənəsinə sadiq qalaraq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir: “Ermənistan xarici işlər naziri hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status-kvonun gücləndirilməsinə çalışır. Bu isə status-kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqeyi ilə ziddiyyət təşkil edir. Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir”.
Xatırladaq ki, E. Nalbandyan Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonrakı açıqlamasında Azərbaycanın ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəlik ofisinin genişləndirilməsi məsələsində konstruktiv yanaşma nümayiş etdirmədiyini deyib. O, Vyana və Sankt-Peterburq görüşləri arasında olan müddətdə Azərbaycanın konstruktiv olmayan müxtəlif bəyanatlarla çıxış etdiyini də söyləyib.
831 dəfə oxundu