Rusiya XİN Novruz Məmmədovu ittiham etdi

Rusiya XİN Novruz Məmmədovu ittiham etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün nəticələrini ədalətsiz şərh etməkdən çəkinməyə çağırıb. Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, M.Zaxarova bunu bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun Sankt-Peterburq sammitində münaqişənin həlli ilə bağlı tərəflərih mərhələli həll variantı üzrə razılığa gəldikləri barədə bəyanatını şərh edərkən deyib.

XİN nümayəndəsi Sankt-Peterburqda keçirilən üçtərəfli görüş barədə prezidentlərin birgə bəyanatının qəbul olunduğunu və həmin bəyanatda danışıqlar prosesində nələrin müzakirə olunduğu və hansı razılıqların əldə edildiyinin əksini tapdığını deyib: “Sankt-Peterburqda iyunun 20-də keçirilən sammitdə hər üç tərəfin adından yayılan bəyanatda prezidentlər ondan əvvəl Vyanada əldə olunan razılığı təsdiqlədiklərini bildiriblər”.

M.Zaxarova brifinqdə bir daha qeyd edib ki, görüşdə əldə olunan razılığı heç kim özünəməxsus şəkildə interpretasiya etməyə cəhd göstərməməlidir: "Konkret bəyanat var, hansı ki, səsləndirilib və rəsmi sənəd hesab olunur. Ondan çıxış etmək, ona istinad etmək lazımdır, kiminsə təhrif olunmuş şərhinə yox”. Virtualaz.org xatırladır ki, dünən Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlamışdı.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə bildirmişdi ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub: "Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...