“Həcc ziyarəti biznesdir… Burada kimsə imanlıdır söhbəti yoxdur”
Azərbaycanda bu il Həcc ziyarətinin başlanma tarixi sentyabrın 2-nə təsadüf edəcək. Sentyabrın 18-də isə zəvvarlar geri qayıdacaq. Bəs Azərbaycanda daha çox hansı təbəqədən olan insanlar Həcc ziyarətinə yollanır?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev modern.az-a deyib ki, Həccə gedənlər arasında orta təbəqə üstünlük təşkil edir.
“Varlı təbəqələr isə azlıq təşkil edir. Onların pulları olsa da, çətinliyə dözə bilmədiklərinə görə, ziyarətə getmirlər. Maddi vəziyyəti orta səviyyəli olan insanların bəziləri borc alaraq, kredit götürərək Həccə gedir. Onların imana, Həccə daha çox ehtiyacları var deyə, Kəbəni ziyarət edirlər. Kasıbların isə faizi çox azdır. Gedənlər də kiminsə hesabına, ziyarətlərini gerçəkləşdirir”,-deyə o əlavə edib.
Rafiq Əliyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc üçün təyin etdiyi qiymətlərin baha olmasına da diqqət çəkib: “Əlbəttə ki, qiymətlər bahadır. Əslində nə adi vətəndaşların, nə də dövlətin bu qiymətlərə təsir göstərmək imkanları yoxdur. Çünki, bu sahə monopoliyadadır. Digər tərəfdən Qafqaz Müsəlmanları İdarəsi qiymətləri endirsə, gəlirlərini azaltmış olacaq. Eyni zamanda Həcci həyata keçirən şirkətlərin də gəlirləri azalacaq.
Bilmək lazımdır ki, Həcc bir biznesdir. Bu ziyarətdən nə qədər çox qazansalar, təşkilatçılar üçün bir o qədər rahat olur. Burada kimsə imanlıdır, kiməsə yazığın gəlsin, kimdənsə az pul alasan söhbət yoxdur. Belə şeylər Həcc ziyarəti ilə məşğul olan təşkilatları maraqlandırmır. Onları maraqlandıran odur ki, bu biznesdən maksimum qazanc əldə edilsin”.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır.
Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.
Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
859 dəfə oxundu