Gözlənilən neft toplantısı - niyə ən çox Rusiya narahatdır?

Gözlənilən neft toplantısı -


Neftin qiymətinin düşəcəyi barədə proqnozlar ciddiləşir; hasilatın dondurulması ilə əlaqədar anlaşmanın məna kəsb etməyəcəyi də vurğulanır...
Neft hasilatının azaldılması barədə müzakirələr sentyabrın sonuna yaxın daha da şiddətlənib. Son olaraq bildirilir ki, İran hasilatı dondurmağı qəbul etsə, Səudiyyə neft hasilatını azaltmağa hazırdır. Səudiyyə Ərəbistanı o halda öz neft istehsalını bu ilin əvvəllərindəki səviyyəyə düşürə biləcəyini təklif edib.

“Reuters”in xəbərinə görə, təklifin bu ay edildiyi və İranın isə hələ bunu nə qəbul, nə də rədd etdiyi qeyd olunub. Xəbərin ardınca neft bahalaşıb. Brent neftin qiyməti 0,4 faiz qalxaraq 47,81 dollar olub. Ölkələr isə neftin qiymət enməsindən narahatdırlar və itkiləri hesablayır. Qiymət 25 dollara düşsə, bu il Rusiyanın 12 iri bankı ümumilikdə 3,4 trilyon rubl (təxminən 53,2 milyard ABŞ dolları) itkiyə məruz qalacaq. Rusiya Mərkəzi Bankı apardığı stress-testin nəticələrini elan edib. Bundan başqa, qurum test nəticəsində müəyyən edib ki, neftin 25 dollara satılması ölkənin ümumi daxili məhsulunun (ÜDM) 5,7 faiz azalması, ölkədə dolların 88 rubla çatması ilə nəticələnə bilər. Bank “qara qızıl”ın 19 dollara qədər ucuzlaşması ilə bağlı gözləntilərini də açıqlayıb. Stress-testin nəticələrinə görə, bu halda Rusiya banklarının itkisi 3,75 trilyon rubl (təxminən 57,75 milyard dollar) təşkil edəcək, ÜDM 7,8 faiz azalacaq, dollar isə 100 rubla qədər bahalaşacaq.

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının sayı 17-23 sentyabr tarixlərində 5 ədəd və ya 0,98 faiz artaraq 511 ədəd təşkil edib. ABŞ-ın neft-qaz sektoruna xidmət göstərən “Baker Hughes” şirkəti açıqlayıb ki, hesabat həftəsində aktiv neft quyularının sayı 2 ədəd artaraq 418, qaz quyularının sayı isə 3 ədəd artaraq 92 ədəd, qarışıq fəaliyyət göstərən quyu sayı isə sabit qalaraq 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 223 ədəd və ya 34,8 faiz, qaz quyularının sayı isə 105 ədəd və ya 53,3 faiz, ümumilikdə isə neft-qaz quyularının sayı 327 ədəd və ya 39 faiz azalıb.
Ekspertlər bildirir ki, neftin qiyməti ilin sonuna qədər 40 dollar/barel səviyyəsindən aşağı düşəcək. Lakin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək neft hasilatçısı ölkələrinin qeyri-formal sammiti ərəfəsində neftin qısa müddətli olaraq 50 dollar/barelə kimi bahalaşması mümkündür. Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin isə deyib ki, neftin hər barelinin qiyməti yaxın illərdə 30 dollara, 20 illik müddətdə isə daha da aşağı enə bilər. Onun sözlərinə görə, neft ucuzlaşdıqdan sonra Rusiyanın dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun (ÜDM) 3,7-3,9 faizinə çatıb.

“Neftin qiyməti 40 deyil, 30 dollar olsa, nə baş verəcək? Nəzəri olaraq neft bu il olmasa da, yaxın illərdə 30 dollara qədər ucuzlaşa bilər. Mən şəxsən 20 illik dövr ərzində qiymətlərin bu səviyyədən də aşağı düşəcəyini proqnozlaşdırıram. Belə ki, Çin iqtisadiyyatında yaranan böhran nəticəsində neft bazarında təklifin artması və digər mənfi hallar bunu deməyə əsas verir. Biz buna hazır olmalıyıq” - Kudrin bildirib.

“BP Rusiya”nın vitse-prezidenti Vladimir Drebentsov isə qeyd edib ki, neft hasilatının dondurulması ilə əlaqədar hər hansı anlaşma cari vəziyyətdə heç bir məna kəsb etməyəcək. Onun sözlərinə görə, neft bazarında təklifin həddən çox olması qiymətlərin sabit artımını təmin edə bilməz. Drebentsov deyib ki, hasilatı azaltmaqla düşən neft qiymətləri ilə mübarizə aparmaq olmaz, əsas məsələ təklifin azaldılmasıdır: “Hazırda neft bazarında qiymətləri dəstəkləyən amil bəzi ölkələrin gündəlik 2 milyon barelə yaxın hasil etdikləri neftin əldə olunmasında yaranan problemlərdir”.

Uzunmüddətli perspektivdə isə BP rəsmisi ABŞ-ın şist neft hasilatı göstəricinin əsas rol oynayacağını bildirib. Onun sözlərinə görə, neft sənayesi tarixində elə bir ölkə olmayıb ki, ardıcıl 4 il hasilatı gündəlik 1 milyon barel artırmış olsun: “Bu il ABŞ-ın neft hasilatında bir qədər səngimə olsa da, bu ölkənin artım potensialı yüksəkdir. Belə ki, şist neft hasilatının əsasında texnologiyaların inkişafı durur”. V.Drebentsov məhz bu səbəbdən Əlcəzair görüşünə şübhəli baxdığını deyib: “Hasilat dondurularsa neftin qiyməti yüksələcək, nəticədə ABŞ yenidən hasilatı sürətlə artıracaq. Cari reallıqlarda hasilatı dondurmaqla bağlı anlaşmaya əsas yoxdur”. Onun sözlərinə görə, yaxın illərdə əsas məsələ ABŞ-ın şist neft ehtiyatı bazasının tükənməsinə çalışmaqdır.

“S&P Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyi isə 2016-cı ildə neftin qiymətinə dair proqnozunu yaxşılaşdırıb. Yenilənmiş proqnoza əsasən, 2016-cı il üçün “Brent” və WTI markalı neftin bir barelinin qiyməti 40 dollardan 42,5 dollaradək qaldırılıb. Agentlik hesab edir ki, neftə olan tələbatın artması yaxın bir neçə il ərzində qeyri-stabil olacağına baxmayaraq, müsbət qalacaq. “Neftin hazırkı bolluğu orta müddətli və uzaq müddətli perspektivdə artıq müşahidə olunmayacaq”,- deyə məlumatda qeyd olunur. Bu, yeni layihələrin azlığı və yataqların tükənməsi ilə izah olunur.

Ekspertlərə görə, neftin dünya bazarlarında qiymətinin hansı səviyyədə olması Azərbaycan iqtisadiyyatı üçün də uzun müddət strateji əhəmiyyət kəsb edəcək. Hələ uzun müddət ölkə iqtisadiyyatının əsas makroiqtisadi göstəriciləri neft qiymətlərinin konyukturuna köklənəcək. Əksər ekspertlər qeyd edirlər ki, dünya iqtisadiyyatında və siyasətində hər hansı fövqəladə hadisə baş verməzsə, neft qiymətlərində ciddi dəyişiklik olmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...