Hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı asanlaşdırılır
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
"APA-Economics" xəbər verir ki, iclasda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilib.
Qanuna dəyişiklik barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri İlqar Hüseynov deyib ki, qanuna dəyişiklik torpaq mülkiyyətçilərinin hüquqlarının qorunmasına və vətəndaş məmnunluğunun artırılmasına hesablanıb.
Qanun layihəsinə edilən dəyişikliklərə əsasən, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evləri torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və yaşayış evinin istismara qəbul aktı olduğu təqdirdə daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq.
Qanuna təklif edilən digər mühüm dəyişikliyə əsasən, 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş tikililərdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı üçün yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunacaq. Sadə dillə desək, 2013-cü ilin yanvarın 1-dək hündürlüyü 12 metrədək olan fərdi yaşayış evi inşa edənlər yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməklə daşınmaz əmlak üzərində mülkiyyət hüququna yiyələnəcək.
Qanun layihəsi Milli Məclisin Plenar iclasına tövsiyə olunub.
780 dəfə oxundu