Məleykə Abbaszadə: Bəzi şagirdlər icbari təhsildən yayınırlar
“Buraxılış sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı 2012-ci ildən etibarən aparılan statistik təhlilin nəticələri göstərir ki, müvafiq ildə I sinfə gedən şagirdlərin bir qisminin adı IX siniflərin məlumat bazalarında aşkar edilmir, yəni onlar icbari təhsildən yayınırlar. Bu, sosioloji problemdir və onun aradan qaldırılması məqsədilə məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdır”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şuranın iclasında çıxışı zamanı deyib.
M.Abbaszadə təhsil nazirinin müavini Ceyhun Bayramova müraciət edərək, TQDK tərəfindən hər il hazırlanan və ölkə rəhbərliyinə təqdim olunan hesabatda nəzərə alınmaq üçün sözügedən məsələyə dair nazirlikdə olan məlumatların təqdim olunmasını xahiş edib.
C.Bayramov isə bildirib ki, məktəbə 1 il və daha artıq gec gedənlərin sayı da az deyil: “Nazirlik bununla bağlı hər hansı təsir mexanizminə malik deyil. Lakin məsələyə ötən illərlə müqayisə prizmasından yanaşsaq görərik ki, müsbət dinamika mövcuddur, yəni belə uşaqların sayı ildən-ilə azalır. Ümumiyyətlə, nazirliyin yanaşması ondan ibarətdir ki, hər hansı bir problem barədə danışdıqda onun dinamikasını müşahidə etmək daha məqsədəuyğundur".
M.Abbaszadə qeyd edib ki, cari ilin aprel ayında təsdiq edilmiş Dövlət İmtahan Mərkəzinin Nizamnaməsinə əsasən, DİM publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və DİM-ə müvafiq Fərmanla həvalə olunmuş vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Bununla bağlı DİM-in fəaliyyətinin təmin olunması və ona həvalə olunmuş vəzifələrin həyata keçirilməsi məqsədilə müxtəlif imtahan növlərinin keçirilməsi üçün sərf olunan maliyyə vəsaiti və bir imtahan iştirakçısına düşən xərclər barədə müzakirələr aparılıb, DİM Direktorlar Şurasının üzvlərinin təklifləri dinlənilib.
766 dəfə oxundu