OPEC Azərbaycanla danışıqlara başladı
Neft ölkələrinin hasilatın azaldılmasına dair razılaşma əldə etməsi neftin barelinin qiymətini 10-15 dollar artıra bilər. AzVision.az "RİA Novosti”yə istinadən verir ki, bunu Venesuelanın neft naziri Euloxio del Pino bildirib.
Pinonun sözlərinə görə, OPEC gündəlik hasilatı 0,7 milyon barel azalda bilər. Digər 0,5 milyon barelin isə OPEC üzvü olmayan ölkələrə azaltmaq təklif ediləcək. Bununla da nazir gündəlik hasilatı 1,2 milyon barel azaltmağı düşündüklərini söyləyib.
Pino eyni zamanda qeyd edib ki, hazırda Oman, Rusiya və Azərbaycanla hasilat səviyyəsinin müəyyənləşdirilməsi üzrə danışıqlar aparılır: “Baş tutarsa, bu, tarixi bir anlaşma olacaq".
Xatırladaq ki, OPEC ölkələri orta sutkalıq neft hasilatının 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə ediblər. Məlumata əsasən razılıq cari ilin noyabr ayından qüvvəyə minəcək. Təşkilatın digər neft ixrac edən ölkələrin bu sazişə qoşulmaq üçün təklif irəli sürəcəyi gözlənilir.
Qeyd edək ki, OPEC ölkələri hazırda gün ərzində 33,24 milyon barel neft hasil edə bilərlər. OPEC ölkələrinin qeyri-rəsmi görüşü çərşənbə günü, sentybarın 28-də, Əlcəzairdə baş tutub.
908 dəfə oxundu