“...Azərbaycan Ermənistanı yer üzündən siləcək!..” - işğalçıya müharibə xəbərdarlığı

“...Azərbaycan Ermənistanı yer üzündən siləcək!..” -


Rusiya prezidenti Vladimir Putin gələn həftə Türkiyəyə səfər edəcək. Xəbər verildiyi kimi, İstanbulda 9-13 oktyabr tarixində keçiriləcək Beynəlxalq Energetika Konqresi çərçivəsində o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu səfər və görüş Azərbaycan-Rusiya münasibətləri kontekstində də əhəmiyyətli hesab edilir. Məsələn, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Andrey Manoylo Day.az-a açıqlamasında deyib ki, Ərdoğan-Putin görüşü Azərbaycanın Rusiya ilə bundan sonrakı əlaqələrinə də pozitiv təsir edəcək. Yada salaq ki, Türkiyə lideri bu ilin iyulunda Sank-Peterburqa etdiyi səfər zamanı Ankara-Bakı-Moskva əməkdaşlıq formatını təklif eləmişdi.

Lakin hazırda Bakı və Moskva arasında üzə vurulmasa da, etiraf olunmasa da, Ermənistandakı “İsgəndər” raket komplekslərindən dolayı gizli-açıq bir sərinlik yaşanır. Hətta bəzi müşahidəçilərə görə, bu qalmaqaldan sonra rəsmi Bakı yenidən Qərbə sarı baxmağa başlayıb. Hər necə olmasa, “İsgəndər” kompleksləri ətrafında hay-küyün Dağlıq Qarabağ məsələsi ətrafında artıq yeni bir situasiya yaratdığı faktdır.

O da bəlli faktdır ki, bu komplekslər Ermənistan ərazisində hələ 2013-cü ildən yerləşdirilib və yəqin ki, Azərbaycan tərəfinin də bundan xəbəri olub. Raket kompleksləri yalınız bu il sentyabrın 24-də İrəvanda nümayiş etdirilib və rəsmi İrəvan da bundan ən əvvəl Bakıya “güc nümayişi”, daxili təbliğat, bir də Qarabağ danışıqlarında vaxt uzatmaq üçün yararlanmağa çalışıb. Nəticə etibarilə onsuz da ağır gedən sülh prosesi indi tam olaraq dalana dirənib.

***

Belə vəziyyət isə, analitiklərə görə, əslində Ermənistanla yanaşı Rusiyanın da cari maraqlarına cavab verir. Çünki aydın olur ki, Moskva aprel döyüşlərindən sonra da problemin həlli yönündə kardinal addımlar atmağa hazır deyil.

Lakin rusiyalı tanınmış analitik və tarixçi-alim, Dağlıq Qarabağ məsələsində həmişə obyektiv mövqeyi ilə seçilən Oleq Kuznetsov hesab eləmir ki, “İsgəndər” qalmaqalından sonra Azərbaycan üzünü Qərbə tutmağa başlayıb.

“Məndə belə bir hissiyyat yoxdur. Azərbaycanın xarici siyasəti həmişə çoxvektorlu, çoxqütblü olub və son hadisələr fonunda da prinsipial olaraq heç nə dəyişməyib. Əgər bu məsələyə tam sinik şəklində yanaşsaq belə, Qərb Azərbaycana ”İsgəndər"lərlə bağlı heç bir kömək edə bilməz, çünki Rusiyanın bu silahına qarşı onun özündə də əks təsir vasitəsi yoxdur. Buradan da sual doğur ki, kömək edə bilməyənə kömək üçün müraciət etməyə dəyərmi? Bakı da belə şeyləri yaxşı başa düşür, Qərbə bel bağlamır və Moskva ilə siyasi, diplomatik və hərbi xətlər üzrə məsləhətləşmələr aparır. Mən bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa pisləşmə baş verdiyinin əlamətlərini görmürəm. O sırada oktyabrın 7-də Azərbaycan prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzində Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş və iştirakçıların sayı etibarilə kifayət qədər sanballı Rusiya-Azərbaycan konfransı keçiriləcək. Arada soyuqluq yaşansaydı, ilk növbədə belə tədbirlər ləğv edilərdi", - deyə analitik rusdilli Vesti.az saytına müsahibəsində bildirib.

Ermənistandakı “İsgəndər” məsələsinə toxunan ekspert daha sonra deyib: “Fikrimcə, bununla bağlı Bakının Moskvaya qarşı hər hansı de-marşı olmayacaq. Bu - Azərbaycanın marağında deyil. Ermənistan ordusunda ”İsgəndər"in mövcudluğuna gəlincə, bu komplekslər regionda hərbi-siyasi situasiyanı əsla dəyişmir, hərbi-texniki qüvvələr balansına ciddi təsir etmir və Ermənistan silahlı qüvvələrinə hansısa strateji üstünlük qazandırmır. “İsgəndər”lə bağlı ən qorxulusu - bu raketlərin 2 hektarlıq sahədə hərbi obyekti məhv edə bilməsidir. Azərbaycanın hərbi infrastrukturunda isə aerodromlar istisna olmaqla, bu raketlər üçün layiqli hədəf yoxdur. Ən dəhşətli ziyan yalnız mülki obyektlərə vurula bilər - misal üçün, Gəncənin yaşayış kvartallarına. Ancaq belə zərbə bəşəriyyətə qarşı cinayət sayılardı. O halda Bakının Ermənistana qarşı total müharibəyə başlayıb, onu hətta dövlət olaraq Yer üzündən silməsi üçün əl-qolu açılardı", - deyə analitik işğalçı ölkəyə xəbərdarlıq edib.

Bu mənada o, Ermənistandakı “İsgəndər”ləri Sərkisyan rejiminin əlində “təhlükəli oyuncaq” sayır: “Bu, bağça uşağının cibindəki kibritə bənzəyir və həmin kibrit daha çox onun öz evi üçün təhlükəlidir, nəinki qonşular üçün. ”İsgəndər"lərin iştirakı ilə konflikt erməni ordusunu zərbələrə daha həssas edəcək. Üstəlik, bu raket komplekslərini qorumaq lazım olacaq ki, ona da erməni ordusunun əlavə qüvvə və vasitələri cəlb olunmalıdır... “İsgəndər” kompleksi sırf Ermənistanda ictimai rəyi sakitləşdirmək, aprel məğlubiyyətindən sonra orada baş qaldırmış anti-Rusiya ovqatını bir qədər söndürmək məqsədi güdür. Rusiya ermənilərə böyük bir zınqırovlu oyuncaq bağışlayıb. Qoy, onlar onunla oynasınlar".

***
Əlavə edək ki, İrəvanda “İsgəndər”lərin nümayişindən dərhal sonra Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Müdafiə Nazirliyində operativ müşavirə keçirilib. Müşavirədə Ermənistandakı bütün hərbi obyektlərin nəzarətə və hədəfə götürülməsi barədə konkret qərarlar qəbul edilib, müvafiq kəşfiyyat və hərbi strukturlara tapşırıqlar verilib. Təbii ki, söhbət həm də “İsgəndər” raket komplekslərinin yerləşdiyi obyektdən gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...