“"Elə qaz verirlər ki, çaynik 1 saata qaynayır"” - Deputatdan “Azəriqaz”a sərt reaksiya

“"Elə qaz verirlər ki, çaynik 1 saata qaynayır"” -


Bakının bəzi rayonlarında təbii qaz verilməsi dayandırılıb. Bu barədə sosial şəbəkələrdə məlumatlar verilir. Əsasən, Binəqədi, Sabunçu, Suraxanı və Xətai rayonlarında yaşayan sakinlər qazın təzyiqinin azalmasından, verilməməsindən narazılıq edirlər.

“Qafqazinfo” məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb.

Mətbuat sözçüsü bildirib ki, təmsil etdiyi qurumda qış, ya da yay rejiminə keçid məsələsi yoxdur: “Əhali ilin bütün fəsillərində təlabata uyğun olaraq mavi yanacaqla təmin olunur. Qış fəslində qazanxanalar işə salınan vaxtlarda təbii qazın təzyiqinin artırılması tələb edilir. Həmin zaman da qazanxanalara verilən mavi yanacağın təzyiqi artırılır.
Hazırda temperaturun qəfil düşməsi nəticəsində bəzi ərazilərdə qazın təzyiqində azalmalar baş verib. Hansı ərazilərdə bu problemlər yaşanırsa, “Azəriqaz” əməkdaşları orada tənzimləmə işlərini həyata keçirir və problem aradan qaldırılır”.

Deputat Çingiz Qənizadə isə İbrahim Kərbalayevin açıqlamasından qəzəblənib.

Deputat “Qafqazinfo”ya deyib ki, mətbuat xidmətinin rəhbərinin açıqlaması ilə tanış olub və onun yerinə utanıb: “Belə çıxır ki, sosial şəbəkədə deyilənlər, yazılanlar hamısı ağ yalandır. Bir neçə gündür ki, paytaxtın müxtəlif ərazilərində qazın olmaması ilə bağlı bizə də siqnallar daxil olur.

Eyni zamanda, mənim yaşadığım ərazidə, yəni Binəqədi rayonu Koroğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində olan yüzlərlə evdə qaz yoxdur. Bu problem son 3-5 günün problemi deyil. Artıq 15- 20 gündür ki, bu problemi yaşayırıq.

Maraqlı məqam isə ondan ibarətdir ki, ərazilərdə qaz idarələri ləğv edilib. Hamısı da hər hansı qaz istismar departamentinə birləşdirilib. Departament də şəhərin hansısa bir ərazisində yerləşir. Binəqədi üzrə biz sözümüzü deməyə adam tapa bilmirik. O departamentin yeri də məlum deyil. Osman adlı bir şəxs rəhbərlik edir. Telefon nömrəsini də tapa bilmirik. İnternetdə “Azəriqaz”ın əlaqə telefonları yoxdur. Bir dənə “Qaynar Xətt”in nömrəsi var. Onu da yığırıq, təbii ki heç kim cavab vermir.

Belə məqamda sadəcə İbrahim Kərbalayev kimi adamlar xalqa yalan danışmasınlar. Camaatın üzünə baxa-baxa qeyd edirlər ki, təlabata uyğun olaraq mavi yanacaq verirlər. Tamamilə yalandır. Elə qaz verirlər ki, çaynik 1 saata qaynayır. Yalan danışmaq əvəzinə qazın təzyiqini artırmaq lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...