İcra başçısı pambığa görə məktəb direktorunun müavinini döydü: “Gəl bura, köpəkoğlu...”
Ötən gün səhər Özbəkistanın Kaşkadərya vilayətinin Nişan rayonunun icra başçısı Asror Jurayev müəllimi döyüb. Məktəb direktorunun mənəvi maarifləndirmə üzrə müavini, 36 yaşlı Şuhrat Şaymardanov yerli fermerlərin qarşısında, arvadının adına olan fermer təsərrüfatının az pambıq təhvil verməsinə görə döyülüb. Hadisənin şahidi olan yerli fermerlər davakar və söyüşkən icra başçısından şikayət edirlər.
“BİZDƏN PLANI TƏLƏB EDİR”
"Səhər hakim (icra başçısı) Balxiyak kəndində planı yerinə yetirməmiş bütün fermerləri çağırdı. Fermerləri bir-bir çağırıb analarını söydü. Arxada dayanmışdım. Birdən o mənə müraciət etdi: "Ey, mənəviyyatçı köpək oğlu, bura gəl". Ona yaxınlaşdım. Qəfildən yumruqla qarnıma vurdu. Mən ağrıdan qarnımı tutanda o, yumruqla üzümə vurdu. Gözlərim qaraldı və yıxıldım. Sonra ona dedim: "Al, bu sənə möhür, bu da torpaq. Mənə belə təhqirlər və döyülmək lazım deyil". Belə deyib iclası tərk etdim. Bu, ilk dəfə baş vermir. O, məni keçən çərşənbə günü də iclas vaxtı döymüşdü", deyə məktəb direktorunun müavini danışır.
Şuhrat Şaymardanovun sözlərinə görə, iki il öncə keçmiş icra başçısının məsləhəti ilə arvadının adına 38 hektar torpaq götürüb və burada öz fermer təsərrüfatını yaradıb.
"Bu torpağı mənə əvvəlki icra başçısı verib. Ümumi sahənin 15 hektarı şoran torpaq idi. Buna baxmayaraq, keçən il planı 96 faiz yerinə yetirdim. Bu il pis hava şəraitinə görə pambıq məhsulu təkcə məndə yox, digər fermerlərdə də alınmadı. İndi planın 55 faizini güclə yerinə yetirə bilmişəm. Ancaq başçısı bu maraqlandırmır, bizdən planı tələb edir. Planı verə bilməyənlərin anasını söyür və onları döyür", deyə direktor müavini gileylənir.
Adının çəkilməsini istəməyən yerli fermerlərdən biri deyir ki, həmkarlarının çoxu icra başçısı Asror Jurayev tərəfindən müntəzəm döyülür.
“KİMƏ ŞİKAYƏT EDƏK?”
"O, çox söyüşkəndir. Həmişə söyür. "Dalını dağıdaram, dalına soxaram" kimi sözlər işlədir. Onun Şuhrat müəllimi hamının yanında döyüb biabır eləməsi çox pis oldu. Artıq cürbəcür şayiələr yayılır. Axı indi o, şagirdlərinin yanında çox utanacaq. Keçən çərşənbə günü iclasda başçı on nəfərdən çox fermeri, mənim özümü də döydü. O, bizim dalımıza təpik vururdu", fermerlərdən biri deyir.
Onun sözlərinə görə, rayon sakinlərindən heç kim qəddar icra başçısında heç bir instansiyaya şikayət edə bilmir.
[center]
"Bizdə belə bir xalq məsəli var: "Ananı qazı döyübsə, kimə şikayət edəcəksən?" Başçı bizi döyəndə milis rəisi ilə prokuror onun yanında dayanırlar. Onlar baş verənləri, sadəcə, müşahidə edirlər. Özünüz deyin, kimə şikayət edə bilərik? Biz baş verənlər barədə baş nazirin virtual qəbul otağına yazmışıq. İndi tək ümidimiz onadır", deyə başqa bir fermer deyir.
BİR MƏMİUR ÜRƏK TUTMASINDAN VƏFAT EDİB
Azadlıq Radiosunun özbək xidmətinin reportyoru məsələ ilə bağlı açıqlama almaq üçün icra başçısı Asror Jurayevə zəng vurub. Ancaq başçı reportyorun sualını axıradək dinləyəndən sonra dəstəyi asıb. Bundan sonra daha onunla əlaqə saxlamaq mümkün olmayıb.
İyulun 10-da Asror Jurayev rayon fəallarının toplantısında maşın-traktor parkının (MTP) rəisi Muzaffar Çorşinbayevin kiçik bacısını ağır təhqir edib. Elə həmin gün MTP rəisi xəstəxanaya düşüb və ürək tutmasından vəfat edib. 2014-cü ildə isə Asror Jurayev, hələ Yakkabaq rayonunun icra başçısı olanda az pambıq təhvil verən fermerləri və pambıq yığımına az müəllim göndərən məktəb direktorlarını döymüşdü. (“Azadlıq” radiosu)
941 dəfə oxundu