Deputatdan Ukraynada təhsil alan azərbaycanlılara İTTİHAM: "Vaxtlarını biabırçılıqla keçirirlər"
Bir müddət əvvəl, mətbuatda Ukraynada azərbaycanlıların girov götürüldüyü və ya itkin düşdüyü barədə məlumatlar yer almışdı. Hətta, oğurlanan azərbaycanlıların azad edilməsi də mümkün olub.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev vəziyyəti şərh edib. “Ukraynada yaşayan azərbaycanlılarla bağlı hər dəqiqə doğru oldu-olmadı xəbərlər yayılırdı. Ay nə bilim, azərbaycanlıları doğrayırlar, kəsirlər. Oktyabrın əvvəllərində məlum məsələlərlə əlaqədar, Ukraynada oldum. Ukrayna parlamentlərarası qrupun rəhbəri ilə görüşdüm. Ukraynalı deputatlarla bərabər, Ukraynadakı səfirimiz də həmin görüşdə iştirak edirdi. Məlum məsələni müzakirəyə çıxardıq. Ukrayna Ali Radasında azərbaycanlıların məsələsi 2 dəfə tribunadan səslənib. Ukraynalı deputatların çıxışında, “Ukraynada azərbaycanlılara qarşı heç bir şey olmayıb” deyilib.
Daha sonra Ukrayna Daxili İşlərNnazirliyinin əməkdaşı ilə danışdıq. Bəlli oldu ki, artıq kriminogen vəziyyət dəyişib. Düzdür, azərbaycanlıların arasında iqtisadi problemlər olur. Sonra da bunu kriminal yolla həll etməyə başlayırlar. İki azərbaycanlının arasında yaranan çəkişmə Ukrayna hüquq-mühafizə orqanlarının işə qarışması ilə davam edir. Bu zaman uduzan tərəf bizimkilər olur. Diaspor nümayəndələri ilə də görüşdə bu məsələni bir daha qaldırdıq. Bəzi faktlar var ki, onu rəsmi şəkildə də bildirmişəm.
Ukraynaya göndərilən səfirimiz bütün məsələləri artıq yoluna qoyub. Səfirlə 3 dəfə görüşdük və hər görüşdə 2 saat söhbət etdik. Kim deyir ki, başqa millətlərə qarşı münasibət yaxşıdır azərbaycanlılara qarşı pisdir - bu, yalandır”.
Deputatın sözlərinə görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun dövründə bir çox məsələlər yoluna qoyulub.
“Ukraynalılar azərbaycanlıları çox sevir. Cənab Poroşenkonun qarşısında çıxış edərkən “çox sağ olun, cənab prezident. Ukraynada yaşayan 100-lə azərbaycanlıya elə şərait yaratmışınız ki, onlar sizə təşəkkür edir” dedim. Hal-hazırda Ukraynada bütün sahələrdə islahatlar başlayıb”.
R. Quliyev Ukraynada ali təhsil alan tələbələrlə bağlı çox sərt mövqe nümayiş etdirib.
“Ukraynada çoxlu sayda tələbələrimiz təhsil alır. Aralarında təhsilə xüsusi önəm verənlər çoxdur. Hətta, 60-70- % təşkil edir. Amma bir qism azərbaycanlı tələbə var ki, biabırçı formada asudə vaxtlarını keçirirlər. Dərslərə getmirlər. Ona görə də Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla birgə müraciət hazırlayırıq. Hikmət Cavadov, ali məktəblərlə əlaqə saxlayacaq.
Demək istəyirəm ki, övladları Ukraynada təhsil alan azərbaycanlı valideynlər Azərbaycanda rahat oturmasınlar. Daimi olaraq, Ukraynadakı ali məktəblərlə əlaqə saxlasınlar. Diaspora rəhbərliyinin də mənim də müraciətim budur: “Əziz valideynlər, uşaqlarınıza nəzarət edin”. Sabah bu gənclər ölkəyə qayıdanda əmək bazarında problem yaranacaq. Mütəxəssis ola bilməyəcəklər”.
999 dəfə oxundu