Generalın mühafizəçiləri rəisin qardaşını silahla təhdid edib

 Generalın mühafizəçiləri rəisin qardaşını silahla təhdid edib


Ləğv edilmiş MTN-dəki Mahmudov-Çovdarov mütəşəkkil qruplaşmasının sahibkarları ovlayıb soyması, mal-mülkünü, pullarını qəsb etməsi təkcə Bakı şəhəri ilə məhdudlaşmırdı. Vaxtilə bölgələrdə də qruplaşmanın bu əməllərindən xeyli ziyan çəkənlər olub. virtualaz.orgxəbər verir ki, onlardan biri də Kürdəmir rayon Polis İdarəsinin sahə rəisi Kamran İmanovun qardaşı Şehman İmanovdur.

MTN generalı Akİf Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb. Rəisin qardaşının kafesi isə ona mane olduğu üçün general əvvəl pul təklif etməklə, bu baş tutmadıqda isə təhdid və silah yoluyla iaşə obyektini ələ keçirməyə çalışıb.

Polis əməkdaşı Kamran İmanov istintaqa ifadəsində deyib ki, Kürdəmirin Mollakənd kəndində, Kürün sahilində yerləşən “Xatirə” kafesini hələ sovet dövründən onun atası Malik İmanov işlədirdi. Qardaşı Şehman İmanov isə kafeni işlətməkdə atasına kömək edirdi. 2008-ci ildə Şehman kafeni “qanuni yollarla özəlləşdirir”. Kafenin ətrafındakı torpaq sahəsi də onun nəzarətində idi, ancaq rəsmən “Azərittifaq”ın və yerli bələdiyyənin balansında olub.

Çox keçmədən, 2009-cu ildə Şehman polis sahə rəisi işləyən qardaşının yanına gedib narahat halda bildirir ki, MTN-də yüksək vəzifədə işləyən Akif Çovdarov kafeni və onun yerləşdiyi torpaq sahəsini ələ keçirmək istəyir. Şehmanın danışdığına görə Çovdarov kafeyə və torpağa görə cəmi 20 min manat təklif edib.

Şehman bu təklifdən imtina edir, kafeni satmaq istəmədiyini bildirir. Çovdarov isə ondan əl çəkmir, dəfələrlə silahlı mühafizəçiləri ilə birlikdə Şehmanla görüşür, ona hədə qorxu gələrək deyir ki, kafeni satmasa başına oyun açacaq. “Səni bir anın içində məhv edərəm. Heç bir dövlət orqanı mənim göstərişimdən kənara çıxa bilməz, ağlını başına yığ! İstəsəm sənin rəis qardaşını da bir anın içində ilişdirib içəri basaram”-Çovdarov Şehmana deyirmiş.

Şehman isə geri çəkilmir. Bundan sonra Çovdarov kafenin ətrafındakı 100 hektara yaxın ərazini qanunsuz yolla hasarladır. Onun adamları kafeyə gedən işıq xətlərini kəsir, dirəkləri söküb aparır, “Xatirə” fəaliyyətini dayandırır. Şehman Çovdarovun əlindən xilas olmaq üçün kafeni qohumu Sədiyar Tağıyevə satır. Ancaq Çovdarovun dəstəsi, onun Kürdəmirdəki biznesini idarə edən Fəttah bu dəfə Sədiyara təzyiqlərə başlayır. Sədiyar MTN-çilərin qorxusundan Azərbaycandan qaçır və Rusiyanın Kalininqrad vilayətində məksunlaşır.

Sədiyar Azərbaycandan qaçsa da Çovdarov təzyiqləri dayandırmır, Şehmana deyir ki, kafenin faktiki sahibinin onun özü olduğunu bilir. Üstəlik Sədiyar Azərbaycana ayaq basan kimi “podvala” basacaq. Şehmanın danışdığına görə Çovdarov dəfələrlə silahlı mühafizəçiləri ilə birlikdə onun yanına gəlib, təhdid edib. Çovdarov kafe sahibi ilə danışanda onun mühafizəçiləri üzərlərindəki silahları Şehmana nümayiş etdirib onu qorxudurmuş...

Nəhayət 2015-ci ilin noyabrında Şehman Çovdarovdan şikayət edir, istintaq onu zərərçəkən kimi tanıyır. Bu epizod üzrə Kürdəmirin icra hakimiyyəti başçısı Fəxrəddin Məlikov da şahid qismində istintaqa cəlb olunub. Ancaq Çovdarovun Kürdəmirdə, Kürün sahilində yüz hektarlarla torpağı 99 illik icarə adı altında necə ələ keçirdiyini izah edə bilməyib. Çovdarov özü isə istintaqda Şehmanla üzləşdirilməkdən imtina edib. Çünki Şehmanın dediklərini təkzib etməyə heç bir arqumenti yox idi...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
982 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...