“Çovdarov raportumu cırıb atdı” - Həbsdəki polkovnik
Hazırda həbsdə olan keçmiş MTN polkovniki Səlim Məmmədov mətbuat üçün müraciət yayıb.
Bu barədə “Qafqazinfo”ya məlumat verən onun vəkili Cavid Rzazadə bildirib ki, S.Məmmədov istintaq dövründə bir neçə dəfə aidiyyatlı dövlət qurumlarına müraciət edərək keçmiş rəhbərliyi ilə münasibətlərinin daim gərgin olmasını, özünün “onlardan olmadığını” bəyan edib. Hazırkı müraciəti də polkovnik media ilə bərabər ölkə rəhbərliyinə edib.
S.Məmmədov müraciətində qeyd edib ki, o Milli Təhlükəsizlik Nazirliyinin strukturlarında 24 il müddət ərzində qüsursuz fəaliyyət göstərib: “Bu müddətdə müxtəlif medallar və fəxri fərmanlar, o cümlədən mərhum prezident Heydər Əliyev tərəfindən «Hərbi Xidmətlərə Görə» medalı ilə və sizin tərəfinizdən «Vətən uğrunda» medalı ilə təltif olunmuşam. Bundan başqa, ailəliyəm, himayəmdə biri azyaşlı, biri yetikinlik yaşına çatmayan olmaqla 4 uşağım var.
Dövlətim və vətənim uğrunda xidməti vəzifəmi yerinə yetirərkən 07.04.2011-ci il tarixdə keçirilən xüsusi əhəmiyyətli əməliyyat tədbirinin gedişatında Şamilov Namiq Əhməd oğlu və digərlərindən ibarət 9 nəfərlik cinayətkar dəstənin hücumuna məruz qalmışıq, mənim və xidmət yoldaşımın həyatına qəsd edilib və vaxtında tibb müəssisəsinə çatdırılmağımız nəticəsində həyatımızı xilas etmək mümkün olub. Baş vermiş hadisə nəticəsində aldığım kəllə beyin travması və digər xəsarətlər uzun müddət sağlamlığımın pozulmasına səbəb olub və müvafiq ekspertiza ilə az ağır xəsarət kimi qiymətləndirilib.
Xəsarət aldığım 2011-ci ildən başlayaraq 2015-ci ilin noyabr ayında təqaüdə çıxarılmağımadək olan illər ərzində dəfələrlə raportla müraciət edib rəhbərliklə münasibətlərin gərgin vəziyyətdə olması və bir çox hallarda mübahisələrə gətirib çıxarması səbəbindən xidmət illərinə əsaslanıb xəstəliyimə görə təqaüdə çıxmaq istəmişəm, lakin mənim birbaşa rəisim olan Akif Çovdarov raportumu qəbul etmədən cırıb atdı. Məlum hadisələrin baş verdiyi 2015-ci ilin oktyabr ayından sonra, yəni noyabr ayında yaş həddi ilə əlaqədar olaraq təqaüdə çıxarılmışam.
Mənim fəaliyyətim nəticəsində təkcə 40-a yaxın «Kalaşnikov» tipli avtomat olmaqla külli miqdarda silah və sürsatlar qanunsuz dövriyyədən çıxarılıb, İran İslam Respublikasının xeyrinə casusluq edən cinayətkar qrup ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib, keçirilmiş bu tədbirin gedişatı və nəticələri 1999-cu ildə MTN-nin 80 illiyi münasibəti ilə yazılan «Səssiz müharibə» kitabında öz əksini tapıb (kitabda mənim kod adım «Saleh» kimi yazılıb). Sonradan isə bu barədə MTN-in ilk filmi çəkilib, çəkilişdə şəxsən özüm iştirak etmişəm, hazırda həmin film keçmiş Milli Təhlükəsizlik naziri N.Abbasovun şəxsi arxivində saxlanılır.
2001-ci ildə keçmiş nazir N.Abbasovun əmri ilə Ağstafa rayon bölməsinə rəis vəzifəsinə təyin olunmuşam. 2004-cü ilin dekabr ayında isə Eldar Mahmudovun əmri ilə heç bir əsas olmadan tutduğum MTN-nin Ağstafa rayon şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama çıxarılmışam və daha sonra Antiterror Mərkəzində baş əməliyyat müvəkkili kimi işə başlamışam.
1996-cı ildə Heydər Əliyevin təyyarəsinin “Stinqer” tipli raketlə vurulması ilə bağlı şərti adı «Generalların İşi» olan cinayətkar dəstənin zərərsizləşdirilməsində fəal iştirak etmiş və qrupun fəal üzvlərindən axtarışda olan «Qardaşlıq Cəmiyyəti»nin sədr müavini Hacı Eldarın ifşa olunması və tutulması bilavasitə mənim tərəfimdən həyata keçirilib, ondan 29 ədəd «Kalaşnikov» tipli avtomat, 4 ədəd «Makarov» tipli tapança və digər xeyli sayda qanunsuz silah-sürsat tərəfimdən götürülüb.
Fəaliyyətim dövründə 4 ton narkotik maddənin dövriyyədən çıxarılmasında şəxsən iştirak etmişəm”.
Ölkə rəhbərliyinə xitab edən S. Məmmədov yazıb:
“Barəmdə obyektiv araşdırma aparılmasının təmin edilməsi, mənim həqiqətdə Akif Çovdarovun rəhbərliyi və əmri altında işlədiyim nəticəsində özümün də cinayətin qurbanı olmağımı nəzərə alıb humanistlik göstərərək barəmdə ədalətli qərar qəbul edilməsi üçün göstəriş verməyinizi xahiş edirəm”.
1014 dəfə oxundu