Razi Nurullayev MTN və DİN-ə müraciət etdi
İnsan ləyaqətini alçaltmaq, onu təhqir etmək, aşağılamaq, şəxsiyyətini sındırmaq ən böyük cinayətdir. Allah da bu cinayətləri bağışlamır. Dünən AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadının Nərimanov şöbəsinin sədr müavini Bəhruz Tağızadənin cebhe.info-da müsahibəsi yayılmış və o, cənab Əli Kərimlinin siyasətini sərt tənqid etmişdi. Üstündən bir neçə saat keçəndən sonra Bəhruz Tağızadə Facebook səhifəsində video-müraciət yayaraq “liderim Əli Kərimlidir” demişdi. Həmçinin qeyd etmişdi ki, dostları ilə məni (Razi Nurullayevi) “şantaj və ifşa” etmək üçün razılaşdırılmış addım atmışdır. Təbii ki, onun video-müraciətindəki çıxışı Bəhruz Tağızadənin çox ciddi şəkildə şantaj olunduğunu göstərirdi.
Video və Bəhruz Tağızadənin ehtimal olunan şantaj vasitəsilə dedikləri ilə bağlı geniş məlumatı “Azadlıq” qəzeti dərc edib. Qeyd edim ki, hörmətli Bəhruz Tağızadənin yaydığı video-müraciətdən sonra onun bizim tərəfdarlarımızla Facebook yazışması var və skrin-şotlar saxlanılıb. O, bizi anlaqlı olmağa və onu başa düşməyə dəvət edir. İnsan demək istəyir ki, onu elə şantaj ediblər ki, o, ya bizdən imtina, ya da özünə sui-qəsd etməli idi. Bizə şantajın bəzi məqamları aydındır. Amma Bəhruz Tağızadənin şəxsiyyətini alçaltmamaq, onu qınaq və təhlükədən qorumaq, eyni zamanda ailəsi və övladları qarşısında başını dik tutub gəzmək şansını saxlamaq məqsədilə bildiklərimizi heç zaman ictimaiyyətə açıqlamayacağıq. Eyni zamanda, qoy Bəhruz bəy arxayın olsun ki, biz onun video, audio və sosial şəbəkə yazışmalarını, yazdığı SMS-ləri də mətbuatda verməyəcəyik. İnsan şəxsiyyətini alçaltmaq, onu təhqir etmək, şantaja məruz qoymaq və ailələri dağıtmaq bizlik deyil.
Amma, Bəhruz bəyi, eləcə də bundan sonra onlarla qurbana çevriləcək insanları Əli Kərimlidən, onun söyüş və “təhqir zavodu”nda beyinləri yuyularaq zobmiləşdirilmiş adamlarından qorumaq üçün hökumətə müraciət etmək qərarına gəldik. Mən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə, o cümlədən cənab nazirlər - Eldar Mahmudov və Ramil Usubova müraciət edirəm. Cənab Bəhruz Tağızadənin şantaj olunması və az qala özünəqəsd vəziyyətinə gətirilməsi məsələsinin ciddi araşdırılmasını rica edirəm. Məsələ Azərbaycan vətəndaşının şantaj olunması, ailəsi və uşaqları ilə təhdid edilməsi, iradəsinə zidd video-müraciət yaymasındadır. Məsələnin çox həssas olduğunu nəzərə alaraq, adıçəkilən nazirlikləri dərhal fəaliyyətə keçməyə və Bəhruz Tağızadəni istintaq müddətində Əli Kərimlinin tərəfdarlarından təcrid etməyə çağırıram. Eyni zamanda, Bəhruz Tağızadənin son bir neçə gündə telefon danışıqlarının məhkəmənin qərarı ilə istintaqa təhvil verilməsini xahiş edirəm. Adıçəkilən şəxsin məlum hadisədən sonra mənimlə də telefon danışığı olub və onun da istintaqa təqdim edilməsini tələb edirəm. Bildirmək istəyirəm ki, Bəhruz Tağızadənin yazışmalarının surətlərini, özünün razılığı ilə çəkilmiş video və audio materiallarını, yazdığı SMS-ləri və digər materialları da istintaqa təqdim etməyə hazırıq. Sonda qeyd etmək istəyirəm ki, hər gün sosial şəbəkə üzərindən yüz dəfələrlə təhqir olunuruq. Bu təhqirləri və insan ləyaqətini alçaldan yazıları çox halda saxta profillər vasitəsilə həyata keçirirlər. Biz onların da surətlərini saxlayırıq və istintaq orqanlarından xahiş edirik ki, təhqir yağdıran saxta profillərin arxasında dayanan şəxsləri də ifşa etsinlər. Biz əlimizdə olan faktları istintaqa verməyə hazırıq. Bir daha qeyd etmək istəyirəm ki, insan ləyaqəti və şəxsiyyəti toxunulmaz olmalıdır. İnsan ləyaqətini alçaldanlara qarşı ciddi cəza görülməsini tələb edirik. Ümidvar olduğumu bildirmək istəyirəm ki, hansı düşərgəni təmsil edib-etməməsindən asılı olmayaraq, müraciətimə ciddi yanaşacaqsınız. Baxışlarımız, siyasi düşərgəmiz, yolumuz və əqidəmiz fərqli olsa da, bizi birləşdirən dəyər var. Bu da Konstitusiyanın hər bir vətəndaşa vəd etdiyi ədalət prinsipidir. Bunu əsas tutaraq, hərəkət edəcəyinizə ümidvarıq.
1094 dəfə oxundu