“Benzinin qiyməti ona görə ucuzlaşmır ki...“ - Qubad İbadoğlu

“Benzinin qiyməti ona görə ucuzlaşmır ki...“ -


İqtisadçı alim Qubad İbadoğlu dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı bir çox ölkələrdə neft məhsullarınını, xüsusilə də benzinin qiymətinin düşməsi məsələsinə toxunaraq, ölkəmizdə nədən qiymətlərin endirilməməsinin səbəbləri barədə status yazıb.

GUNDEMİNFO.AZ Qubad İbadoğlunun həmin statusunu oxucularımıza təqdim edir:

"Hər bir əmtəə həm istehlakçılar, həm də istehsalçılar üçün maksimum faydanı təmin etməlidir. Qiymətləri sərbəst olan əmtəələrin satışından formalaşan fayda bazar tarazlığı, qiymətləri dövlət tərəfindən tənzimlənən əmtəələrin reallaşırılmasından faydalar isə Tarif Şurası vasitəsilə təmin olunmalıdır. Tarif Şurası korporativ maraqlardan çıxış edəndə istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi sistemi işə düşməlidir. Azərbaycanda bu sistemə nəzarəti İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir. Eyni zamanda qiymətləri tənzimlənən məhsullar üzrə istehlakçılarla istehsalçılar arasındakı tarazlığı qorumalı olan Tarif Şurasına da İqtisadiyyat və Sənaye naziri rəhbərlik edir. Bir mərkəzdən idarə olunan və iki funksiyasını həyata keçirən dövlət qurumu istehlakçı maraqlarını arxa plana çəkib, şirkət maraqlarını üstün tutduğundan benzinin, qazın, elektrik enerjisinin qiymətinin ucuzlaşacağını gözləməyə dəymir. Əksinə, hətta mümkündür ki, dövlət şirkətlərinin dünya bazarındakı qiymət ucuzlaşmasından itirdiklərini kompensasiya etmək üçün Tarif Şurası yaxın gələcəkdə daxili bazar qiymətlərinin bahalaşması ilə bağlı yeni qərarlar versin.

Odur ki, Tarif Şurasının və ARDNŞ-nin bu məsələyə dair verdiyi son açıqlamalarda nə iqtisadi qanunauyğunluq və nə də saglam məntiq axtarmağa dəyməz. Çünki, ölkədə istehlakçı cəmiyyəti formalaşmayıb, iqtisadiyyatda istehlakçının rolu çox aşağıdır, onların rəyi nəzərə alınmır. Ona görə də mümkün iqtisadi imkanlardan həmişə birmənalı şəkildə təbii və bazar inhisarçıları faydalanacaqlar. Onlar bazar sistemində buna hökmran mövqelərini saxlamaqla, ictimai məhsul və xidmətlərin satışında isə korporativ marağa xidmət edən Tarif Şurası vasitəsilə nail olurlar. Nə qədər ki bu vəziyyət davam edəcək, o qədər də bu proseslərdən uduzan yenə də biz istehlakçılar olacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...