YAP İdarə Heyəti üzvlərindən 7 nəfərin deputatlığa namizədliyi irəli sürülüb
Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin yeddi üzvünün deputatlığa namizədliyi irəli sürülüb.
"Report"un məlumatına görə, YAP-ın açıqladığı deputatlığa namizədlər siyahısında partiyanın İdarə Heyətinə daxil olan 7 nəfərin adı var.
Hakim partiya 14 saylı Xəzər Seçki Dairəsindən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun, 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən YAP icra katibinin müavini, hazırda Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzovun, 61 saylı Neftçala Seçki Dairəsindən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin, 84 saylı Füzuli Seçki Dairəsindən Milli Məclisin sədr müavini Bahar Muradovanın, 4 saylı Naxçıvan şəhər Seçki Dairəsindən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun və Azərbaycanın rus icmasının rəhbəri, deputat Mixail Zabelinin namizədliyini irəli sürüb. Hazırda isə YAP İdarə Heyətinin 8 üzvü deputatdır. Onlardan yalnız Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov yenidən namizəd olmayıb.
Qeyd edək ki, YAP İdarə Heyətinin 20 üzvü var. İdarə Heyətinə Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva, YAP Qadınlar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri Yusif Hümbətov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Nizami Xudiyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, partiyanın İcra Katibliyinin əməkdaşı Kərim Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov, Milli Məclisin sədr müavini Bahar Muradova, parlamentin İntizam komissiyasının sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri, deputat Vasif Talıbov, Milli Məclisin deputatı Mixail Zabelin daxildir.
1501 dəfə oxundu