“Karantin müddəti uzadıla bilər” - Komitə sədrindən xəbərdarlıq

“Karantin müddəti uzadıla bilər” -

"Son günlər insanlar karantin rejiminin yumşaldılmasını tamam başqa cür başa düşürlər. Elə bilirlər ki, koronavirus təhlükəsi aradan qalxıb və karantin qaydalarına riayət etməyə ehtiyac yoxdur".

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, koronavirus təhlükəsi hələ də davam edir, insanlar mütləq şəkildə qaydalara əməl etməlidirlər: “Hər kəs başa düşməlidir ki, bütün dünyada koronavirus pandemiyasına son qoyulana qədər xəstəliyin təhlükəsi qalır. Azərbaycan buna uyğun olaraq qoruyucu tədbirlər görür. Təəssüflər olsun ki, bəzi insanlarımızın ya intizam mədəniyyəti, ya səhiyyə mədəniyyəti kifayət qədər deyil, ya da məsuliyyət hissi aşağıdır. Prezident İlham Əliyev bütün görüşlərində vətəndaşlarımızı bu məsələdə çox məsuliyyətlıi olmağa dəvət edib. Bu, hər kəsin öz fərdi sağlamlığı deyil, onun ailəsinin, ünsiyyətdə olduğu sevdiyi insanların və tanımadığı insanların sağlamlığının qorunması və bütövlükdə cəmiyyət qarşısında məsuliyyətidir. İnsanlar karantin yumşalandan sonra eyni davranışlara davam etsələr, ikinci dalğa başlayar ki, bir çox ölkələrdə artıq bunun siqnalları var. Nəticədə karantin müddəti uzadıla bilər. Biz daha uzun müddətli və ciddi karantin rejiminə keçməli olarıq ki, bu da sosial həyatımıza, iqtisadi həyatımıza və psixoloji durumumuza ciddi təsir edər. Burada hər kəs cəmiyyətin bir parçası olaraq məsuliyyət hiss etməlidir. Dərk etməlidirlər ki, zərurət olmadığı hallarda evdən çıxmağa ehtiyac yoxdur”.

M.Quliyev bildirib ki, insanlar sanitar qaydalara riayyət etməli, sosial məsafəni qorumalıdır. Bundan başqa, qoruyucu vasitələrdən istifadə etmək də vacibdir.

“Ola bilsin ki, rejim uzun müddət qüvvədə qalar. Cəmiyyət olaraq yeni yaşam qaydalarına öyrəşməliyik, əvvəlki yaşam qaydaları, müəyyən tədbirlər, mərasimlər bəlkə ümumiyyətlə olmayacaq. İnsanlar psixoloji olaraq buna hazırlaşmalıdır. Yoluxanlarla müqayisədə sağalan xəstələrin sayında müşahidə edilən müsbət dinamika bizi arxayınlaşdırmamalıdır. Virus daha geniş yayıla bilir. Hər kəs diqqətli olmalı, vəziyyətin ciddi olduğunu başa düşməlidir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...