“"Azərenerji" və “Azərsu”da audit tədbirləri yekunlaşır” - Hesablama Palatasının sədri

“"Azərenerji" və “Azərsu”da audit tədbirləri yekunlaşır” -


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun APA TV-yə müsahibəsini təqdim edir:

- Hesablama Palatası ötən ildən başlayaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada illik fəaliyyəti ilə bağlı hesabat verir. Bundan başqa rəhbərlik etdiyiniz qurum 6 ay ərzində həyata keçirilmiş nəzarət tədbirləri üzrə məlumatlar təqdim edir. Bu baxımdan 2015-ci ilin 10 ayı ərzində şəffaflığın təminatı ilə bağlı atdığınız addımları necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, dövlət büdcəsi vəsaitlərindən istifadə edən bütün qurumlar Hesablama Palatasının nəzarət tədbirlərinin obyektidir. 2015-ci ilin sentyabrında Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatı "Açıq büdcə indeksi-2015" hesabatını açıqlayıb. Hesabatda təşkilat Azərbaycanın dövlət büdcəsi haqqında məlumatların açıqlanma səviyyəsinə görə son hesabatından bu dövrə qədər müəyyən addımlar atıldığını göstərib və bu fəaliyyəti 51 balla qiymətləndirib. Eyni zamanda dövlət büdcəsinə nəzarət edən orqanın - Hesablama Palatasının fəaliyyətinə verilən qiymət 8 bal artıraraq 50 bala çatdırılıb. Son iki ildə artırılmış bu qiymət Hesablama Palatasının dövlət büdcəsinin icrasına, büdcə layihəsinə verdiyi rəylərin təkmilləşməsi, verilən informasiyanın tutumluluq və sanballılıq səviyyəsinin artırılması ilə bağlı verdiyi qiymətdir. Bundan başqa bu hesabatda Hesablama Palatasının fəaliyyətinə dair müəyyən tövsiyələr də var. Tövsiyələrlə əlaqədar Hesablama Palatası özünün yeni qanun layihəsini işləyib hazırlayıb.

Palata yeni qanun layihəsi və bu layihədən ortaya çıxan məsələlərin həlli məqsədi ilə audit tədbirlərinin ictimaiyyətə çatdırılması üçün yeni sayt hazırlayıb. Tezliklə Palatanın rəsmi internet saytı ictimaiyyətə təqdim ediləcək. Saytın yeni formatı istifadəyə verildikdən sonra Hesablama Palatasının sona çatmış nəzarət tədbirlərinin nəticələrinə dair bütün məlumatlar ictimaiyyət üçün açıq olacaq və saytda öz əksini tapacaq. Bu məlumatların forması, məzmunu, formatı isə Hesablama Palatasının kollegiyasının verdiyi müvafiq qərardan asılı olacaq. Nəzarət tədbirlərinin nəticələrinin daim ictimaiyyətə çatdırılmasını isə şəffaflığın təmin edilməsi istiqamətində mühüm və vacib addım hesab etmək olar.

- Antikorrupsiya siyasəti Azərbaycan hökumətinin fəaliyyətində əsas prioritetlərdən biridir. Bu siyasətin daha effektiv həyata keçirilməsində Hesablama Palatasının rolu nədən ibarətdir?

- Antikorrupsiya siyasəti Azərbaycan prezidenti İlham Əliyevin prioritet hesab etdiyi məsələlər sırasındadır. Bununla bağlı Azərbaycanda möhkəm və sivil qanunvericilik bazası mövcuddur. Bu qanunvericilik bazası ilə yanaşı müvafiq qurumlar nəzarət tədbirlərini daim həyata keçirir. Hesablama Palatasının antikorrupsiya fəaliyyəti onun apardığı nəzarət tədbirlərinin nəticələri, eləcə də Palatanın dövlət büdcəsinin icrasına və layihəsinə verdiyi rəylər illik hesabatlarda, həmçinin büdcəyə dair, bu sahəni tənzimləyən qanunvericiliyə dair verdiyi təkliflərdə özünü göstərir. Əsas fəaliyyət bundan ibarətdir. Bundan başqa cari ildə bir audit tədbirinin nəticələri qanunvericiliyə əsasən böyük miqdarda dövlətə ziyan vurma ehtimalı olduğu nəzərə alınaraq Baş Prokurorluğa göndərilib.

Ümumiyyətlə, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mütərəqqi hüquqi baza yaradılıb. Hesablama Palatası istintaq orqanı deyil və əsas vəzifəsi maliyyə və normativ pozuntularının profilaktikası və aradan qaldırılması məqsədilə büdcə vəsaitlərindən istifadənin auditidir.

- Sizin apardığınız auditin nəticələri əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar aparılırmı? Yoxsa təftişin nəticələrini Milli Məclisə təqdim etməklə kifayətlənirsiniz?

- Xeyr, Hesablama Palatası ilə Baş Prokurorluq arasında razılaşma memorandumu imzalanıb. Bütün nəzarət tədbirlərinin nəticələri, yəni dövlət büdcəsinə vurulmuş ziyan, onun bərpası və günahkar şəxslərin cəzalandırılması ilə bağlı hesabatlar ilin sonunda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim olunur. Bununla bağlı birgə fəaliyyət proqramı var. Bu fəaliyyət proqramına əsasən tədbirlər həyata keçirilir, icra olunur.

- Hazırda Hesablama Palatasının həyata keçirdiyi hansı audit tədbirləri yekunlaşıb, hansıların icrası davam edir?

- Hazırda bir neçə audit tədbirləri üzrə nəticələr artıq yekunlaşıb. "Azərenerji"ASC -də dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitin auditi üzrə tədbir artıq yekunlaşmaq ərəfəsindədir. "Azərsu" ASC-yə iki beynəlxalq layihə üzrə ayrılmış vəsaitin auditi üzrə nəzarət tədbirləri də yekunlaşır. Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə ayrılmış vəsaitlərin auditi üzrə nəzarət tədbirləri artıq bitmək üzrədir. Bundan başqa, Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə də dövlət büdcəsindən ayrılmış vəsaitin auditi üzrə nəzarət tədbirlərini yekunlaşdırırıq. Audit tədbirlərinin icrasına gəlincə, hazırda Hesablama Palatası Lənkəran Mərkəzi Rayon Xəstəxanası, İsmayıllı Rayon Təhsil Şöbəsində audit tədbirlərini davam etdirir. Bu tədbirlər də tezliklə yekunlaşacaq. Həmçinin Saatlı rayonuna dövlət əsaslı vəsait qoyuluşu xərclərinə ayrılan vəsaitin auditi üzrə tədbirlər davam etməkdədir.

- Son dövrlərdə müşahidə edilən qlobal makroiqtisadi şərait dövlət büdcəsi vəsaitlərinin daha qənaətli və səmərəli icrasını tələb edir. Bununla bağlı fikirlərinizi bilmək istərdik. Konkret olaraq Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsindən azalmaları necə qiymətləndirir?

- Cari dövrün xüsusilə həssas bir dövr olduğunu, növbəti ildə də dövlət vəsaitlərinin istifadəsi ilə yanaşı, proqnozlaşdırılmasına da ehtiyatlı yanaşmanın zəruriliyini əsas tutaraq, palata öz təkliflərini 2016-cı ilin büdcə müzakirələrində nəzərə alınması məqsədilə Milli Məclisə təqdim edib. Həm bu təkliflər, həm də palatanın büdcə layihələri və dövlət büdcəsinin icrası ilə bağlı rəylərində əks olunan təkliflərin müəyyən hissəsi məhz bu məqsədi daşıyır.

Cari xərclərin azaldılması 2016-cı ildə nəzərdə tutulmayıb. Kiçik azalmalar var ki, bu da əsasən cari təmir xərclərində, xarici ezamiyyə xərclərində özünü büruzə verəcək. Hesablama Palatası belə qənaətdədir ki, bu azalma deyil, sadəcə qənaət etməkdir. Büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinin bir yolu da həmin vəsaitlərin əsaslı planlaşdırılması və proqnozlaşdırılmasıdır. Başqa sözlə desək, xüsusilə bu həssas dövrdə tədbirlərin müəyyən edilmiş hədəf və vəzifələrə uyğunlaşdırılmasını təmin etmək vacibdir. Tədbir və hədəflərin uzlaşdırılması, eyni zamanda, büdcənin qənaətli icrası, həmçinin, dövlət borcunun optimal idarə edilməsi, son nəticədə, Dövlət Neft Fondundan transfertlərin məbləğinin azaldılmasını, nəticəliliyin əldə olunmasını da təmin edər. Əsas məqsəd xərclərin azaldılması deyil.

Büdcə xərclərinin müəyyən hissəsinin multiplikativ effektlə iqtisadi artıma dəstək olduğu nəzərə alınmalıdır. Xərclər dövlət başçısının müəyyən etdiyi prioritet istiqamətlərin icrasını tam şəkildə təmin etməlidir. Bu istiqamətdə isə səmərəlilik və qənaətlilik meyarları önə çıxır. İnanırıq ki, hər il olduğu kimi, növbəti ilin büdcəsi də ölkənin inkişaf prioritetlərinə uyğun tərtib və təsdiq ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1085 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...