Polad Bülbüloğlunun çıxışı ilə bağlı səfirlikdən açıqlama

Polad Bülbüloğlunun çıxışı ilə bağlı səfirlikdən açıqlama
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun səfirliyin qarşısına toplaşan həmyerlilərimizlə söhbəti xəbəri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Gundeminfo.az xəbər verir ki, yayılan xəbərlərdə görüşün dünən – iyulun 24-ü keçirildiyi göstərilib. Eyni zamanda məlumat səfirin ermənilərin təxribatı nəticəsində azərbaycanlılarla toqquşma yaratmaq cəhdlərinə münasibət bildirdiyi kimi təqdim edilib.

Polad Bülbüloğlunun səfirliyin önündə dediyi “Heç vaxt yaddan çıxarmaq lazım deyil ki, Rusiyada yaşayırsınız və əksəriyyətiniz də Rusiya vətəndaşısınız. Bu ölkə sizə çörək verir” sözləri birmənalı qarşılanmayıb.

Azərbaycanın Rusiyadakı səfirliyi bu xəbərlə bağlı açıqlama yayıb. Səfirlikdən Azərtac-a verilən məlumata görə, iyulun 24-də səfirliyinin qarşısında heç bir toplantı olmayıb:

“Bəzi kütləvi informasiya vasitələrinin iyulun 24-də Moskvadakı səfirliyimizin qarşısında toplantı olması və səfir Polad Bülbüloğlunun toplaşanlarla görüşməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil”.

Səfirlikdən bildiriblər ki, iyulun 15-də Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədilə səfirliyin binasının önünə gəlməsi və səfir Polad Bülbüloğlunun onlarla görüşməsi barədə Kütləvi İnformasiya Vasitələrinə geniş məlumat da verilmişdi. Səfirliyin məlumatında deyilir: “Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxararaq təxribata əl atıb və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər verib”.

“İyulun 24-də səfirliyin qarşısında heç bir toplantı olmayıb. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya xarakterli məlumat yayanlar səfirliyin onsuz da gərgin işinə maneə törədirlər”, - deyə məlumatda qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...