Ukraynada azərbaycanlı diaspor rəhbərini öldürənlərin biri tutuldu

Ukraynada azərbaycanlı diaspor rəhbərini öldürənlərin biri tutuldu

Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində şübhəli bilinən daha iki nəfərin kimliyi məlum olub. İ. Tağıyevin oğlu Sərxan Tağıyev APA-ya bildirib ki, bunlar Ukrayna vətəndaşı, 1992-ci ildə Luqanskda doğulmuş Allahverdiyev Naim Balakişi oğlu və 1973-cü il təvəllüdlü Məmmədov İlham Qalib oğludur.

S. Tağıyevin sözlərinə görə, milisin keçirdiyi əməliyyat nəticəsində N. Allahverdiyev tutulsa da, İ. Məmmədov qaça bilib.

Onun Ukrayna hüdudlarını tərk edərək İrana qaçdığı ehtimal olunur. Qeyd edək ki, İ. Tağıyevin qətli ilə bağlı bu ayın əvvəlində milliyyətcə erməni olan Sergey Karapetyan və Xaçik Montiyan milis tərəfindən saxlanılıb. Bu qrupun daha iki azərbaycanlı iş adamı Vüqar Nuruşov və Təbriz Ələkbərovu da öldürdüyü məlum olub. Azərbaycanlıların yaxınları qətllərin sifarişində azərbaycanlılara qarşı nifrəti ilə seçilən Ukrayna vətəndaşı, keçmiş general, erməni iş adamı Luqasyanın əli olduğunu bildirirlər.

Xatırladaq ki, bu ilin avqust 17-də İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib. Bundan bir müddət əvvəl isə digər azərbaycanlı iş adamı Vüqar Nuruşov döyülərək öldürülüb, onun meyiti işgəncə nəticəsində tanınmaz hala düşüb. Luqanskdan Xersona köçmüş, biznesini və diaspor fəaliyyətini burada bərpa etmək istəyən 1986-cı il təvəllüdlü, əslən Masallı rayonundan olan Ələkbərov Təbriz Cəsur oğlu isə iyulun 13-də Xerson vilayətinin Skadovsk rayonunda yoxa çıxıb. Az sonra onun da meyiti tapılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...